Məhkəmə hakimiyyətinin müstəqilliyi əsas prioritet olmalıdır - Yusif Bağırzadə

  • Konstitusion hüquqlar kağız üzərində qalmamalıdır 
  • “Konstitusion prinsiplər hər bir vətəndaşın gündəlik həyatında real təminat tapmalıdır” 

12 Noyabr - Konstitusiya Günü Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyətə malik günlərdən biridir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ölkədə hüquqi dövlət quruculuğunun əsas mərhələsinin başlanğıcını qoyub. Bu sənəd dövlət idarəçiliyinin prinsiplərini, vətəndaşların hüquq və azadlıqlarını, cəmiyyətlə dövlət arasındakı münasibətlərin hüquqi əsaslarını müəyyənləşdirib.

Konstitusiyanın qəbulundan ötən müddət ərzində Azərbaycan dövlətçilik ənənələrini möhkəmləndirib, suverenliyini gücləndirib və yeni reallıqlara uyğun inkişaf yolunu davam etdirib. Bu gün Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də müstəqil dövlətçiliyimizin, milli suverenliyimizin və hüquqi prinsiplərimizin əsas təminatlarından biri kimi çıxış edir.

Mövzunu Sherg.az-a şərh edən hüquqşünas, politoloq Yusif Bağırzadə bildirib ki, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətin hüquqi və siyasi sisteminin formalaşmasında mühüm mərhələ olub.

Onun sözlərinə görə, bu sənəd yeni dövlətçilik modelinin əsaslarını müəyyənləşdirməklə yanaşı, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini, hakimiyyət bölgüsü prinsipini, qanunun aliliyini və demokratik idarəçilik mexanizmlərini dövlət quruculuğunun fundamental istiqamətləri kimi təsbit edib.

Hüquqşünas qeyd edib ki, sonrakı illərdə Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər, qəbul olunan qanunvericilik aktları və institusional islahatlar ölkənin hüquq sisteminin müasir tələblərə uyğunlaşdırılması prosesinin tərkib hissəsinə çevrilib:

“Ötən dövr ərzində hüquqi dövlət quruculuğu istiqamətində bir sıra mühüm institusional dəyişikliklər həyata keçirilib. Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, Ombudsman institutunun yaradılması, üçpilləli məhkəmə sisteminin formalaşdırılması, inzibati məhkəmələrin yaradılması və məhkəmə-hüquq islahatlarının genişləndirilməsi bu prosesin əsas istiqamətlərindəndir.

Xüsusilə elektron məhkəmə sisteminin tətbiqi, məhkəmə infrastrukturunun yenilənməsi, hüquqi yardım imkanlarının genişləndirilməsi və məhkəmə proseslərinin rəqəmsallaşdırılması vətəndaşların ədalət mühakiməsinə çıxışını asanlaşdırmağa yönəlmiş addımlardır. 

Dünya Bankının 2025-ci ildə təqdim etdiyi nəticələrə əsasən, 2014–2024-cü illərdə Azərbaycanda 12 yeni məhkəmə kompleksi istifadəyə verilib, elektron məhkəmə sistemi ölkə üzrə geniş tətbiq olunub, hüquqi yardım xidmətlərindən təxminən 70 min vətəndaş yararlanıb. Məhkəmə istifadəçiləri arasında məmnunluq göstəricisinin layihənin başlanğıcındakı 44,6 faizdən 69,3 faizə yüksəlməsi də xidmətlərin əlçatanlığı və təşkilati səmərəlilik baxımından müəyyən irəliləyişə işarə edir. Bu nəticələr rəqəmsallaşmanın və institusional modernləşmənin hüquq sisteminə verdiyi töhfəni nümayiş etdirir”.

Politoloq vurğulayıb ki, hüquqi dövlət quruculuğunun qiymətləndirilməsi yalnız qanunvericilik bazasının və dövlət institutlarının mövcudluğu ilə məhdudlaşmamalıdır:

“Əsas meyar qanunların gündəlik həyatda necə tətbiq olunması, məhkəmələrin müstəqilliyi, vətəndaşların hüquqlarının real müdafiəsi və dövlət orqanlarının fəaliyyətinə hüquqi nəzarətin effektivliyidir.

Avropa Şurası Parlament Assambleyasının 2024-cü il hesabatında Məhkəmə-Hüquq Şurasının tərkibində və idarəetmə mexanizmində aparılan dəyişikliklər, eləcə də həyata keçirilən institusional islahatlar müsbət addımlar kimi qiymətləndirilib.

İnsan hüquq və azadlıqlarının qorunması sahəsində də bir sıra vacib addımlar atılıb. Xüsusilə konstitusion təminatlarla onların praktiki reallaşdırılması arasında mövcud ola biləcək fərqlərin aradan qaldırılması istiqamətində mühüm işlər görülüb.

Gələcək mərhələdə əsas prioritetlər sırasında məhkəmə hakimiyyətinin müstəqilliyinin daha da möhkəmləndirilməsi, hakimlərin peşəkarlığının və məsuliyyətinin artırılması, hüquqi yardımın əlçatanlığının genişləndirilməsi xüsusi yer tutmalıdır.

Başqa sözlə, qarşıda duran əsas vəzifə konstitusion prinsiplərin hər bir vətəndaşın gündəlik həyatında real təminatını gücləndirmək və bununla da cəmiyyətin hüquq sisteminə etimadını artırmaqdır”.