Naxçıvana getmək istəyənlər bilet tapa bilmir

Bu il ikiqat problem yaranıb, çünki quru sərhədləri bağlıdır
Bakıdan Naxçıvana və əks istiqamətə təyyarə ilə uçmaq əməlli-başlı müşkülə çevrilib. Bilet qıtlığı səbəbindən Naxçıvandakı aviakassalar qarşısında uzun növbələrin yarandığı deyilir. Bəzi sərnişinlər bunun günahını AZAL-ın blokada şəraitində olan Naxçıvana əlavə reyslər verməməsində görürlər. Hazırda Naxçıvana gündəlik 4 normal təyyarə reysi uçur, ancaq yay mövsümündə gediş-gəliş artdığından reyslər kifayət etmir, əlavə reyslərə ehtiyac yaranır. Bu vəziyyətdən ən çox yararlanan isə işbazlardır. Bəzən 60 manatlıq bileti 80 manata təklif edirlər. Problemi tez-tez gündəmə gətirənlərdən biri də millət vəkili Fazil Mustafadır. Deputat sosial şəbəkədə növbəti dəfə Naxçıvana gediş-gəlişdən giley-güzar edib:
"Yenə bir aydan artıqdır ki, Naxçıvana bileti böyük bir problemə çeviriblər. İran yolu bağlayıb, Naxçıvana bircə təyyarə yolu qalıb. Tələbat varsa, artırın təyyarələrin sayını. Bir neçə il öncə bileti 60 manata qaldırdılar, onsuz da bu qiymətə kefindən kimsə Naxçıvana getmir. Adamın ölüsü var, dirisi var, xəstəsi var, doğma yurd həsrəti var. Nədir bu bilet kassasının qarşısındakı zəhlətökən növbələr? 21-ci əsrdə bilet üçün bu qədər növbə olar? Qadını, yaşlısı, uşağı bilirsiniz nə çilə çəkir?  Elektron bilet satışını deyirdiniz, hanı o biletlər? Kim məsuliyyət daşıyır buna? Təcili əncam çəkilməlidir". 
"TNS” İnformasiya Agentliyinin baş redaktoru, naxçıvanlı jurnalist Tural Səfərov "Şərq"ə açıqlamasında bildirib ki, Naxçıvan Muxtar Respublikası blokada şəraitindədir. Jurnalist deyib ki, Naxçıvanla hazırda yeganə əlaqə vasitəsi hava nəqliyyatıdır: "Quru yolla yalnız İran ərazisindən keçməklə gediş mümkündür. Gürcüstan və Türkiyə üzərindən Naxçıvana getmək çox uzun məsafə deməkdir. Yəni ən optimal variant hava yoludur. İlk növbədə Naxçıvana təyyarə reyslərinin sayı artırılmalıdır. Hər il bu problemlə üzləşirik. Xüsusən yay aylarında Naxçıvana gediş-gəliş çətinləşir. Naxçıvan son illər elə despot rejim altında qalıb ki, əhalinin bir hissəsi yurdundan köç edib. Böyük bir hissəsi Bakıda, eləcə də digər bölgələrdə məskunlaşıblar. Onların Naxçıvanda qohum-əqrəbası, yaxınları yaşadığına görə Muxtar Respublikaya səfər etməli olurlar. Yay aylarında məzuniyyət götürərək öz yurdlarına dincəlməyə gedirlər. Bayram ərəfələrində də eyni problem yaşanır. İnsanlar qohumlarını, ailə üzvlərini ziyarətə gedə bilmirlər". 
  T.Səfərovun sözlərinə görə, bu il ikiqat problem yaranıb, çünki quru sərhədləri bağlıdır: "İran ərazisindən də keçmək mümkünsüzdür. AZAL Naxçıvana olan reyslərin sayını artırmalıdır. Əlavə reyslər olsa da, kifayət etmir, tələbat nəzərə alınmalıdır. İnsanlara zülm etmək olmaz. Naxçıvanda illərlə "inkişaf" görüntüsü yaradılıb, səhiyyənin "güclü" olduğu deyilib. Amma son dövrlər ortaya çıxan faktlar göstərdi ki, hamısı yalan imiş. Tibbi avadanlıqların əksəriyyəti işlək vəziyyətdə deyil. Belə olan halda Naxçıvan sakinləri məcburdur ki, xəstələrini Bakıya gətirsinlər. Təyyarə yoxdursa, insanlar nə etməlidir?! Naxçıvanda qalıb ölməlidirmi? Çox ciddi məsələdir və hökumətin də reaksiyası ciddi olmalıdır". 
Ekspert bu məsələdə AZAL-ın birtərəfli qaydada günahlandırılmasının da əleyhinə olduğunu söyləyib: "Vasif Talıbov dövründə Naxçıvan Beynəlxalq Hava Limanı AZAL-ın tərkibindən çıxarılaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin balansına verildi. Təyyarəsi olmayan bir hava limanı niyə Naxçıvanın balansında olmalıdır ki? Mən bunu məqbul hesab etmirəm. AZAL onu yenidən öz balansına qaytarmaq istəyir. Görünür, kimlərsə buna mane olmaqdadır. Bəlkə də AZAL o səbəbdən bu məsələyə soyuq yanaşır, təyyarə ayırmır. Bunu versinlər AZAL-a, ondan sonra əlavə reyslər tələb olunsun. Ən azından hökumət AZAL qarşısında tələb qoymalıdır ki, yay aylarında Naxçıvana əlavə reyslər təşkil edilsin. Naxçıvan artıq despot rejimdən xilas olub, gediş-gəliş çoxalıb, səfər edən turistlərin, xarici iş adamlarının sayı artıb. Əgər bir iş adamı Bakıdan Naxçıvana bilet tapa bilmirsə, onda hansı təəssürat yaranar, Naxçıvana necə investisiya qoya bilər? Bu məsələ Naxçıvana iş adamlarının cəlb olunmasını da əngəlləyir. Yəni sadəcə, naxçıvanlılara deyil, həm də bölgənin tərəqqisinə maneçilik törədir".