Makron hakimiyyəti Ermənistanı silahlandırır

Fransanın bu hərəkəti olduqca təhlükəlidir və regionda gərginliyin artmasına səbəb olacaq

Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornu və onun erməni həmkarı Suren Papikyan Ermənistana hava hücumundan müdafiə sistemlərinin satışı da daxil olmaqla, bir sıra silahların tədarükü ilə bağlı müqavilələr imzalayıblar. Beləliklə, Paris İrəvana “Thales” şirkətinin istehsalı olan üç “Ground Master 200” (GM200) radar sistemi və “Mistral” yaxın mənzilli hava hücumundan müdafiə sistemləri verəcək. Bu silahlar “müdafiə xarakterlidir” və rəsmi Paris də israrla bu məqamın üzərində dayanır. 


Yəni Ermənistanı başqa ölkəyə qarşı silahlandırmadığını göstərməyə çalışır. Hərçənd, Fransanın Cənubi Qafqaza göndərəcəyi silah partiyasının məhz Azərbaycana qarşı mümkün müharibədə istifadə ediləcəyi istisna deyil. Hətta rəsmi açıqlanan silahların müdafiə məqsədli olması Ermənistanın sərhədboyu təxribat törətməyəcəyinə və hərbi hədəflərdən daha çox, siyasi hədəflərə hesablanmış eskalasiya yaratmayacağına zəmanət verə bilməz. Əlbəttə, hərbi saziş ilk addımdır və sonrakı mərhələdə Fransanın Ermənistana hücum silahları verəcəyi də istisna edilmir. Paris hazırda Ermənistana hücum silahlarının tədarükünü Hindistan üzərindən həyata keçirir. 

Müdafiə naziri Sebastyan Lekornu ölkəsi Fransa ilə Ermənistan arasında müdafiə sahəsində əməkdaşlığın 3 istiqamətdə olduğunu bildirib. Ermənistanın özünü müdafiə etmək qabiliyyətinə malik olmasının vacibliyini vurğulayan fransalı nazir ilk istiqamət olaraq Fransanın Ermənistan ordusunun transformasiyasını dəstəklədiyini və bu istiqamətdə Ermənistana yardım etdiyini diqqətə çatdırıb. Lekornunun sözlərinə görə, bu istiqamətdə Fransa bir sıra addımlar atıb. O, bunlardan 2023-cü ildə Fransanın Ermənistandakı səfirliyinin nəzdində hərbi missiyanın yaradılmasını, fransız zabitin Ermənistan Müdafiə Nazirliyinə hərbi məsləhətçi kimi göndərilməsini, qarşılıqlı səfərləri və görüşləri qeyd edib. Göründüyü kimi, Fransa Ermənistana silah sataraq ölkəni Azərbaycana qarşı yeni müharibəyə təhrik edir və Ermənistanda revanşizmi gücləndirməklə bölgədə gərginliyi daha da artırmaq məqsədi güdür. Açıq-aşkar görünür ki, Cənubi Qafqaz regionunda sülhün bərqərar olması rəsmi Parisin maraqlarına xidmət etmir.

Millət vəkili Nəsib Məhəməliyev "Sherg.az"a açıqlamasında deyib ki, Fransa ilə Ermənistan arasındakı saziş Avropa Birliyinin Cənubi Qafqaz ölkələrinə silah satışını qadağan edən qərarına ziddir. Deputatın sözlərinə görə, Fransanın bu hərəkəti olduqca təhlükəlidir və regionda gərginliyin artmasına səbəb olacaq:

 "Müqaviləyə əsasən, Paris İrəvanı müdafiə silahları ilə təmin etməlidir. Ancaq heç kim qarantiya verə bilməz ki, bundan sonra hücum silahları verilməyəcək. Fransanın beynəlxalq hüquqa zidd davranışları açıq şəkildə göstərir ki, bu ölkə 21-ci əsrdə də neokolonialist siyasətindən əl çəkmək istəmir. İki yüz il əvvəl olduğu kimi, Cənubi Qafqaza girmək arzularını həyata keçirmək istəyir. Bölgədə isə zəif bənd, daima müxtəlif xarici güclərin əlində alət olmuş Ermənistandır. Bu məsələdə xəstə erməni millətçiliyi ilə, fransız müstəmləkəçilərinin baxışları üst-üstə düşür".
  
Parlamentari vurğulayıb ki, Ermənistanla Fransa arasında bağlanmış müqaviləni dəstəkləyən digər Qərb ölkələri var: 

"Bu dövlətlərin regiona münasibətlərinə təkcə Ermənistan-Azərbaycan prizmasından yanaşmaq doğru deyil. Onların başladığı siyasi oyunlar daha geniş arealı əhatə edir və geosiyasi, iqtisadi, dini, etnik komponentləri özündə əks etdirir. Yaxın Şərqdə baş verən son hadisələr dediklərimin təsdiqidir. Proseslər getdikcə gərgin xarakter alır. Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, belə bir mürəkkəb şəraitdə İlham Əliyev kimi liderə sahibdir. Məhz cənab Prezidentin apardığı balanslaşdırılmış xarici siyasət nəticəsində düşmən qüvvələr neytrallaşdırılır, destruktiv planları iflasa uğrayır. İstər Fransa, Ermənistan və yaxud digər dövlətlər olsun, fərq etməz. Dövlətimiz tərəfindən adekvat tədbirlər görülür və gələcəkdə də görüləcək. Yeganə tələb olunan məsələ milli birliyimizin qorunması, dövlət başçısının siyasətinin dəstəklənməsidir. Cəmiyyətimiz daxildən bütöv olarsa, istənilən xarici təsirləri dəf etmək mümkündür".