Rusiya Cənubi Qafqaz üzrə "3+3" regional platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) xarici işlər nazirləri səviyyəsində növbəti görüşünün Bakı və ya İrəvanda keçiriləcəyinə ümid edir.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində təşkil olunan panel müzakirələrində bildirib.
O, azərbaycanlı və ermənistanlı həmkarları arasında bu mövzuda danışıqların davam etdiyini diqqətə çatdırıb.
M.Qaluzin vurğulayıb ki, rəsmi Moskva regional platformanın tammetrajlı fəaliyyəti üçün Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin tamamilə bərpa olunmasının tərəfdarıdır.
Nazir müavininin sözlərinə görə, regionun tranzit potensialının inkişafı üçün bütün ölkələrin bu prosesdə iştirakı təmin edilməlidir:
"Ermənistanın Azərbaycan və Türkiyə ilə, eləcə də Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə sərhədləri açılmadan tam nəqliyyat bağlılığından danışmaq çətindir. Bu addımlar nə qədər tez atılarsa, regional ölkələrin logistika sahəsində imkanları bir o qədər genişlənər".