- Lakin vaksin xəstəliyin daha ağır keçməsi və ağırlaşmaların yaranması riskini azaldır
Payız-qış aylarında havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyalarının, o cümlədən mövsümi qripin yayılma riskinin artması müşahidə olunur.
Əhali arasında qrip və digər respirator infeksiyaların yayılmasının qarşısının alınması, eləcə də profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən bu il də ölkəyə qripə qarşı vaksinlər gətirilib. Nazirlikdən verilən məlumata görə, səhiyyə nazirinin “2026–2027-ci ilin payız-qış mövsümündə respublikada kəskin respirator xəstəliklərə qarşı əksepidemik tədbirlərin gücləndirilməsi və qripə qarşı vaksinasiya kampaniyasının keçirilməsi barədə” əmrinə əsasən, mövsümi qripə qarşı vaksinasiya kampaniyasına oktyabrın 21-dən başlanılır. Nazirlik qrip infeksiyasının ağırlaşmaları baxımından yüksək risk qrupuna daxil olan şəxslərə peyvənd olunmağı tövsiyə edir. Bu qrupa səhiyyə işçiləri, hamilə qadınlar, eləcə də 6 aylıqdan yuxarı, xroniki tənəffüs sistemi xəstəlikləri olan şəxslər daxildir. Qeyd olunub ki, mövsümi qripə qarşı vaksinasiya xəstəlikdən qorunmağın və mümkün ağırlaşmaların qarşısını almağın əsas profilaktik vasitələrindən biridir. Bu səbəbdən əhalinin profilaktik tədbirlərə əməl etməsi və vaksinasiya prosesində fəal iştirakı vacib hesab olunur.
Məlumatda, həmçinin bildirilib ki, qripə qarşı peyvəndlənmə ödənişsiz həyata keçirilir. Vətəndaşlar yaşayış və ya iş yerləri üzrə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində peyvənd oluna bilərlər.
Pulmonoloq Şahin Məmmədov Sherg.az-a açıqlamasında bildirib ki, qripə qarşı peyvəndin əsas məqsədi virusa yoluxma riskini azaltmaq, xüsusilə də xəstəliyin ağır keçməsinin və ciddi fəsadların yaranmasının qarşısını almağa kömək etməkdir.
Onun sözlərinə görə, peyvənd olunduqdan sonra da qripə yoluxmaq mümkündür. Lakin vaksin xəstəliyin daha ağır keçməsi və ağırlaşmaların yaranması riskini azalda bilər: “Qrip peyvəndinin hər il vurulmasının əsas səbəblərindən biri virusun daim dəyişməsidir. Hər mövsüm yayılan qrip viruslarının ştammları fərqlənə bildiyindən peyvəndin tərkibi də gözlənilən virus növlərinə uyğun olaraq yenilənir. Buna görə də əvvəlki mövsüm üçün hazırlanmış peyvənddən deyil, cari mövsümə uyğun vaksindən istifadə etmək vacibdir.
Qrip peyvəndinin payız aylarında, xəstəliyin geniş yayılmağa başlamasından əvvəl vurulması tövsiyə olunur. Peyvənd əksər insanlar üçün təhlükəsiz hesab edilir və adətən əzələdaxili inyeksiya şəklində tətbiq olunur. Qrip viruslarının dəyişməsi və peyvəndin qoruyucu təsirinin zamanla zəifləməsi səbəbindən vaksinasiyanın hər il təkrarlanması məsləhət görülür”.
Pulmonoloq əlavə edib ki, əvvəllər qrip peyvəndinə qarşı ciddi allergik reaksiya keçirən şəxslər, eləcə də müəyyən sağlamlıq problemləri olan insanlar vaksinasiya olunmazdan əvvəl həkimlə məsləhətləşməlidirlər: “Qrip peyvəndi xəstəliyə yoluxduqdan sonra müalicə vasitəsi kimi istifadə edilmir. Onun əsas məqsədi qripə yoluxma ehtimalını, xüsusilə də xəstəliyin ağır nəticələri ilə qarşılaşma riskini azaltmaqdır”.
Pediatr Günel Rövşənova qripin geniş yayılmış yoluxucu xəstəlik olduğunu bildirib. Onun sözlərinə görə, xəstəliyə xüsusilə payız və yaz aylarında, əsasən oktyabr-may dövründə daha çox rast gəlinir: “Qrip əksər hallarda yüngül keçsə də, bəzi hallarda ciddi fəsadlara səbəb ola bilər. Qripin ağırlaşmaları sırasına pnevmoniya, böyrək çatışmazlığı, ürək əzələsinin iltihabı və beyin iltihabı daxildir. Bu səbəbdən xəstəliyin vaxtında qarşısının alınması mühüm əhəmiyyət daşıyır”.
Həkim qeyd edib ki, uşaqlar arasında xüsusilə 6 aydan 5 yaşadək olanlar qripin ağırlaşmaları baxımından daha həssas qrupa daxildir. Belə fəsadların qarşısını almaq üçün qripə qarşı peyvəndlənmə tövsiyə olunur. Peyvəndin 6 aydan yuxarı uşaqlara, eləcə də böyüklərə vurulması məsləhət görülür. 6 aydan 8 yaşadək uşaqlar ilk dəfə qrip peyvəndi olunurlarsa, onlara bir ay fasilə ilə iki doza vurulmalıdır. Sonrakı illərdə isə bir doza kifayət edir. 8 yaşdan yuxarı uşaqlara və böyüklərə ildə bir dəfə peyvənd olunmaq tövsiyə edilir”.
Pediatrın sözlərinə görə, qrip peyvəndi vurulduqdan təxminən 14 gün sonra qoruyucu təsir göstərməyə başlayır: “Statistik məlumatlarda peyvəndin uşaqlarda 73 faiz reanimasiyaya düşmə azaldılmasında da əhəmiyyətli rol oynadığı göstərilir. Həmçinin allergik xəstəlikləri olan uşaqların da qripə qarşı peyvənd olunması tövsiyə edilə bilər. Bununla belə, peyvəndin tətbiqi zamanı uşağın sağlamlıq vəziyyəti və əvvəlki peyvəndlərə reaksiyası nəzərə alınmalıdır.
Peyvənddən sonra ciddi allergik reaksiya və ya digər ağır fəsadlar müşahidə olunarsa, növbəti dozaların vurulması məsələsi mütləq həkim tərəfindən qiymətləndirilməlidir”.