Akif Nağı: Bu ölkənin qərəzli mövqeyi ifşa olunmalı və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır
Qarabağ ermənilərinin "qayıdışı" mövzusu, Ermənistanın təbliğatı və diaspora təşkilatları ilə müəyyən dövlətlərin Azərbaycan əleyhinə fəaliyyətləri üçün əsas bir narrativə çevrilib. Bu mövzu, həm də Qərbin bəzi dairələrində və Ermənistanla əlaqədar bəzi siyasi oyunçular tərəfindən də dəstəklənir. Bu cəhdləri edənlərdən biri də İsveçrədir.
İsveçrə öz neytral statusu ilə öyünən bir ölkə olsa da, bu statusu manipulyasiya edərək Azərbaycan və Ermənistan arasında onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirmək üçün istifadə etməyə çalışır.
İsveçrə parlamenti zaman-zaman məsələ qaldıraraq, məqsədinin Qarabağ ermənilərinin “tarixi torpaqlarına” qayıdışını təmin etmək üçün Azərbaycan və Qarabağ erməniləri arasında beynəlxalq oyunçuların iştirakı ilə dialoq mexanizminin formalaşdırılmasını təşviq etdiyini bildirsə də, bu təşəbbüs əslində Azərbaycanın suverenliyinə qarşı ciddi təhdiddir və regionda sabitliyin pozulmasına səbəb ola biləcək təhlükəli bir addımdır.
Xüsusilə 2023-cü ildən sonra Qarabağ məsələsi ətrafında İsveçrə siyasi platformalarında artan canlanma bölgədəki sülh prosesinə xidmət etmək əvəzinə mövcud postmünaqişə reallıqlarını şübhə altına almaq təsiri bağışlayır.
Tarixi faktlar da göstərir ki, özünü neytral dövlət kimi təqdim edən İsveçrənin İkinci Dünya müharibəsi dövründə iqtisadi və maliyyə siyasəti bu neytrallığın tam mənasında interpretasiyasına dair suallar doğurur. Araşdırmalar və sonrakı komissiya hesabatları sübut edir ki, Swiss National Bank vasitəsilə Nasist Almaniyası ilə həyata keçirilən iri həcmli qızıl əməliyyatları Almaniyanın beynəlxalq təcrid şəraitində sərt valyutaya çıxışını asanlaşdırıb.
Almaniya işğal etdiyi ölkələrin (Belçika, Hollandiya və s.) mərkəzi banklarından talan etdiyi qızılı İsveçrə frankına dəyişirdi. Almaniya üçün İsveçrə frankı strateji əhəmiyyət kəsb edirdi, çünki bu valyuta ilə neytral ölkələrdən müharibə sənayesi üçün xammal almaq mümkün idi.
Daha acınacaqlı fakt odur ki, bu qızılların bir hissəsi konsentrasiya düşərgələrindəki qurbanların şəxsi əşyalarından əridilərək külçə halına salınıb. Neytrallıq statusuna baxmayaraq, İsveçrə sənayesi Almaniya üçün işləyib. Almaniya və İtaliya arasındakı yük daşımaları İsveçrə vasitəsilə həyata keçirilib. İsveçrənin saat və dəqiq mexanika sənayesi Almaniya üçün bomba fitilləri, optik cihazlar və digər hərbi komponentlər istehsal edib.
1990-cı illərdə beynəlxalq təzyiqlər nəticəsində İsveçrə hökuməti müstəqil ekspertlər qrupu (Bergier Komissiyası) tərəfindən araşdırma başlatdı. Hesabatda İsveçrənin neytrallıq bəhanəsi ilə nasist rejiminə kömək etdiyi və bununla da müharibənin ömrünü uzatdığı qeyd olunub. Bu səbəbdən 1998-ci ildə İsveçrə bankları Holokost qurbanlarının varislərinə və sağ qalanlara 1.25 milyard dollar təzminat ödəməyə razı olublar.
Mövzunu şərh edən Azad Vətən Partiyasının sədri Akif Nağı "Sherg.az"a bildirib ki, özünü neytral və vasitəçi platforma kimi təqdim edən İsveçrənin Azərbaycan–Ermənistan sülh gündəliyinə zidd təşəbbüslər irəli sürməsi onun elan etdiyi neytrallıq imici ilə ziddiyyət təşkil edir:
"Xüsusilə parlament və siyasi platformalarda “Qarabağ üçün sülh təşəbbüsü” kimi birtərəfli qiymətləndirilən müzakirələrin təşkili regionda hazırda prioritet olan delimitasiya, demarkasiya, kommunikasiyaların açılması və etimad quruculuğu proseslərinə kölgə salır.
Hazırki dövrdə regionda əsas prioritet Azərbaycan-Ermənistan sülh gündəliyi - sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması və etimad quruculuğu və s. kimi tədbirlərin gücləndirilməsidir. Belə bir həssas dövrdə İsveçrənin parlament platformasında bu prosesə zidd müzakirələrin təşkili, xüsusilə də revanşist erməni dairələrinin arqumentlərinə yaxın ritorikanın səsləndirilməsi obyektivliklə bağlı bütün təsəvvürləri alt-üst edir".
A. Nağı vurğulayıb ki, Azərbaycanın suverenliyinə dair, beynəlxalq hüququn norma və prinsipləri əsasında artıq həllini tapmış məsələlərin yenidən beynəlxalq müstəviyə daşınmasına cəhd sülh gündəliyi ilə tərs mütənasiblik təşkil edir: "Real və davamlı sülh üçün yaranmış tarixi fürsət qorunmalı, hər hansı paralel və ya ziddiyyətli siyasi təşəbbüslərdən çəkinilməlidir. Sülh gündəliyinin dəstəklənməsi regionun sabitliyi və inkişafı baxımından strateji əhəmiyyət daşıyır və bu prosesin zəiflədilməsi heç bir tərəfin maraqlarına uyğun deyil. Əgər İsveçrə həqiqətən də neytral vasitəçi imicini qorumaq və ona zərər gətirmək istəmirsə o zaman birtərəfli təşəbbüslərdən çəkinməli, Azərbaycan və Ermənistan arasında aparılan birbaşa danışıqlara, sülh gündəminə hörmətlə yanaşmalıdır. Azərbaycan-Ermənistan sülh gündəliyinin qorunması və möhkəmləndirilməsi bütövlükdə regionun sabitliyi və inkişafı üçün strateji əhəmiyyət daşıyır. Bu müsbət dinamikanın pozulması isə normal strateji təfəkkürə malik heç bir ölkənin maraqlarına uyğun deyil".
Partiya sədri qeyd edib ki, İsveçrə özünü bitərəf siyasət yürüdən dövlət kimi təqdim etsə də, bu neytrallıq bəzən ikili standartlara əsaslanan yanaşmalarla müşayiət olunub: "İkinci Dünya müharibəsində birbaşa hərbi münaqişəyə qoşulmamasına baxmayaraq, Nasist Almaniyası ilə geniş maliyyə və ticarət əlaqələrinin mövcudluğu həmin dövrdə ölkənin iqtisadi fəaliyyətinin müharibə reallıqları ilə sıx bağlı olduğunu göstərir.
Hazırkı mərhələdə İsveçrənin qərəzli mövqeyini ifşa etməli, tarixi faktlar hesabına bu hökumətin nümayəndələrinin hansı işlər gördüyünü beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq".