"Bu gedişlə, bir neçə həftə ərzində yeni bir partiya qurulacaq"
"CHP səslərinin böyük bir hissəsinin Özgür Özəllə birlikdə gedəcək. Təxminən dörddə biri CHP-də qalacaq"
Türkiyə siyasətində son dövrlər müzakirə olunan əsas məsələlərdən biri də Cümhuriyyət Xalq Partiyasında (CHP) yaşanan daxili proseslər və bunun müxalifətin gələcəyinə mümkün təsirləridir. Partiya rəhbərliyi ətrafında gedən müzakirələr, yeni siyasi təşkilatlanma ehtimalları və növbəti seçkilərlə bağlı ssenarilər Türkiyə siyasi gündəminin əsas mövzularından birinə çevrilib.
Siyasi Elmlər və Beynəlxalq Münasibətlər üzrə mütəxəssis Alihan Limoncuoğlu Sherg.az-a CHP daxilindəki proseslər və yaxın günlərdə mümkün ola biləcək hadisələrdən danışıb:
"Zaman irəlilədikcə Özgür Özəl və Kamal Kılıçdaroğlu arasında anlaşma ehtimalı azalır. Bu gedişlə, bir neçə həftə ərzində yeni bir partiya qurulacaq.
Ümumi seçkilərin 2027-ci ilin noyabrında keçirilməsi nəzərdə tutulsa da, onların daha erkən tarixə çəkilməsi ehtimalı var. Buna görə də partiyanın həmin vaxta qədər hazır olması lazımdır.
CHP səslərinin böyük bir hissəsinin Özgür Özəllə birlikdə gedəcək. Təxminən dörddə biri CHP-də qalacaq, bir hissəsi isə başda İYİ Partiya olmaqla digər partiyalar arasında bölünəcək. Qalan səslərin isə yarısından bir qədər çoxunu Özgür Özəl alaraq yeni partiyaya aparacaq. Təbii ki, bundan əmin olmaq üçün Özgür Özəlin quracağı yeni partiyanın siyasi baxımdan harada mövqe tutacağını görmək lazımdır".
Ekspert vurğulayıb ki, baş verənlərin ümumi seçkilərə böyük təsiri olmayacaq:
"Çünki seçkilər prezident idarəetmə sistemi çərçivəsində keçiriləcəyi üçün əsas məsələ namizədin kim olacağıdır. Hazırkı mərhələdə Özgür Özəl müxalifətin namizədi olmaq baxımından ən güclü namizəd hesab olunsa da, bu üstünlüyünü hazırda uduzub".