Kılıçdaroğlundan ilk mesaj: Partiyada yeni qurultay tələbi

Məhkəmə qərarı ilə yenidən CHP sədrliyinə qaytarılan Kamal Kılıçdaroğlu 2,5 ildən sonra ilk dəfə partiyanın Baş Qərargahına gələrək təşkil olunan “Xalqla Bayramlaşma” proqramında partiya üzvlərinə müraciət edib.

Sherg.az xəbər verir ki, Ankaradakı CHP Baş Qərargahında keçirilən tədbirdə Kılıçdaroğlu tərəfdarları tərəfindən alqışlarla qarşılanıb. O, çıxışında partiyanın gələcəyi, qurultay prosesi və CHP-də yaşanan son hadisələrlə bağlı mesajlar verib.

Kılıçdaroğlu bildirib ki, partiya daxilində yaranmış mübahisələrin həlli üçün ən qısa zamanda şəffaf və legitim qurultay keçirilməlidir. O, CHP-nin tarixi dəyərlərinə və demokratik prinsiplərinə sadiq qalacağını vurğulayıb.

Qeyd edək ki, eyni saatlarda CHP-nin keçmiş sədri Özgür Özel də Ankarada tərəfdarları ilə ayrıca görüş keçirərək yeni qurultayın təcili təşkil olunmasına çağırış edib. Bu vəziyyət CHP-də davam edən rəhbərlik böhranının və daxili qarşıdurmanın daha da dərinləşdiyini göstərir.