Netanyahunun siyasi erası başa çatır? - Tramp yeni liderlə işləməyə hazırdır

  • İsrail dövləti ilə ABŞ daim müttəfiq olublar

ABŞ Prezidenti Donald Trampın İsraildə mümkün hakimiyyət dəyişikliyinə münasibəti diqqət çəkib. Ağ Ev yeni hökumətin formalaşmasından asılı olmayaraq, Vaşinqtonun Təl-Əvivlə sıx əməkdaşlığı davam etdirmək niyyətindədir. Belə ki, Tramp “Yaşar” Partiyasının lideri Qadi Ayzenkotun baş nazir seçiləcəyi təqdirdə onunla da səmərəli əməkdaşlığa hazırdır. Bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi açıqlama verib.

Xatırladaq ki, oktyabrın 27-də keçirilən parlament seçkilərində Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” Partiyası 27 mandatla birinci, Ayzenkotun “Yaşar” Partiyası isə 21 mandatla ikinci yeri tutub. Seçkilərdə heç bir siyasi blokun parlamentdə mütləq çoxluğu təmin edə bilməməsi hakimiyyət uğrunda mübarizəni daha da mürəkkəbləşdirib. Noyabrın 8-də isə İsrail Prezidenti İsxaq Hersoq yeni hökuməti formalaşdırmağı Ayzenkota həvalə edib.

Belə bir şəraitdə Tramp administrasiyasının mümkün yeni hökumətlə əməkdaşlığa açıq olması Vaşinqtonun İsraildəki daxili siyasi proseslərə münasibəti baxımından xüsusi maraq doğurur.

Mövzu ilə bağlı politoloq Elşad Həsənov Sherg.az-a açıqlamasında bildirib ki, Netanyahu hakimiyyətinin Qəzzada törətdiyi qətliamlar İsrailə qarşı beynəlxalq etirazları gücləndirib:

“İsraildə keçirilən növbədənkənar seçkilərdən sonra ölkə Prezidenti İsxaq Hersoq yeni hökumətin formalaşdırılmasını Qadi Ayzenkota həvalə edib.

Son illərdə İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar, uşaqların, qocaların və qadınların öldürülməsi dünya ictimaiyyəti tərəfindən kəskin qarşılanıb. Onun siyasətinə görə Avropada, Amerikada və dünyanın bir çox ölkəsində etiraz aksiyaları keçirilib, İsrail qınanıb.

ABŞ-İsrail-İran müharibəsinin əsas səbəbkarlarından biri Netanyahu oldu. Bunun nəticəsində Amerikanın iqtisadiyyatına da ciddi ziyan dəydi, yanacağın qiyməti artdı. Donald Trampın mənsub olduğu Respublikaçılar Partiyası həm Nümayəndələr Palatasında, həm də Konqresdə uğursuzluqla üzləşdi”.

Politoloqun sözlərinə görə, ABŞ İsraili dəstəkləsə də, Netanyahu hakimiyyəti ilə bir sıra məsələlərdə fikir ayrılıqları yaşayıb:

“ABŞ hər il İsrailə ciddi dəstək göstərir. Xüsusilə Trampın həm birinci, həm də ikinci prezidentlik dövründə İsrailə yardım davam etdirilib. Hər il bu ölkəyə 4 milyard ABŞ dolları məbləğində yardım göstərilir. Artıq bu ildən həmin yardımı dayandırıblar. Çünki İsrail özü inkişaf etmiş ölkədir və güclü iqtisadiyyata malikdir.

Trampın Ayzenkotla əməkdaşlıq edəcəyi barədə açıqlama verməsi də təbiidir. Çünki İsrail dövləti ilə ABŞ daim müttəfiq olublar. Ancaq bir çox məsələdə İsrail ABŞ-ın qəbul etdiyi qərarları, o cümlədən Qəzza ilə bağlı mövqeyini nəzərə almayıb.

Livanda atəşkəsin təmin edilməsi ilə bağlı Tramp göstəriş vermişdi. Ancaq İsrail, daha dəqiq desək, Netanyahu hakimiyyəti buna əməl etmədi. Əldə olunmuş razılaşmaya görə, İsrail qüvvələri Livandan çıxmalı idi. Lakin onlar ərazini tərk etmədilər və bunun özləri üçün qırmızı xətt olduğunu bildirdilər. Beləliklə, iki ölkə arasında bir sıra fikir ayrılıqları yarandı. Bununla belə, bütövlükdə ABŞ həmişə İsraili dəstəkləyib”.

Politoloq vurğulayıb ki, Ayzenkotun hakimiyyətə gəlməsi İsrailin xarici siyasətində yeni mərhələnin başlanmasına səbəb ola bilər:

“Ayzenkot hökumət kabinetini formalaşdırdıqdan sonra Netanyahu dövründə olduğu kimi, İsrailin digər ölkələrə qarşı aqressiv siyasəti davam etməyə bilər. İsrail dövlətinin inkişafında yeni səhifə açıla bilər.

Azərbaycanla İsrail arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. İsrail 44 günlük Vətən müharibəsində də bizi dəstəklədi. Torpaqlarımız işğal altında olduğu dövrdə də ölkəmizə daim dəstək göstərirdi.

Bu baxımdan, biz də istəyirik ki, İsrail dünyəvi, qonşuları ilə normal münasibətlər quran, nümunəvi bir dövlət olsun. Belə olduğu təqdirdə Yaxın Şərqdəki gərginlik də nisbətən azala bilər”.