“İsrail Türkiyəni təxribata çəkməkdən, səbrini sınamaqdan, ölkəmizin milli təhlükəsizlik sahələrinə dolayı və ya birbaşa müdaxilə anlamına gələ biləcək cəhdlərdən əl çəkməlidir”.
Teleqraf xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı İsrail-Türkiyə münasibətlərindəki son durumu şərh edərkən deyib.
“İsrail rəhbərliyi Türkiyə əleyhinə mövqeyini hər keçən gün daha da sərtləşdirərkən, beynəlxalq dəstəyini və legitimliyini də getdikcə itirir. İsrailə çağırışımız aydındır: Türkiyəni təxribata çəkməkdən, Türkiyənin səbrini sınamaqdan, ölkəmizin milli təhlükəsizlik sahələrinə dolayı və ya birbaşa müdaxilə anlamına gələ biləcək cəhdlərdən və anti-Türkiyə dairələrini cəsarətləndirən bəyanatlardan əl çəkin. Türkiyə qarşıdurma axtaran ölkə deyil. Bununla belə, özünə yönələn təhdidləri görməzdən gələcək, suverenlik hüquqlarının pozulmasına seyrçi qalacaq və ya milli təhlükəsizliyini başqalarının mərhəmətinə buraxacaq ölkə də deyil”, - MHP lideri bildirib.
Dövlət Baxçalı vurğulayıb ki, İsrailin Suriya ərazisində Türkiyənin təhlükəsizlik maraqları ilə kəsişən addımları, Şərqi Aralıq dənizində Türkiyəni təcrid etməyə yönəlmiş cəhdləri və regional parçalanmanı təşviq edən yanaşmaları diqqətlə izlənilir:
“İsrail rəhbərliyinin Türkiyənin sülh və sabitlik yaratmaq imkanlarını özünə qarşı təhdid kimi qəbul etməsi ciddi strateji səhvdir. Türkiyənin məqsədi İsrail də daxil olmaqla heç bir ölkə ilə müharibə aparmaq deyil. Ancaq kimsə Türkiyənin sülh iradəsini zəiflik, təmkinini acizlik, diplomatiyaya üstünlük verən yanaşmasını isə çəkindirmə qabiliyyətinin olmaması kimi qiymətləndirmək səhvinə də yol verməməlidir”.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri avqustun 18-də Suriyanın İdlib vilayətində yerləşən Əbu Dühur hərbi hava bazasına zərbələr endirib. İsrail bunu Suriyanın Türkiyə qoşunlarının həmin bazada yerləşdirilməsinə icazə verməyə hazırlaşması ilə əsaslandırıb.
Türkiyə İsrailin irəli sürdüyü iddiaları “əsassız” adlandıraraq rədd edib, həmçinin Təl-Əvivin son addımlarına sərt təpki göstərib. Analoji açıqlama Dəməşq tərəfindən də səsləndirilib.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Tomas Barak İsrailin Türkiyəyə yönəlik addımlarının mümkün nəticələri ilə bağlı xəbərdarlıq edib.