“İranda çox sayda insan çörəyə möhtacdır, bir çox vətəndaş gündə cəmi bir dəfə yeməyi güclə tapa bilir”.
Teleqraf xəbər verir ki, bunu İranın Zahedan şəhərindəki sünni icmasının imam-cüməsi Mövləvi Əbdülhəmid cümə namazının xütbəsində deyib.
Din adamı on gündən çoxdur İranda davam edən kütləvi etirazların əsaslı olduğunu bildirib.
Əbdülhəmid qeyd edib ki, ölkənin milli sərvətləri talanıb, İran xalqı son illərdə dəfələrlə etiraz edib və qurbanlar verib:
“Ölkə elə bir vəziyyətə gəlib çatıb ki, aclıq səbəbindən qəbiristanlığa çevrilə bilər”.
Zahedanın sünni icmasının imam-cüməsi son etirazlara işarə edərək vurğulayıb: “Dünən gecə hər kəs şahid oldu ki, İran xalqı bütün siyasi fərqliliklərdən asılı olmayaraq, meydanlara çıxıb. İnsanlar öz şərəf və ləyaqəti üçün ayağa qalxıblar”.
O əlavə edib ki, İran xalqı layiqli şəxsləri hakimiyyət başına gətirmək qərarındadır: “Etirazçıların şüarları da göstərir ki, xalq azadlıq və ədalət istəyir”.
Əbdülhəmid xütbəsinin sonunda hərbi və təhlükəsizlik qüvvələrinə müraciət edib: “İran xalqının qarşısında dayanmayın, bu gün xalqın istəyi 1979-cu ildəki istəklərindən daha güclüdür”.