İsraildə parlament seçkiləri fonunda siyasi gərginlik artıb. Baş nazir Benyamin Netanyahu səsvermə davam edərkən ərəb seçicilərin fəallığının yüksəlməsinə diqqət çəkərək tərəfdarlarını təcili şəkildə seçki məntəqələrinə getməyə çağırıb.
Sherg.az xəbər verir ki, Türkiyənin “Milliyet” nəşrinin məlumatına görə, Netanyahu sosial şəbəkədəki paylaşımında “Bu, fövqəladə vəziyyət çağırışıdır. Dərhal gedib səs verin. Ərəblərin səsvermə faizi artır. Ayılmalıyıq, evdə qalmaq olmaz”, - deyə bildirib.
Seçki günü Bney-Brak, Modiin-İllit və Qüdsdə Haredi İctimai Partiyasına məxsus bülletenlərin seçki məntəqələrindən götürüldüyü və ya digər partiyaların bülletenlərinin altında gizlədildiyi barədə şikayətlər daxil olub. Vətəndaş Seçki Mühafizəçiləri Təşkilatı bununla bağlı 23 məlumat aldığını açıqlayıb.
Bundan başqa, müxalifətdəki Demokratlar Partiyasının lideri Yair Qolana Təl-Əvivdə seçki kampaniyası zamanı bıçaqla yaxınlaşan şübhəli şəxs saxlanılıb. Məlumata görə, mühafizəçilər şübhəlini zərərsizləşdirərək polisə təhvil veriblər.
Seçkidən sonra dörd mümkün ssenari
Siyasi şərhçi Vadi Əbu Nassar seçkilərdən sonra hökumətin formalaşdırılması ilə bağlı dörd mümkün ssenari irəli sürüb:
- Koalisiya hökuməti: Netanyahu və ya onun əsas rəqibi Qadi Ayzenkotun digər partiyalarla razılaşaraq hökumət qurması.
- Ərəb partiyalarının dəstəklədiyi azlıq hökuməti: Ərəb partiyalarının hökumətə daxil olmadan müxalifət blokuna dəstək verməsi.
- Milli birlik hökuməti: Netanyahu ilə Ayzenkotun siyasi qüvvələrinin eyni hökumətdə təmsil olunması.
- Təkrar seçkilər: Heç bir siyasi blokun hökumət qurmaq üçün lazımi dəstəyi toplaya bilməməsi halında yenidən səsverməyə gedilməsi.
Nəşrin məlumatına görə, sorğular nə Netanyahuya yaxın blokun, nə də Ayzenkotun rəhbərlik etdiyi qüvvələrin parlamentdə hökumət qurmaq üçün tələb olunan 61 mandatı təkbaşına əldə edə biləcəyini göstərir. Ərəb partiyalarının isə ümumilikdə 14–15 mandat qazana biləcəyi ehtimal olunur.
Seçkilərin nəticəsi korrupsiya işləri üzrə məhkəmə qarşısında olan Netanyahunun siyasi gələcəyi baxımından da mühüm əhəmiyyət daşıyır.