İran Ukraynaya cavab versə, böyük diplomatik səhv olar - Politoloq

  • "Ukraynanın dron istehsalı dünyada görünməmiş həddə çatıb"

Ukraynanın Xəzər dənizində Rusiyaya silah-sursat daşıdığı iddia edilən İran hərbi gəmisini vurması regionda yeni gərginlik dalğası yaradıb. Tehran cavab siqnalı versə də, ekspertlər bu addımın İran üçün ciddi siyasi və diplomatik nəticələr doğura biləcəyi qənaətindədir.

Politoloq Kamran Cəfərov Sherg.az-a açıqlamasında bildirib ki, baş verən hadisə təkcə hərbi insident deyil, həm də regional geosiyasi balansın dəyişdiyini göstərən mühüm mesajdır.

Onun sözlərinə görə, İran Ukraynaya cavab vermək istəsə, çox böyük diplomatik səhv etmiş olar:

“Rusiyadan İrana gedən gəminin vurulması Ukraynanın artıq dolayı yolla deyil, bilavasitə ABŞ-İran müharibəsində tərəf kimi çıxış etməsi deməkdir. Yəni söhbət artıq bəyanatlar və diplomatiya səviyyəsindən yox, birbaşa hərbi müstəvidə ABŞ-nin müttəfiqi kimi çıxış etməkdən gedir. Beş il əvvəl belə bir hadisəni təsəvvür etmək mümkün deyildi ki, Ukrayna diplomatik masanın subyektinə çevriləcək, qərarlar verəcək və regional geosiyasi aktor olacaq. Ukrayna bu addımı atmaqla artıq MDB məkanında ABŞ-nin əsas müttəfiqi kimi çıxış edir. Çox nadir ölkələr var ki, ABŞ-yə elə bir dəstək verə bilsinlər və ABŞ-nin də həmin dəstəyə ehtiyacı olsun. İran məsələsində, təbii ki, amerikalıların bu dəstəyə ehtiyacı var".

Politoloq hesab edir ki, Zelenskinin ABŞ-yə səfəri və senator Lindsi Qremin dəfn mərasimində iştirakı zamanı bu hadisənin baş verməsi çox həssas məsələdir:

"Müharibənin əvvəlində Zelenski bildirirdi ki, Ukrayna ildə bir milyon dron istehsal edəcək. Bu, hamı, o cümlədən müxalifət tərəfindən gülüşlə qarşılanırdı. Hazırda isə Ukraynanın hərbi-sənaye kompleksi ildə 10 milyon dron istehsal edir. Dünyanın heç bir yerində bu qədər nəhəng istehsal yoxdur. Bu azmış kimi, gələn il 20 milyon dron istehsal etmək iddiasındadırlar. Bunlar ağlasığmaz rəqəmlərdir.

İranda isə vəziyyət çox gərgindir. Orada dini hakimiyyət artıq gedib, hazırda faktiki olaraq ölkəni hərbçilər idarə edir. Bu məsələyə İranın daxili siyasi prizmasından da baxmaq lazımdır. Ölkədə hərbi vəziyyət hökm sürür, iqtisadiyyat ağır durumdadır. Hərbçilər isə qəti şəkildə hakimiyyətdən getmək istəmirlər. Müharibə davam etdikcə onlar hakimiyyətdə qalacaqlar. Müharibə davam etdikcə isə dövlət hərtərəfli itirir. Amerikalılar müharibəni qısa müddət ərzində yekunlaşdırmaq istəsələr də, bu baş tutmadı. Bu dəfə onlar “long game” (uzun oyun) strategiyasına keçərək İranı mühasirəyə alıb hərbi-iqtisadi yollarla zəiflətməyə çalışırlar. İranın da buradan çıxış yolu yoxdur. Ukrayna məsələsində İran Rusiyanın bu günə qədər etmədiyini necə edə bilər ki? Hazırda “Ukrayna İrana heç cür cavab verə bilməyəcək” fikri çox yanlışdır. Ukrayna İrana çox ciddi zərbə endirə bilər. Onun hərbi-sənaye kompleksi də buna qadirdir. İran Ukraynaya cavab vermək istəsə, çox böyük diplomatik səhvə yol vermiş olar.”

Paşa Nuru