İranda “casusluq” ittihamı ilə 500 nəfər saxlanılıb

İranda ABŞ və İsrailin hücumları başladıqdan sonra ölkə əleyhinə casusluq fəaliyyətində ittiham olunan 500 nəfərin saxlanıldığı açıqlanıb.

Sherg.az xəbər verir ki, yarımrəsmi "Tasnim" xəbər agentliyinin məlumatına görə, İran polisinin baş direktoru Əhməd Rza Radan bildirib ki, saxlanılan şəxslərdən 250 nəfəri “Iran International” televiziya kanalına hədəflərlə bağlı kəşfiyyat məlumatları ötürməkdə, silahlı qruplarla əlaqədə olmaqda və ictimai asayişi pozmağa cəhd etməkdə ittiham olunur.

Radan saxlanılanları “casus” adlandıraraq onların düşmən qüvvələrə və İran əleyhinə fəaliyyət göstərən mediaya məlumat ötürdüyünü iddia edib.

Qeyd edək ki, İran hakimiyyəti 2022-ci ildə “Iran International” televiziya kanalını ölkədə rejim əleyhinə etirazlarla bağlı dezinformasiya yaymaq və zorakı aksiyaları təşviq etməkdə ittiham edərək terror təşkilatı elan etmişdi. Həmçinin kanal əməkdaşlarının İrandakı əmlaklarının müsadirə ediləcəyi bildirilmişdi.