Kılıçdaroğluna həbs cəzası verildi

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kamal Kılıçdaroğlu barəsində məhkəmənin qərarı ilə “prezidenti təhqir etmə” maddəsi üzrə 11 ay 20 gün müddətinə həbs cəzası verilib.

Teleqraf xəbər verir ki, bu barədə “Cumhuriyet” məlumat yayıb.

“Mərsin Cinayətlər Məhkəməsində baxılan iş üzrə qərar verilib. CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu barəsində “prezidenti təhqir etmə” maddəsi üzrə 11 ay 20 gün müddətinə azadlıqdan məhrumetmə cəzası verilib”, - məlumatda bildirilib.

Xatırladaq ki, Kamal Kılıçdaroğlu barəsində 2014-cü ildə Rəcəb Tayyib Ərdoğanın baş nazir, onun isə CHP sədri olduğu dövrdə Mərsində keçirilən mitinqdə və 2016-cı ildə Ədirnədə etdiyi çıxışlar, həmçinin sonrakı illərdə partiyasının iclaslarında səsləndirdiyi ifadələrə görə, sədrlik və deputatlıq səlahiyyətləri başa çatdıqdan sonra 2024-cü ildə istintaq başladılmışdı.