Ordu quruculuğu yenə də əsas prioritetdir

Gələn il büdcə xərclərinin 10,9 faizi azad edilmiş ərazilərdə quruculuq işlərinə ayrılacaq

  Dünən Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə 2024-cü il üçün Büdcə Zərfinin müzakirəsi daxil edilib. Müzakirələrdə Baş nazir Əli Əsədov, maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Mərkəzi Bankın sədri Taleh Kazımov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov iştirak ediblər. Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, büdcə layihəsi ölkənin inkişafında müsbət meyilləri əks etdirir. Sədr bildirib ki, gələn il göstəricilərin rekord həddə olması dövlətimizin artan iqtisadi gücüdür: “Büdcənin sosialyönümlü olmasına xüsusi diqqət yetirilib. Dövlət büdcəsinin digər prioritetləri sırasında təhsil, müdafiə potensialının gücləndirilməsi, azad edilmiş ərazilərin bərpası diqqət mərkəzində saxlanılacaq. İnamla söyləmək olar ki, gələn il dövlət büdcəsinin həyata keçirilməsi Prezident İlham Əliyevin siyasətinin həyata keçirilməsinə, dövlət proqramlarının reallaşdırılmasına zəmin yaradacaq”.

Azad olunmuş ərazilərin bərpasına xərclənən vəsaitin həcmi açıqlanıb

  Maliyyə naziri Samir Şərifov azad olunmuş ərazilərin bərpasına xərclənən vəsaitin həcmini açıqlayıb. Onun sözlərinə görə, ölkəmizin tarixinə hərtərəfli tərəqqi illəri kimi daxil olan bu mərhələdə Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycanın dövlətçilik əsasları daha da möhkəmlənib. Nazir bildirib ki, bu mərhələdə ölkəmizin neft-qaz resurslarından məharətlə istifadə olunub: “Azərbaycan dövləti artıq 3 ildir ki, azad olunmuş ərazilərimizdə quruculuq işlərini sürətlə davam etdirir. 3 ildir dövlət büdcəsindən ayrılan vəsaitlə yanaşı, əlavə gəlirlər də azad edilmiş ərazilərdə quruculuq işlərinə yönəldilib. İndiyə kimi azad olunmuş ərazilərin bərpasına ümumilikdə 11 milyard manat vəsait xərclənib, cari ilin sonuna bu vəsaitin 12 milyard manata çatması gözlənilir. Azad olunmuş ərazilərin - Qarabağın və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqtrasiyası gələn illərdə də əsas prioritet olaraq qalacaq”.

"Büdcə xərclərinin 10,9 faizi azad edilmiş ərazilərdə quruculuq işlərinə ayrılacaq"

  Samir Şərifov deyib ki, gələn il büdcə xərclərinin 10,9 faizi azad edilmiş ərazilərdə quruculuq işlərinə ayrılacaq. Nazir bildirib ki, sərhədlərin toxunulmazlığının təmin edilməsi baxımından ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi əsas prioritet kimi saxlanılıb. S.Şərifov əlavə edib ki, Prezident İlham Əliyevin Xankəndidə keçirilən paradda dediyi kimi bütün vəzifələri həyata keçirmişik, ancaq ordu quruculuğu yenə də əsas prioritet olaraq qalacaq: “2024-cü ilin dövlət büdcəsində müdafiə qabiliyyətinin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması üzrə tədbirlərin maliyyələşdirilməsi prioritet olaraq qəbul edilib. Növbəti ildə azad edilmiş ərazilərdə quruculuq işlərinə dövlət büdcəsi xərclərinin 10,9 faizinə bərabər vəsait ayrılacaq. 2024-cü ilin dövlət büdcəsində prioritet istiqamətlərə ÜDM-nin 10,1- həcmində vəsait yönəldiləcək”. Nazir həmçinin səfərbərlik və digər ehtiyatların formalaşdırılması üçün dövlət büdcəsindən vəsait ayrılacağını da diqqətə çatdırıb.

"Su ehtiyatlarının səmərəli istifadəsinə nail olmaq üçün 0,5 milyard manat xərclənəcək"

