İran sazişə əməl etməsə, Venesueladan betər vəziyyətə salacaqlar - Əjdər Tağızadə

  • "Molla rejimi başını yerə qoymağa başlayıb. Əmin olun ki, onların sonu gələnədək regionda həbri toqquşmalar bitməyəcək"
  • İranda xalq artıq hökumətdən hesab soruşur. İranın ən böyük qorxusu daxildə başlayan narazılıqdır

Yaxın Şərqdə vəziyyət yenə qarışıb. Livan və İsrail höküməti arasında imzalanan çərçivə sazişi, regionda mübaribənin sona çatdığına dair ümidləri artırsa da, SEPAH-ın mülki gəmiyə endirdiyi zərbə diplomatik səyləri iflasa uğradıb.

Hadisə iyunun 25-də baş verib. İran ordusu Hörmüz boğazında Sinqapur bayrağı altında üzən yük gəmisinə dron vasitəsilə hücum edib. ABŞ Prezidenti Donald Tramp zərbənin cavabsız qalmayacağını açıqlayıb. Açıqlamadan dərhal sonra, ABŞ ordusu İranın raket və dron anbarlarını bombalayıb. Bu, tərəflər arasında iyunun 18-də imzalanan memorandumdan sonra ilk qarşılıqlı hücum aktıdır. Rəsmi Tehran, Vaşinqtonla danışıqlar masasına əyləşmək üçün Livan da daxil olmaqla, bütün regionda hərbi əməliyyatların dayandırılmasını ilkin şərt kimi irəli sürmüşdü. Hazırda baş verən proseslər İranın tələb etdiyi əsas şərtin, məhz özü tərəfindən pozulduğunu göstərir. Bütün regionda atəşkəs bərqərar olmuşkən, İranın mülki gəmiyə hücumu hər kəsdə təəccüb doğurub. Hazırda proseslərin hansı istiqamətə yol alacağı sual altındadır.

Mövzu ilə bağlı Güneyli siyasətçi Əjdər Tağızadə Sherg.az-a bildirib ki, İranın körfəzdən Pakistan sərhədlərinə qədər gəmi əleyhinə raket sistemləri, sahil müdafiə qurğuları var:

“SEPAH ticarət gəmisini bombalamaqla, Hörmüzün tək sahibinin İran olduğunu göstərməyə çalışdı. Artıq İran daxilində də xalq hərəkətlənməyə başlayıb. İran höküməti müharibə yenicə başlayanda, xalqı ABŞ ilə mübarizəyə çağırıb, küçələrə tökdülər. Nə qədər insan meydanlarda bombanın təsirindən torpağa qarışdı. İndi xalq açıq şəkildə hökumətdən soruşur: Əgər sonda saziş imzalanacaqdısa, niyə regiona müharibə gətirərək bu qədər insanın həyatını itirməsinə səbəb oldunuz? İran ölkədə müharibə dönəmində xalqın durumunu və itkiləri gizlətmək üçün interneti də bağladı. Tələbələri damlardan atan Qalibaf indi İranda parlament sədri olub. O, Bakıya gəlib, ağız dolusu ABŞ-ni məğlub etdiklərindən bəhs etdi. Halbu ki, İsrail və ABŞ ordusu müharibə dönəmində onların hərbi hava və dəniz qüvvələrini yerlə-yeksan elədi. Bunu hamı bilir”. 

Siyasətçinin sözlərinə görə, Pezeşkian İranın məğlubiyyətini ölkənin mövcud durumunu izah etməklə göstərdi: 

“İran ABŞ ilə müəyyən bəndlərdə razılığa gəlsə də, görüntüdə başqa effekt yaratmağa çalışır. 47 ildir ki, onlar bu taktikayla hərəkət edirlər. Livanı qarışdıran da İrana bağlı Hizbullah qruplaşmasıdır. Livan xalqı da, İsarilin hücumlarının səbəbini Hizbullaha bağlayır. İran höküməti Livana zərbələrin dayandırılmasını sazişin əsas şərti kimi diktə etsə də, ölkənin qarışmasına səbəb olan da onlardır. Heç kim İrana demir ki, Livan İrandan ayrı və müstəqil dövlətdir. Onların qərarlarına və qanunlarına müdaxilə etmək suverenliyin pozulması anlamına gəlir. İnanın ki, Hizbullah və İran işə qarışmasa, Livan höküməti ilə İsrail sazişin bəndlərinə sadiq qalar. Müharibə dönəmində qonşu dövlətləri süzgəcə çevirən Tehran höküməti, indi Məhərrəmlik ayında onlara “qardaş” deməyə başlayıb”. 

