Tələsik qərarlar Türkiyə və Azərbaycanı münaqişəyə sürükləyə bilər
Yaxın Şərq regionu İran, ABŞ və İsrail arasında alovlanan müharibənin təsiri ilə humanitar və siyasi böhranın mərkəzinə çevrilib. Münaqişə ötən ilki müharibənin müddətini də aşaraq, 14-cü günə daxil olub. Tərəflər, strateji obyektləri və hökumət binalarını bombalamaqla yanaşı, mülki infrastrukturları da hədəf almaqdan çəkinmirlər. İnformasiya məkanı isə liderlərin sərt bəyanatları ilə açıq qarşıdurma meydanına çevrilib. İranın yeni ali dini lideri Möctəba Xamenei İsrail və ABŞ ilə münaqişənin davam etməsi halında "yeni cəbhələr açacağını" vəd edib. Amerika lideri Donald Tramp isə məqsədlərinə çatana qədər müharibəni sonlandırmayacaqlarını bildirib. Regiondakı müharibə qonşu ölkələrə də təhlükə saçmağa davam edir. Ötən gün İrandan Türkiyənin hava məkanına 3-cü dəfə daxil olan raket, NATO-nun müdafiə sistemləri tərəfindən məhv edilib. Rəsmi Tehran, hücumların onlara aid olmadığını açıqlayaraq, hadisənin araşdırılması üçün Ankara ilə birgə istintaq aparmağı təklif edib. İran prezidenti Məsud Pezeşkian “təxribatçı əməllər”in arxasında ABŞ və İsrailin dayandığını iddia edir. Bir sözlə, məsuliyyət “futbol topu” kimi tərəflər arasında bir-birinə ötürülür. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bugünki çıxışı ilə diqqət mərkəzində olub. Prezident Türkiyəni münaqişəyə cəlb etməyə yönələn təxribat və provokasiyalara qarşı son dərəcə ehtiyatlı olduqlarını açıqlayıb.
Mövzu ilə bağlı xarici siyasət üzrə türk ekspert Aydın Sezer Sherg.az-a bildirib ki, Türkiyə ərazisinə düşən raket qalıqlarının Amerika istehsalı olduğu ortaya çıxdı:
“İrandan üçüncü dəfə Türkiyənin hava məkanına doğru buraxıldığı iddia edilən raketlər, NATO-nun hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanaraq zərərsizləşdirilib. İranın iki istiqamətdən hücumlara məruz qaldığı şəraitdə, ölkənin hərbi strukturlarında mərkəzi idarəetmənin koordinasiyalı şəkildə fəaliyyət göstərməməsi ehtimalı da nəzərə alınmalıdır. İran ərazisindən buraxılan, raketlər texniki xəta nəticəsində Türkiyə ərazisinə yönəlmiş ola bilər. Digər mühüm ehtimallardan biri isə hadisənin məqsədli təxribat xarakteri daşımasıdır. Xüsusilə Mossada bağlı agent şəbəkələrinin belə bir senarini təşkil etməsi ehtimalı da diqqətdə olmalıdır. Xatırlayırsınızsa, İranın ali dini lideri Əli Xamenei də İsrailin kəşfiyyat əməliyyatlarının qurbanına çevrilmişdi”.
Analitik, İranın Azərbaycan və Türkiyəyə qarşı hücumlarının arxasında tutarlı səbəb tapa bilmədiyini qeyd edib:
“İranın rəsmi qurumları dəfələrlə, Naxçıvana və Türkiyəyə raket atmadıqlarını bəyan ediblər. Diplomatik baxımdan bu bəyanatları qəbul etsək də, raketlərin həqiqətən İran ərazisindən buraxılmadığına inanmaq düzgün olmaz. Məsələyə son dərəcə həssas və ehtiyatlı yanaşmaq lazımdır. Şübhəsiz ki, Azərbaycan və Türkiyəni təxribatlar vasitəsilə İranla birbaşa qarşıdurmaya sürükləmək istəyən qüvvələr var. Regionda həm Mossadın agent şəbəkələri, həm də SEPAH strukturlarına sızmış casus qrupları aktiv şəkildə fəaliyyət göstərir. Axı, müharibədə İrana diplomatik dəstək verən, Türkiyə niyə görə onların hədəfinə çevrilməlidir? Məhz buna görə, Türkiyə ilə Azərbaycan məsələyə son dərəcə diqqətli yanaşmalıdır. Tələsik qərarlar nəticəsində Türkiyə və Azərbaycanın münaqişəyə cəlb olunması, bölgədə insan tələfatını artıraraq ölkələri uçuruma sürükləyə bilər”.