Belçika və İspaniya 2026-cı ildə Ukraynaya hər biri 1 milyard avro olmaqla hərbi yardım ayıracaq. Kiyev isə ispan dronlarının döyüş şəraitində sınaqdan keçirilməsini təklif edib.
Sherg.az xəbər verir ki, Brüssel və Madrid 2026-cı ildə Ukraynaya hər biri 1 milyard avro həcmində hərbi yardım ayıracaq. Bu barədə Ukraynanın müdafiə naziri Mixail Fedorov Telegram kanalında bildirib.
“Belçikanın müdafiə naziri Teo Franken və İspaniyanın müdafiə naziri Marqarita Robles ilə danışıqlar apardım. Belçika bu il Ukraynaya 1 milyard avro müdafiə yardımı ayırır. Bu il İspaniya da 1 milyard avro təqdim edir”, -deyə Fedorov yazıb.
Ukraynalı nazir əlavə edib ki, Belçika Ukraynaya əlavə F-16 qırıcıları və mövcud təyyarələr üçün ehtiyat hissələri verməyə razılaşıb.
Onun sözlərinə görə, Kiyev müttəfiqlərlə hava hücumundan müdafiənin gücləndirilməsi, pilotsuz uçuş aparatlarının inkişafı və cəbhənin uzaqmənzilli artilleriya ilə təmin olunması üçün “çex təşəbbüsü”nü müzakirə edib.
2024-cü ilin yazında Çexiya hakimiyyəti Ukrayna Silahlı Qüvvələri üçün üçüncü ölkələrdən iriçaplı artilleriya mərmilərinin toplanması təşəbbüsü ilə çıxış edib. Çexiya Prezidenti Petr Pavel bildirmişdi ki, 2025-ci ildə bu təşəbbüs çərçivəsində Ukraynaya təxminən 1,8 milyon ədəd iriçaplı artilleriya mərmisi göndərilməsi planlaşdırılır.