Ə.Tağızadənin fikrincə, İran heç bir dövləti özünə dost və qonşu bilmir:

“Qalibaf Bakıya gəlib, Zəngəzur dəhlizindən danışdı. Yanında oturan deputatlardan heç biri onun ağzının payını vermədi. Axı Qalibaf İrana aid olmayan layihədən necə danışa bilər? Müharibə dönəmində Naxçıvana atılan dronların hesabını verməkdənsə, Zəngəzur dəhlizindən danışır. İran nümayəndə heyyəti Pakistan danışıqlarından öncə görüşün İstanbulda baş tutmasını istəyirdi. Həmin vaxt Hakan Fidan İran rəsmilərinin neft və digər sahələrdə ABŞ-yə müəyyən güzəştlər etməyə hazır olduqları barədə məlumat çatdırmışdı. Onlar verdikləri sözlərə əməl etmədilər. Trampın bu gün bir cür, ertəsi gün isə tam fərqli mövqedən danışdıqlarını deyirdilər. Bu ziddiyyətlərin səbəbi, İran nümayəndələrinin pərdəarxasında ABŞ-yə ziddiyyətli və bir-birini təkzib edən vədlər verməsi ilə bağlıdır”. 

Ekspertin qənaətinə görə, faktiki olaraq ABŞ İrana qalib gəlib:

“Hələ də İran səmasında ABŞ təyyarələri uçur. Bunu Amerikanı sevdiyimə görə demirəm. İranla imzalanan sazişə daxil olan şərtlər tamamilə Tehran hökümətinin xeyrinə idi. İndi bilirsiz nə olacaq? Tramp konqres nümayəndələrinə İrana bir şans verdiyini, lakin bunu düzgün qiymətləndirmədiklərini deməklə, onları öz tərəfinə çəkəcək. İran sazişə daxil olan bəndlərə əməl etməsə, bölgəni Venesueladan da betər vəziyyətə salacaqlar. İsrail və ABŞ-nin hücumlarından sonra Yəməndəki Husilər, Livandakı Hizbullah və İordan çayının qərb sahilində fəaliyyət göstərən Fələstin İslami Cihad silahlı qruplaşmalarının üzvləri silahlarını ataraq qaçıblar. Proksi qüvvələrini itirən İran höküməti, sıxışmış vəziyyətdədir. Tutaq ki, ABŞ və İran arasında müharibə tamamilə bitdi. Bu zaman molla rejimi iqtisadi, sosial sahədə ağır vəziyyətə düşən xalqın mübarizəsinə necə tab gətirəcək?”

Siyasətçi, İranda molla rejimi hakimiyyətdə qaldığı müddətdə ölkənin başından müsibətlərin əskik olmayacağını bildirib:

"İran höküməti region ölkələrinin hər birini təhdid edir. Onların hamısı İrandakı rejimin son qalıntılarının məhv edilməsinə razıdır. Molla rejimi başını yerə qoymağa başlayıb. Əmin olun ki, onların sonu gələnədək regionda həbri toqquşmalar bitməyəcək. İran höküməti, Güney Azərbaycanda bacı, qardaşlarımızı dəhşətli dərəcədə sıxır. İraq-İran müharibəsi dövründə onların törətdikləri əməlləri öz gözümlə görmüşəm. Səsini çıxaran hər kəsi həbsxanalarda amansız işgəncələrə məruz qoydular. Deyirlər ki, İranda azərbaycanlıların sayı farslardan çoxdur. Amma heç kim onların taleyi ilə maraqlanmır. Xəbərlərdə yer alan edamlarda asılanların əksəriyyəti azərbaycan türkləridir. Bir türkdən yox, bütöv Azərbaycanın məhv edilməsindən söhbət gedir”.

Ə. Tağızadə onu da qeyd edib ki, Cənubi Azərbaycan 1945-1946-cı illərdəki vəziyyətə qaytarılıb:

“İnsanlar öz vətənləri Azərbaycanın adını belə çəkə bilmir. Səsini çıxaranı çəkinmədən asıb-kəsirlər. Pəhləvilər devriləndə millətin böyük ümidləri var idi. Molla rejimi onlardan da betər çıxdı. Əli Xamenei millət və ümmət şüarları altında, İranı xaraba qoydu. İran dini əsaslar üzərində qurulan dövlət kimi təqdim edilsə də, hakimiyyətin insanlara qarşı amansız rəftarı nəinki qanuna, dinə belə sığmaz”.