Ermənistan mallarının ixracına yaradılan əngəllərlə bağlı problem tezliklə həll edilməsə, Avrasiya İqtisadi İttifaqı (Aİİ) dağıla bilər.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.
Baş nazir bildirib ki, yaranmış vəziyyət təkcə Ermənistanın deyil, bütövlükdə ittifaqın problemidir:
"Hazırda təşkilat iflic vəziyyətindədir, normal işləmir. Əgər məsələ tezliklə həllini tapmasa, bu, Aİİ-nin sonunun başlanğıcı olacaq".
Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığına toxunan Paşinyan qeyd edib ki, Ermənistanın özünə başqa yollar və tərəfdaşlar axtarmaq üçün tam qanuni haqqı var. O, bu barədə Rusiya liderinə də məlumat verdiyini vurğulayıb: "Ermənistanın alternativsiz qalması dövrü artıq geridə qalıb. Bütün məsələlərdə hər zaman başqa alternativlərimiz olmalıdır".
Hökumət rəhbəri ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlük, yoxsa Aİİ-də qalmaqla bağlı keçirilə biləcək referendumdan da danışıb. O qeyd edib ki, belə bir səsvermə keçirməzdən əvvəl Ermənistan ən azı rəsmi şəkildə Avropa İttifaqına üzv olmaq üçün müraciət etməlidir.