Paşinyan: “Yaxın vaxtlarda Bakı ilə sülh müqaviləsinin imzalanmasına fokuslanmaq lazımdır”

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyasına yaxın vaxtlarda diqqətin yönəldilməsinin vacibliyini bildirib.

Sherg.az xəbər verir ki, Paşinyan bu barədə sosial şəbəkələrdə yayımladığı video müraciətində danışıb.

“Bunu (müqavilənin imzalanmasını – red.) həyata keçirən kimi deyə biləcəyik ki, Ermənistan dövlətçiliyinin uzunömürlülüyünün təməlini qoymuşuq”, – deyə baş nazir bildirib.

Paşinyan sülh müqaviləsinin imzalanmasını daha əvvəl səsləndirdiyi “ilk dəfədir ki, tarixi təkrarlamır, onu yaradırıq” fikri ilə əlaqələndirib.

Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sülh sammitində paraflanıb. Hazırda tərəflər sənədin imzalanması və ratifikasiyası, sərhədlərin delimitasiyası, eləcə də nəqliyyat kommunikasiyalarının açılması istiqamətində işi davam etdirirlər.