İranın raket və dron hücumları Avropanı da hədəfə ala bilər - İraqlı ANALİTİK

"Dron hücumu Azərbaycanın ABŞ-la birlikdə hərəkət etməyin vacibliyini göstərir”

ABŞ Müdafiə Nazirliyinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi Qərb ölkələri arasında hərbi koordinasiyanın genişlənməsi və gərginliyin artacağı təqdirdə NATO-nun İranla müharibəyə daxil ola biləcəyi ehtimalından danışıb.

Kolbi bildirib ki, NATO ölkələri arasında əməliyyatların birləşdirilməsi və ya koordinasiyası formasında vəziyyətin inkişaf etməsi üçün “real ehtimal” mövcuddur. Bu isə İranla qarşıdurma daha da şiddətlənərsə, NATO-nun daha geniş şəkildə prosesə qoşula biləcəyinə işarə edir.

İraqın Respublikaçı Strateji Araşdırmalar Mərkəzinin direktoru, siyasi tarix üzrə tədqiqatçı və İraq-Azərbaycan Dostluq Assosiyasına məxsus “Əs-Sədəqa” qəzetinin jurnalisti Dr. Mötəz Mühi Əbdülhəmid Sherg.az-a bildirib ki, NATO ölkələrinin son hərəkətləri İranı münaqişəni Avropaya yaymaq cəhdindən çəkindirməyə yönəlib".

"Bu məsələ xüsusilə Kiprdə yerləşən Britaniya hava bazasına qarşı üç pilotsuz uçuş aparatı hücumundan sonra gündəmə gəlib. Dəniz və hava qüvvələrinin yerləşdirilməsi Böyük Britaniya və Fransanın Körfəz bölgəsindəki tərəfdaşlarına İranın raket və pilotsuz uçuş aparatlarını vurmaqda kömək edəcək. Həmçinin, bu, həmin bölgədə yerləşən hərbi qüvvələrini qorumağa imkan yaradacaq.

Bununla belə, Fransa və Böyük Britaniya bu yerləşdirmələrin əsasən müdafiə xarakterli olmasına, öz maraqlarını və obyektlərini qorumağa yönəlməsinə çalışacaqlar.

Bu çəkindirmə siyasətinin əsas məqsədi həm də Körfəz ölkələri ilə təhlükəsizlik əlaqələrini qorumaqdır. Çünki Fransa və Böyük Britaniyanın bu ölkələrdə böyük müdafiə, ticarət maraqları, həmçinin iri investisiyaları və enerji resurslarından həyati asılılığı var. Bu iki ölkə ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi zərbələrə qoşulmayacaq".

Analitik Türkiyənin əsas faktorlardan biri olduğunu deyib:

"İranın Türkiyədəki ABŞ hərbi hava bazalarına hücumu halında Ankara hücumun səbəbsiz olduğunu sübut edə bilsə, NATO-nun kollektiv müdafiə mexanizmi olan beşinci maddəni işə salacaq. NATO-nun təsis müqaviləsinin 5-ci maddəsinə əsasən kollektiv müdafiə prinsipi tətbiq olunur. Alyansın 32 üzvündən birinə edilən hücum bütün üzv dövlətlərə edilən hücum kimi qəbul edilir.

Son vaxtlar Fransa və Böyük Britaniyanın bölgədə gedən müharibədəki mövqeləri daha aydın görünməyə başlayıb. Eyni zamanda, İranın təhlükəsiz ölkələrə qarşı təsadüfi terror hücumları, su yollarını bağlama cəhdləri və müxtəlif millətlərdən insanların yaşadığı mülki obyektləri hədəfə alması diqqət çəkir.

Bu obyektlər arasında Avropa ölkələrinin-xüsusilə Fransa və Böyük Britaniyanın vətəndaşları da var.

Bu səbəbdən Avropa mövqeyinin ABŞ ilə birgə İran qarşısında birbaşa tərəf kimi çıxış etməsi gecikməyəcək. Bu istiqamətdə Vaşinqtonla birbaşa koordinasiya gözlənilir".

Ekspert İran raketlərinin Avropa ölkələrini də hədəf alacağının istisna olmadığını vurğulayıb:

"Bundan əlavə, bu ölkələrin istifadə edə biləcəyi əsas səbəblərdən və bəlkə də hüquqi əsaslardan biri İranın mülki obyektlərə və su yollarına yaratdığı təhlükə ilə yanaşı, həm də raket proqramının yaratdığı riskdir. Bu raketlər Avropa ölkələrini, o cümlədən Kipri də hədəfə ala bilər.

Sonda qeyd etmək lazımdır ki, NATO vəziyyəti yaxından izləyir və hadisələrin gedişini diqqətlə müşahidə edir. Alyans artıq ilk saatlardan etibarən İran ətrafında müdafiə və hücum əməliyyatlarının simulyasiyasını həyata keçirir. Məqsəd İranın raket imkanlarını zərərsizləşdirməkdir.

Belə görünür ki, NATO bu münaqişədən uzaq deyil və istənilən an hərbi və ya müdafiə əməliyyatlarında rəsmi şəkildə iştirak edə bilər".

Müsahibimiz hazırda ABŞ ilə birlikdə hərəkət etməyin vacib olduğunu söyləyib:

"Hazırkı tendensiya ABŞ ilə birlikdə hərəkət etməkdir. Xüsusilə də raketlər və pilotsuz uçuş aparatları ilə müxtəlif ölkələri hədəfə alan və İranın hücumlarında iştirak etməmiş, ona qarşı heç bir hücum üçün ərazi və ya dəstək verməmiş ölkələrin belə vurulduğu anda bu vacibdir. Buna misal olaraq bu gün pilotsuz uçuş aparatları ilə Azərbaycanın hədəf alınmasını göstərmək olar".