Məlum olduğu kimi İranda martın 8-də ölkənin yeni ali lideri (rahbər) kimi Müctəba Xamenei seçilib. Lakin onun həyatı ilə bağlı təhlükə və yaralanması barədə məlumatlar fonunda İranda mümkün varislik məsələsi yenidən müzakirə olunur.
Məlumatlara görə, Xamenei ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının ilk günündə yaralanıb. Bəzi mənbələr onun yüngül xəsarət aldığını bildirir, digərləri isə ayağının sındığını və ya daha ağır yaralandığını iddia edir.
Sherg.az-ın məlumatına görə, "Reuters" yazır ki, siyasətçi zədələnsə də, bu xəsarətlər onun fəaliyyətinə ciddi mane olmur. İran XİN də onun yaralandığını təsdiqləsə də, vəziyyətinin yaxşı olduğunu açıqlayıb.
İsrail rəsmiləri yeni İran liderinin hədəf ola biləcəyini bildiriblər. ABŞ Prezidenti Donald Trump da bəyan edib ki, Tehran Vaşinqtonun nüvə proqramı ilə bağlı şərtlərini qəbul etməzsə, yeni rəhbərlik uzun müddət hakimiyyətdə qala bilməz.
Mütəxəssislər bildirirlər ki, ölkədə ali lider postuna potensial namizədlərin sayı kifayət qədərdir. Dünyada təxminən 82 ayətullah var və onların 67-si İranda yaşayır.
Bundan əlavə, Qum və Məşhəd dini seminariyalarında hər il minlərlə din xadimi yüksək dini titul alır. Bu səbəbdən ehtiyac yaranarsa, İranın yeni ali lider seçməkdə namizəd çatışmazlığı yaşamayacağı bildirilir.