  Maliyyə naziri bəyan edib ki, su ehtiyatlarının səmərəli istifadəsinə nail olmaq üçün 0,5 milyard manat xərclənəcək: "Gələn il kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi tədbirlərinin maliyyələşdirilməsi üçün 1 milyard 110 milyon manat vəsait ayrılacaq. Bu vəsaitin 507 milyon manatı su ehtiyatının səmərəli istifadəsinə xərclənəcək. 2024-cü ildən dövlət büdcəsindən sahibkarlığın inkişafına bir sıra maliyyə alətləri ilə dəstək verilməsi nəzərdə tutulur. İqtisadi sektora və sahibkarlığın inkişafına 100 milyon manat, işğaldan azad edilmiş ərazilərdə istifadə ediləcək kommunal xərclər üçün 35 milyon manat vəsait ayrılacaq. Müdafiə qabiliyyətinin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyası ilə yanaşı 2024-cü ildə dövlətimizin beynəlxalq aləmdə nüfuzunun artırılması, xarici ölkələrə, beynəlxalq təşkilatlara yardımların göstərilməsi üçün büdcədən vəsait ayrılması nəzərdə tutulub. Diplomatik nümayəndəliklərin xərcləri 7 faizdən çox artırılıb. Xaricdə yaşayan Azərbaycan diasporuna dəstək tədbirləri üçün 14 milyon manat vəsait ayrılacaq”.

"Qaz hasilatı və qeyri-neft sektoru neft gəlirlərində azalmanı qismən kompensasiya edəcək"

  Nazir əlavə edib ki, qaz hasilatı və qeyri-neft sektoru neft gəlirlərində azalmanı qismən kompensasiya edəcək: "Növbəti illərdə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-yə nisbətinin ardıcıl şəkildə azaldılması və büdcə xərclərinin daha çox qeyri-neft sektorundan olan daxilolmalar hesabına təmin edilməsi üzrə qəbul edilmiş fiskal siyasətin davam etdirilməsi vacibdir". O bildirib ki, hazırda dünya enerji bazarlarında mövcud əlverişli qiymət konyekturu fonunda aparıcı təşkilatlar tərəfindən ehtimal olunan neft qiyməti büdcə göstəricilərinin proqnozlaşdırılması zamanı mühafizəkar prinsiplər əsasında götürülən neft qiymətini üstələyir: “Təbii qaz hasilatı və satışının genişlənməsi, qeyri-neft sektorunda daxilolmaların artması neft gəlirlərində gözlənilən azalmanın qismən kompensasiya edilməsi, büdcə qaydasının hədəfləri çərçivəsində Dövlət Neft Fondunun aktivlərinin orta müddətli dövrdə dayanıqlı səviyyədə saxlanılmasına imkan yaradır”.

Dövlət şirkətləri üzrə divident siyasəti hazırlanacaq

  İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, anti-inflyasiya tədbirləri inflyasiya yavaşlamasına şərait yaradıb: "Cari ilin 10 ayında xarici ticarət balansında profisit 15 mlrd. dollar olub. Anti-inflyasiya tədbirləri inflyasiya yavaşlamasına şərait yaradıb. Nəticədə 2023-cü ilin 9 ayında inflyasiya 10,9 faiz təşkil edib”.
  Mikayıl Cabbarov vurğulayıb ki, hazırda qeyri-neft-qaz sektorunda strateji layihələr üzrə istiqamətlərin müəyyən edilməsi ilə bağlı işlər aparılır: "Qarşıdakı digər mühüm vəzifə dövlət şirkətlərinin fəaliyyətini yenidən qurmaqla onların fəaliyyətinin səmərəsini artırmaq və dövlət büdcəsinə dividend ödənişinin edilməsini aşılamaqdır. Bu da artıq dövlət büdcəsində öz əksini tapır. Bu, İnvestisiya Holdinqinin yaradılması ilə dövlət şirkətlərinin fəaliyyətində əldə olunmuş nəticələrlə köklü bağlıdır. Təsadüfi deyil ki, ötən il Holdinqə daxil olan 12 şirkətdən artıq 8-i dividend ödəmək qabiliyyətinə malikdir. Həmin şirkətlərin cəmi əməliyyat mənfəətliliyi artıq 15 milyard manatı keçib. Bu göstərici 2020-ci ildə 4-5 milyard manat ətrafında olub. Gələn ilin dövlət büdcəsində SOCAR üzrə əhəmiyyətli dərəcədə dividend ödənişi nəzərdə tutulub. Növbəti illərdə digər dövlət şirkətləri üzrə də dividend siyasətinin hazırlanmasını vacib hesab edirik. İnvestisiya Holdinqinin Müşahidə Şurasında Baş nazirin rəhbərliyi ilə bu istiqamətdə fəaliyyətlər həyata keçirilir”.

"Mərkəzi Bankın valyuta ehtiyatları 1 milyard 248 milyon ABŞ dolları artıb"

  Mərkəzi Bankın sədri Taleh Kazımov deyib ki, Mərkəzi Bankın valyuta ehtiyatları 1 milyard 248 milyon ABŞ dolları artıb: "Mərkəzi Bankın bu ilin 10 ayında keçirdiyi valyuta hərraclarının 99-da təklif tələbi üstələyib". O bildirib ki, AMB-nin ehtiyatları 1 milyard 248 milyon ABŞ dolları artıb: “Valyuta bazarında məzənnə sabitliyinin təmin edilməsi məqsədilə AMB bazara alışyönümlü müdaxilələr həyata keçirib. Bunun sayəsində AMB-nin ehtiyatları 1 milyard 248 milyon ABŞ dolları artıb”.

