Müharibənin 2-ci Günü: İranın ali rəhbərliyi bir gecədə yox edildi

İran müharibəsinin ikinci günüdür. İranın ali dini lideri Xamenei hücumların ilk günündə öldürülüb.

Sherg.az xəbər verir ki, ABŞ və İsrailin başlatdığı İran müharibəsində 24 saat geridə qalıb. İranın ali dini lideri Xamenei, Müdafiə naziri və Baş Qərargah rəisi öldürülüb. İran yeni liderini seçəcək.

Pakistanın Kəraçi şəhərində ABŞ və İsrailin İrana təşkil etdiyi hücumlara etiraz edən qrup ABŞ Konsulluğuna daxil olmağa cəhd göstərib. Etirazçıların daş ataraq binaya girməyə çalışmasından sonra polis müdaxilə edib. Etirazçılarla polis arasında baş verən toqquşmada ilkin məlumata görə 9 nəfərin həyatını itirdiyi açıqlanıb.

İsrail ordusu İranın paytaxtı Tehrana qarşı yeni hücum dalğası başlatdığını elan edib. 28 fevralda başlayan hava əməliyyatı ilə bağlı İsraildən verilən açıqlamada əməliyyatın “Tehrana gedən yolu açmaq” məqsədilə həyata keçirildiyi bildirilib.

İranda öldürülən İnqilab Keşikçiləri Komandanı Məhəmməd Pakpurun yerinə təyin olunacaq yeni ad məlum olub. Yeni komandan kimi keçmiş daxili işlər naziri Əhməd Vahidi təyin edilib. İran dövlət televiziyası həmçinin İran Baş Qərargah rəisi Əbdülrəhim Musevinin və Müdafiə naziri Əziz Nasırzadənin də hücumlarda öldüyünü açıqlayıb.

İran dövlət televiziyası ABŞ və İsrailin hücumları nəticəsində dini lider Ayətullah Əli Xameneinin qızı, nəvəsi, gəlini və kürəkəni ilə birlikdə öldürüldüyünü açıqlayıb. 28 fevralda başlayan hava hücumlarında Xameneinin iqamətgahının bombalandığı peyk görüntüləri ilə təsdiqlənmişdi, lakin onun taleyi dərhal məlum olmamışdı. ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu Xameneinin öldüyünü iddia etmiş, bir neçə saat sonra isə İran mediası hadisəni təsdiqləmişdi.

İran müharibəsində Tehrandakı hədəflər vuruldu.