Paşinyanın qarşısındakı ən böyük maneə Azərbaycan yox, Rusiyadır - Natiq Miri

  • Kreml Ermənistanın Baş nazirdən təcili seçim istəyir - Avropa Birliyi, yoxsa Avrasiya İttifaqı?

Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra hakimiyyətin yenidən formalaşdırılması prosesi Konstitusiyanın tələblərinə uyğun şəkildə davam edir. Seçkilərdə qələbə qazanan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının yenidən hökuməti formalaşdırmağa hazırlaşdığı bir vaxtda Baş nazir Nikol Paşinyan hazırkı Nazirlər Kabinetinin son iclasının keçirildiyini açıqlayıb.

O bildirib ki, hökumət yaxın günlərdə istefa verəcək, bundan sonra isə parlament çoxluğunun irəli sürdüyü namizəd Baş nazir təyin olunacaq və yeni hökumətin formalaşdırılması prosesi başlayacaq. Paşinyanın açıqlaması Ermənistanda yeni siyasi mərhələyə keçidin rəsmi başlanğıcı kimi qiymətləndirilir.

Politoloq Natiq Miri Sherg.az-a bildirib ki, Ermənistan parlament respublikası olduğu üçün hökuməti də parlament formalaşdırır və Nikol Paşinyanın 2021-ci ildə növbədənkənar parlament seçkiləri keçirməsindən sonra formalaşan hökumət öz müddətini başa vurub:

“Həmin hökuməti formalaşdıran parlament də artıq öz səlahiyyət müddətini bitirib. Ona görə də Konstitusiyaya əsasən, 2026-cı il avqustun 7-də keçirilən parlament seçkilərinin nəticələrinə uyğun olaraq ən çox səs alan siyasi qüvvə parlamentdə baş nazir vəzifəsinə öz namizədini irəli sürəcək. Nəticə etibarilə də baş nazir sonradan hökuməti formalaşdırmaq səlahiyyəti alacaq. Ona görə də bu, konstitusion prosedurdur və parlament vasitəsilə hər şey öz qaydasında həyata keçiriləcək. Əslində, yeni parlament və hökumətin formalaşması Azərbaycanla münasibətlərdə, o cümlədən regional siyasətdə elə də ciddi dəyişiklik yaratmayacaq. Çünki hökumət başçılığına namizəd Nikol Paşinyandır və onun siyasəti bəllidir. Həm seçkidən əvvəl, həm seçki prosesində, həm də seçkilərdən sonra verdiyi açıqlamalar göstərir ki, Nikol Paşinyan Azərbaycanla sülh prosesinin davam etdirilməsinin tərəfdarıdır”.

Politoloq qeyd edib ki, Nikol Paşinyanın parlament seçkilərində qalib gəlməsinin əsas səbəblərindən biri də sülh şüarı ilə seçkiyə getməsi idi:

“Xalq da seçim qarşısında sülhün lehinə səs verdi. O baxımdan, Azərbaycanla münasibətlər sülh kontekstində davam edəcək. Sadəcə, Nikol Paşinyanın qarşısında müəyyən əngəllər var və bu əngəllər daha çox Rusiya rəhbərliyi ilə əlaqəlidir. Çünki Rusiyanın çox ciddi tələbləri var və bu tələblərdən başlıcası Ermənistanın təcili qaydada referendum keçirərək Avropa Birliyi, yoxsa Avrasiya İqtisadi Birliyindən yana olduğunu müəyyənləşdirməsidir. Bunun qısa müddətdə həyata keçirilməsi tələb olunur. Nikol Paşinyanla Rusiya Prezidenti arasındakı telefon danışığı da bu buzların ərimədiyini açıq şəkildə ortaya qoydu. Digər tərəfdən, Nikol Paşinyanın yeni Konstitusiyanın qəbul edilməsi məsələsi də gündəmdədir ki, Azərbaycanın da bu məsələdə maraqları var”.

Analitik əlavə edib ki, Nikol Paşinyanın qarşıdakı bir il ərzində siyasi gündəminin kifayət qədər sıx və problemli olacağı hiss olunur:

“Ancaq Nikol Paşinyanın hökumət başçısı kimi region dövlətləri ilə münasibətləri tənzimləmək, regional əməkdaşlığı inkişaf etdirmək və təbii ki, bu proses çərçivəsində əsas hədəf olan Avropa Birliyinə inteqrasiyanı tədricən dərinləşdirmək niyyəti var. Buna baxmayaraq, gördüyünüz kimi, Paşinyanın qarşısında ciddi əngəllər də mövcuddur. Xüsusilə də Rusiya amili. Həm Rusiya, həm də Avrasiya İqtisadi Birliyi səviyyəsində Ermənistana qarşı ciddi iqtisadi məhdudiyyətlər tətbiq olunur. Erməni məhsullarının alınmasına qoyulan qadağalar Ermənistan üçün hazırkı vəziyyətdə müəyyən iqtisadi və maliyyə problemləri yaradır.

O baxımdan, ən azı yaxın bir il Nikol Paşinyan üçün çətin keçəcək. Əlbəttə, konstitusiya dəyişiklikləri ilə bağlı da onun müəyyən problemləri olacaq. Çünki konstitusiya çoxluğu məsələsində, parlamentdə Vətəndaş Müqaviləsinin qazandığı səslərə baxmayaraq, müəyyən çətinliklər yarana bilər. Ancaq ümumilikdə söhbət parlament çoxluğundan gedirsə, əksəriyyət Nikol Paşinyanın tərəfindədir. Ona görə qanunvericilik təşəbbüslərinin və parlamentdə bir çox qərarların qəbulunda ciddi problem olmayacaq. Lakin referendumların və ola bilsin ki, bəzi beynəlxalq qərarların qəbulunda konstitusiya çoxluğuna ehtiyac yaranacaq və məhz burada müəyyən problemlər yaşana bilər. O baxımdan, Nikol Paşinyan da sakit oturub gözləmir. Görürsünüz ki, müxalifətə qarşı ciddi hücumlar, ittihamlar, həbs qərarları və açılan cinayət işləri var. Bütün bunlar təzyiq mexanizmi kimi qiymətləndirilməlidir. Nəticənin nə olacağını isə perspektivdə görəcəyik. Ancaq hər bir halda bu, müxalifəti ciddi şəkildə sarsıtmaq, qorxutmaq və Nikol Paşinyanın istədiyi nəticələri əldə etmək məqsədi daşıyan siyasət kimi görünür”.