İranın “görünməz lideri”: 6 aydır nə səsi eşidilir, nə də üzü görünür

  • İranda hakimiyyət savaşı başlayır. Xameneinin yoxluğu 3 ssenarini gündəmə gətirir

İranın dini lideri Müctəba Xameneinin altı aydır ictimaiyyət qarşısına çıxmaması ölkədə onun səhhəti və hakimiyyətdəki real rolu ilə bağlı sualları artırıb.

Məlumata görə, İran-ABŞ və İsrail müharibəsinin ilk günlərində hava hücumu zamanı ağır yaralanan Müctəba Xamenei daha sonra ölkənin dini lideri təyin edilib. Lakin o vaxtdan bəri onun nə fotosu, nə videosu, nə də səs yazısı yayımlanıb.

İran rəsmiləri liderin təhlükəsizlik səbəbilə ictimaiyyət qarşısına çıxmadığını və ölkəni pərdə arxasından idarə etdiyini bildirirlər. Prezident Məsud Pezeşkian isə avqustun 10-da Xamenei ilə 7 saatlıq görüş keçirdiyini açıqlayıb.

Xameneinin atasının dəfn mərasimində belə görünməməsi şübhələri daha da artırıb. Bəzi İranlılar liderin mühüm qərarlar qəbul etdiyinə inandıqlarını desələr də, onun ən azı bir dəfə ictimaiyyətə müraciət etməsini tələb edirlər.

Bu arada müharibədən sonra İran İnqilab Keşikçiləri Korpusunun hakimiyyətdə təsirinin artdığı bildirilir. İran mənbələri Xameneinin əsas qərarvermə proseslərində iştirak etdiyini və son sözün hələ də ona məxsus olduğunu iddia edir.

Lakin altı aydır liderin canlı görüntüsünün və səsinin olmaması “İranı əslində kim idarə edir?” sualını gündəmdə saxlayır.

Görünməz lider problemi: İranda hakimiyyət kimə keçir?

Müctəba Xameneinin uzun müddət ictimaiyyət qarşısında görünməməsi artıq yalnız onun səhhəti ilə bağlı məsələ deyil. Bu vəziyyət İranın siyasi sistemində hakimiyyətin faktiki olaraq hansı mərkəzdə cəmləşdiyi barədə suallar yaradır. "Reuters"in son məlumatına görə, İran rəsmiləri Xameneinin mühüm qərarlarda iştirak etdiyini bildirsələr də, onun fəaliyyətini təsdiqləyən heç bir foto, video və ya səs yazısı təqdim edilməyib. 

Burada əsas məsələ İran siyasi sisteminin xüsusiyyətləridir. Ali dini lider formal olaraq ölkənin ən yüksək siyasi-hərbi hakimiyyət mərkəzidir. Lakin lider uzun müddət fiziki olaraq görünmədikdə onun səlahiyyətlərinin təhlükəsizlik və hərbi strukturlar tərəfindən kollektiv şəkildə icra edilməsi ehtimalı güclənir. Son aylarda İnqilab Keşikçiləri Korpusunun (SEPAH)yüksək səviyyəli strukturlarda təsirinin artması da bu baxımdan diqqət çəkir. 

Xüsusilə avqust ayında bir sıra mühüm hərbi və təhlükəsizlik təyinatlarının həyata keçirilməsi göstərir ki, sistem qərarların qəbulunda institusional davamlılığı qorumağa çalışır. Bu prosesdə Xameneinin adı və səlahiyyəti əsas legitimlik mənbəyi olaraq saxlanılır, gündəlik idarəçilik isə daha çox İnqilab Keşikçiləri, Milli Təhlükəsizlik Ali Şurası və digər güc strukturları arasında bölüşdürülür. 

Əsas risk legitimlik məsələsidir

Xameneinin görünməməsinin İran hakimiyyəti üçün ən böyük təhlükəsi onun fiziki vəziyyətindən çox legitimlik probleminə çevrilməsidir. Ali lider İran siyasi sistemində yalnız simvolik fiqur deyil; o, dövlətin ideoloji və strateji istiqamətinin əsas təmsilçisidir. Buna görə də onun aylarla görünməməsi cəmiyyətə “hakimiyyətin real sahibi kimdir?” sualını verdirir.

Bu narahatlığın yalnız rejim əleyhdarları arasında olmadığı da diqqət çəkir. Reuters-in danışdığı bəzi rejim tərəfdarları belə liderin səsinin və ya ən azı ictimaiyyət qarşısında bir işarəsinin görünməsinin vacibliyini vurğulayıblar. 

İnqilab Keşikçiləri daha da güclənə bilər

Mövcud vəziyyətin digər mühüm nəticəsi hərbi-siyasi elitanın çəkisinin artmasıdır. Müharibə şəraitində təhlükəsizlik məsələləri ön plana çıxdıqca, İnqilab Keşikçiləri kimi güc strukturlarının qərarvermədə rolu artır. Son təyinatlar da daha sərt xətt tərəfdarı olan şəxslərin sistem daxilində mövqelərinin möhkəmləndiyini göstərir. 

Bu isə gələcəkdə İranın xarici siyasətinə də təsir edə bilər. Əgər hakimiyyətin əsas dayağı daha çox hərbi-təhlükəsizlik strukturlarına çevrilərsə, ABŞ və İsraillə münasibətlərdə kompromis imkanları azalaraq daha sərt və təhlükəsizlikyönümlü siyasət üstünlük qazana bilər.

Qarşıda üç mümkün ssenari var

Birinci ssenari -Xamenei faktiki olaraq hakimiyyətdədir.

 Bu halda onun uzun müddət gizli saxlanılması əsasən təhlükəsizlik və səhhət səbəbləri ilə izah olunur. Hakimiyyət isə müəyyən müddət sonra onun ictimaiyyət qarşısına çıxmasını təmin etməklə yaranmış şübhələri aradan qaldıra bilər.

İkinci ssenari - kollektiv idarəçilik formalaşır.

 Xamenei formal olaraq ali lider olaraq qalır, lakin gündəlik strateji qərarlar Milli Təhlükəsizlik Ali Şurası, İnqilab Keşikçiləri və siyasi rəhbərlik arasında bölüşdürülür. Bu, xüsusilə müharibə şəraitində daha real idarəetmə mexanizminə çevrilir. 

Üçüncü ssenari - liderlik böhranı dərinləşir.

 Əgər Xameneinin səhhəti barədə ziddiyyətli məlumatlar davam edərsə və o, uzun müddət ictimaiyyət qarşısına çıxmazsa, hakimiyyət daxilində müxtəlif qrupların onun adından qərar verməsi riski yüksələcək. Bu isə İnqilab Keşikçiləri, dini elita və siyasi rəhbərlik arasında təsir uğrunda mübarizəni gücləndirəcək.

Nəticə etibarilə, məsələ artıq “Müctəba Xamenei haradadır?” sualından daha böyükdür. Əsas sual İranın ali liderlik institutunun onun fiziki iştirakı olmadan nə dərəcədə effektiv fəaliyyət göstərə bilməsidir. Hazırkı proses göstərir ki, İran siyasi sistemi liderin yoxluğunu kompensasiya etmək üçün təhlükəsizlik və hərbi institutların rolunu artırır. Bu tendensiya davam edərsə, müharibədən sonrakı İranın siyasi modelində dini liderlikdən çox hərbi-təhlükəsizlik elitasının çəkisi arta bilər.