Saatlıq əməkhaqqı adı ilə işçilərin maaşı azaldıla bilər - İqtisadçıdan ŞƏRH

  • "4 saatlıq iş rejimi, 8 saatlıq iş yükü - bu, əməyin istismarıdır”
  • “Heç nəyi dəyişmədən çox şeyi dəyişmiş kimi göstərəcəklər”

Saat hesabı əməkhaqqı modelinə keçid təklifi bir müddət əvvəl də gündəmə gətirilsə də, bu dəfə Milli Məclisdə yenidən müzakirəyə çıxarılıb. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev komitənin iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər çərçivəsində saatlıq əməkhaqqı sisteminə keçidlə bağlı fikirlərini açıqlayıb.

Dəyişikliklər qəbul edilərsə, Azərbaycanda 2027-ci il martın 1-dən saatlıq əməkhaqqı və minimum saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur.

Saat hesabı əməkhaqqı modeli kimlərə şamil ediləcək?

Təklif olunan dəyişikliyə əsasən, yeni sistem əmək müqaviləsi bir aydan az müddətə bağlandıqda və ya həftəlik iş vaxtı 20 saat və daha az olduqda tətbiq ediləcək.

Saatlıq minimum əməkhaqqının ilkin mərhələdə kənd təsərrüfatı, yaşayış, turizm, iaşə, məişət və daşıma xidmətləri, eləcə də informasiya texnologiyaları sektorunda tətbiqi planlaşdırılır. Bu sahələrin dəqiq siyahısını Nazirlər Kabineti müəyyən edəcək.

Yeni sistemin tətbiqində məqsəd tələbələrin, pensiyaçıların və azyaşlı uşaqları olan qadınların əmək bazarına çıxışını asanlaşdırmaq, həmçinin qeyri-formal məşğulluğun rəsmiləşdirilməsinə şərait yaratmaqdır.

Qanun layihəsinə əsasən, saatlıq əməkhaqqının minimum məbləği aylıq minimum əməkhaqqının bir saatına düşən məbləğdən az ola bilməz. İşçi gün ərzində bir saatdan az işləsə belə, ona minimum bir saatlıq əməkhaqqı ödəniləcək.

Məsələyə münasibət bildirən iqtisadçı Rauf Qarayev Sherg.az-a açıqlamasında bildirib ki, zehni, yaradıcı və mürəkkəb intellektual işlə məşğul olan insanın beyni gündə cəmi 3-4 saat diqqətini ən yüksək səviyyədə saxlaya bilir. Onun sözlərinə görə, günün qalan hissəsi gündəlik işlərə, görüşlərə, tapşırıqların dəyişdirilməsinə və süni şəkildə yaradılan fəaliyyət görüntüsünə sərf olunur:

“8 saat iş, 8 saat yuxu, 8 saat istirahət” düsturu Sənaye İnqilabı dövründə ortaya çıxıb. Bu model müasir çoxtapşırıqlı iş rejimi və kompüter qarşısında görülən işlər üçün deyil, fabrik və zavodlarda fiziki əmək üçün nəzərdə tutulmuşdu.

İş rejimi 4 saata endirilsə, nə dəyişəcək?

Əslində, iş saatlarının azaldılması, evdən işləmək və ya dörd saat iş yerində, dörd saat evdə çalışmaq özlüyündə heç nəyi dəyişmir. Çünki işçiyə qoyulan tələblər əvvəlki kimi qalır. Bu isə göstərir ki, səkkiz saatlıq iş rejiminin funksional yükü yenə də işçinin üzərində qalır, dəyişən yalnız iş saatlarının hesablanmasıdır.

Rəsmi müqavilədə dörd saatlıq iş rejimi göstəriləcəksə, bu, əməkhaqqının da azalması demək ola bilər. Nəticədə işəgötürənin əməkhaqqı xərcləri azalacaq. Lakin iş yükü əvvəlki kimi səkkiz saatlıq rejimə uyğun qalacaq.