"Hüquqi şəxslərin xarici valyutada depozitlərinin həcmi azalıb"

  Taleh Kazımov bildirib ki, fiziki şəxslərin xarici valyutada əmanətlərinin payı 4.1 faiz bəndi azalaraq 35.1 faizə enib. O qeyd edib ki, hüquqi şəxslərin xarici valyutada depozitlərinin payı isə 10.8 faiz bəndi azalaraq 42 faiz təşkil edib". Mərkəzi Bankın sədri əmanətlərlə bağlı narahatlıq doğuran iki məqamı açıqlayıb. O, Mərkəzi Bankı narahat edən bir məqamı qeyd edib. Onun sözlərinə görə, bir ilədək əmanətlərin ümumi əmanətlərdə payı 81 faiz təşkil edir. Bu isə o deməkdir ki, bizim banklarımızın uzunmüddətli maraqları kifayət qədər deyil ki, aktiv biznes kreditləri versinlər". Sədr ikinci narahatlıq doğuran məqamı da nəzərə çatdırıb: “30 min manatadək əmanəti olan əmanətçilərin sayı ümumi əmanətçilərin sayında 73 faiz təşkil edir. Bu o deməkdir ki, əhali daha çox 30 min manatadək əmanətlər yerləşdirir. Bu sahədə fevral ayından azalma müşahidə edirik". T.Kazımov bildirib ki, ilk dəfə olaraq banklararası bazarın yaranması böyük nailiyyətdir: "AMB-nin maliyyə sabitliyi siyasəti ödənişlərin fasiləsizliyinə yönəlib. Kredit portfelimiz 9 ayda 14 faiz artıb. Bank sektoruna və manata inam artıb”.

"Valyuta kreditlərinin payı 19 faizə enib, bu da tarixi minimumdur"

  Mərkəzi Bankın sədri bildirib ki, valyuta kreditlərinin payı 19 faizə enib, bu da tarixi minimumdur: "Bank sektorunun dayanıqlılığı diqqətdə saxlanılır. Hazırda sektorda kapital mövqeyi minimum tələbi iki dəfə üstələyir. Bu dövrdə sahibkarların maliyyəyə çıxışı genişləndirilir. 9 ayda kredit portfelimiz 14 faiz, biznes kreditləri isə 11 faiz artıb. Biznes kreditləri ümumi kredit portfelinin 54 faizini təşkil edir. Valyuta kreditlərinin payı 19 faizə enib, bu da tarixi minimumdur. Kredit portfelinin keyfiyyəti qənaətbəxşdir. Qeyri-işlək kredit portfeli 3,5 faiz səviyyəsinə enib. Bank sektoruna və manata inam artıb. Cari 9 ayda milli valyutada əhalinin əmanətləri 15,6 faiz və ya 1,1 milyard manat artaraq 8 milyard manat təşkil edib”.

“Dövlət satınalmaları haqqında” qanun gözlənilən rola malik olmadı"

  Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, “Dövlət satınalmaları haqqında” qanun və onun tətbiqi ilə bağlı mexanizmlər, son üç il qismən istisna olmaqla, dayanıqlı meyarların müəyyən edilməsi və ümumiyyətlə təşkilatların fəaliyyətinin nəticəliyinin artırılmasında gözlənilən əhəmiyyətli rola malik olmayıb. Palata sədri bildirib ki, növbəti ilin əvvəlindən satınalmalarla bağlı yeni qanun qüvvəyə minəcəkdir. Hazırkı “Dövlət satınalmaları haqqında” qanun 22 il qüvvədə olub: “Bu illər ərzində 110-dan, o cümlədən 75-dən çox mahiyyəti üzrə dəyişikliklər edilib. Satınalmanın son məqsədi vəzifələri yerinə yetirərkən təşkilata dəyər əlavə etməkdir. Satınalma fəaliyyəti təşkilatın işinin yerinə yetirilməsi üçün lazımi məlumatları əldə etməklə gündəlik olaraq təşkilat mandatlarını dəstəkləyir. 2024-cü ilin dövlət büdcəsinin satınalma xərcləri yeni qanunun tələbləri əsasında aparılacaq. Hesab edirik ki, yeni qanunun qüvvəyə minməsi ilə büdcə vəsaitindən istifadə edən qurumlar növbəti ildən satınalma ilə bağlı yeni siyasət müəyyən etməli, planlaşdırma işlərinə vaxtında başlamalı və qanunun tələblərinə ciddi riayət etməlidirlər”.