Türkiyə Müdafiə Nazirliyi NATO qüvvələrinin İrandan atılan daha bir ballistik raketi məhv etdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, qurum bunun üçüncü belə hadisə olduğunu qeyd edib.
“İrandan atılan və Türkiyə hava sahəsinə daxil olan balistik raket Şərqi Aralıq dənizində yerləşən NATO hava və raket müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Ölkəmizin torpaqları və hava məkanına yönələn hər cür təhdidə qarşı bütün zəruri tədbirlər qətiyyətlə və tərəddüdsüz həyata keçirilir, hadisənin bütün aspektlərinin aydınlaşdırılması üçün müvafiq ölkə ilə danışıqlar aparılır. Milli təhlükəsizliyimiz prioritet olaraq, bölgədəki bütün inkişaflar diqqətlə izlənir və qiymətləndirilir”, - nazirlik bildirib.
***
11:55
Türkiyə Müdafiə Nazirliyi Adana şəhərində tapılan raket qəlpələri ilə bağlı hələlik açıqlama verməyib.
Teleqraf xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
“Türkiyə Müdafiə Nazirliyinin rəsmi açıqlamasını gözləyirik. Sosial mediada raketin hissələrinin yanaraq yerə düşməsi ilə bağlı görüntülər var. Bunlar Adana sakinləri tərəfindən çəkilib.
Bu, müharibə başlayandan bəri İran tərəfindən atılan üçüncü raketdir. Əvvəlki iki raket Şərqi Aralıq dənizində yerləşdirilən NATO müdafiə sistemləri tərəfindən məhv edilib. Qalıqlar Türkiyə ərazisinə düşüb”, - kanalın Türkiyə müxbiri bildirib.
Xatırladaq ki, bundan əvvəl Adana ətrafında yerləşən İncirlik hərbi hava bazasında həyəcan siqnalı verilməsi barədə məlumat yayılıb. ABŞ qoşunlarının yerləşdiyi NATO aviabazasında sirenlər təxminən beş dəqiqə ərzində saat 3:25 radələrində səslənib.
Məlum olub ki, hava həyəcanı NATO-nun hava hücumundan müdafiə sistemləri İran tərəfindən buraxılan iki ballistik raketi uğurla məhv etdikdən sonra elan edilib.
NATO-nun hava hücumundan müdafiə sistemlərinin Türkiyə hava məkanında İrandan atılan ballistik raketi vurmasından dörd gün sonra baş verən hadisə ilə bağlı rəsmi şərh verilməyib. Bu, ABŞ və İsrailin fevralın 28-də İranda hərbi əməliyyata başlayandan bəri üçüncü belə haldır.