Mən dörd saatlıq iş rejiminə keçəcəmsə, iş yüküm də azalmalıdır. Əks halda, bu, əməyin istismarı, yəni daha az əməkhaqqı müqabilində daha çox işləmək deməkdir. Əmək Məcəlləsinə dəyişiklik təklif edilərkən işçinin vəzifə öhdəlikləri də nəzərə alınmalıdır. Qısası, işçinin öhdəlikləri sadələşdirilməlidir”.

İqtisadçı Natiq Cəfərli də irəli sürülən təkliflə bağlı bir sıra sualların yarandığını bildirib:

“Deputat Musa Quliyev deyib ki, təklifdə saatlıq əməkhaqqının minimum məbləğinin minimum əməkhaqqının bir saata düşən məbləğindən az ola bilməyəcəyi də təsbit olunub. Gəlin, məsələyə baxaq. Hazırda minimum əməkhaqqı 400 manatdır. Beşgünlük iş həftəsi və gündəlik səkkiz saatlıq iş rejimi əsasında bir saatlıq əməkhaqqı 2 manat 50 qəpik təşkil edir. Altıgünlük iş qrafiki ilə çalışanlar üçün isə bu məbləğ təxminən 2 manatdır.

Yaxşı, bundan aşağı ola bilməyəcəyini anladıq. Bəs, məsələn, kimsə iki saatlıq işə qəbul edilərək gördüyü işə görə gündə 5 manat alacaqsa, bu, kimə sərf edəcək?

Digər məsələ ölkədəki iqtisadi sistemin kifayət qədər sadə və primitiv olması, bunun iş yerlərinə də təsir etməsidir. Muzdla çalışanların təxminən yarısına yaxını dövlət-büdcə sektorunda işləyir. Bəs onları saatlıq iş qrafikinə necə keçirəcəklər? Müəllimlər, həkimlər, polislər, hüquq-mühafizə orqanlarının və məhkəmə sisteminin əməkdaşları saatlıq iş rejimində necə çalışacaqlar?

Özəl sektora isə bu keçidi diktə etmək olmaz, yalnız stimullaşdırmaq mümkündür. Özəl sektor bir işçini tapmaq və ona işi öyrətmək üçün kifayət qədər vaxt və vəsait sərf edir. Bəs nə üçün bir iş yerinə iki-üç nəfəri saat hesabı ilə işə götürsün? Bunun hansı faydası olacaq?”

N.Cəfərli hesab edir ki, yeni yanaşma daha çox dövlət-büdcə sektorunda tətbiq edilə bilər. Onun sözlərinə görə, bu model çərçivəsində yeni iş yerlərinin yaradılması görüntüsü formalaşdırıla bilər:

“Yeni iş yerləri yaranacaq” deyirlər. İndi bu təkliflə, məsələn, A nazirliyində və ya B dövlət qurumunda 100 işçi varsa və onların hər biri orta hesabla 1500 manat maaş alırsa, saatlıq iş qrafikinə keçiddən sonra iş yerlərinin sayı sabit qala, işçilərin sayı isə kəskin arta bilər.

Bu addım dövlət büdcəsinə qənaət və sosial təşəbbüs kimi də təqdim edilə bilər. Çünki bir müddətdir aparılan ixtisarlar ciddi narazılıq yaradırdı. Məsələn, A nazirliyi heç kimi işdən çıxarmadan əlavə 100 nəfəri işə götürə bilər. Beləliklə, işçilərin sayı 200-ə çatacaq, hər biri dörd saat işləyərək, məsələn, 600 manat maaş alacaq. İki işçinin əməkhaqqı birlikdə 1200 manat təşkil edəcək.

Beləliklə, iş yerlərinin sayını ixtisar etmədən, hətta işçilərin sayını artıraraq, guya yeni iş yerləri yaratmaqla hər bir iş yeri vahidi üzrə 300 manat qənaət edilmiş olacaq. Bu, əslində, heç nəyi dəyişmədən çox şeyi dəyişmiş kimi göstərmək cəhdidir”.