İrana hücumdan sonra Trampdan ilk açıqlama: “Azadlıq vaxtıdır”

ABŞ Prezidenti Donald Tramp İsrailin İrana qarşı həyata keçirdiyi hücumlardan sonra açıqlama verərək, ölkəyə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladıqlarını bildirib.

Sherg.az-ın məlumatına görə, Tramp qeyd edib ki, ABŞ ordusu İranda böyük hərbi əməliyyata start verib. Onun sözlərinə görə, əsas məqsəd İran rejimindən qaynaqlanan təcili təhdidləri aradan qaldırmaq və Amerika xalqını qorumaqdır.

ABŞ prezidentinin sözlərinə görə, Vaşinqton İranın raket potensialını hədəfə alacaq və Tehran heç vaxt nüvə silahına sahib ola bilməyəcək. Tramp bildirib ki, İranın fəaliyyəti ABŞ hərbçiləri, xaricdə yerləşən bazalar və müttəfiq ölkələr üçün təhlükə yaradır.

Çıxışı zamanı İran xalqına müraciət edən Tramp deyib:

“İşimiz bitəndən sonra hökumətinizi özünüz idarə edin. Artıq ölkə sizin olacaq. Azadlıq vaxtınız yaxınlaşır. Bu, gələcək nəsillər üçün bəlkə də yeganə şansdır.”

“Silahı yerə qoyun” çağırışı

Tramp İran İnqilab Keşikçiləri Korpusuna və təhlükəsizlik qüvvələrinə də müraciət edərək bildirib ki, silahı yerə qoyacaqları halda toxunulmazlıq əldə edə bilərlər. Əks halda isə onları ölüm gözlədiyini vurğulayıb.

Nüvə proqramı vurğusu

ABŞ-ın İran siyasətinin nüvə silahına qarşı yönəldiyini qeyd edən Tramp bildirib ki, 2025-ci ilin iyununda keçirilən “Gecəyarısı Çəkici” əməliyyatı çərçivəsində Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirilib.

Tramp əlavə edib ki, həmin əməliyyatdan sonra İran dəfələrlə xəbərdar olunub və Vaşinqton razılaşma üçün diplomatik yol axtarıb.

ABŞ prezidenti həmçinin bildirib:

“Yeganə istəyim xalq üçün azadlıqdır. Təhlükəsiz ölkə istəyirəm və bunu təmin edəcəyik.”