Mebel istehsal edirdi, müharibə həyatını dəyişdi! Ordunun silah ehtiyacını qarşılayır

Rusiya-Ukrayna müharibəsinin başlaması ilə müasir döyüş mühitinə dair bir çox məlum qayda və doktrina ciddi şəkildə dəyişib. Münaqişə zamanı dron sistemlərindən istifadənin artması ilə baş verən bu dəyişiklik həm Rusiyanın, həm də Ukraynanın hərbi sənayesinə ciddi təsir göstərib.

Bu vəziyyəti fürsət kimi qiymətləndirən bəzi şirkətlər hər gün təsirini artıran dronların başlatdığı transformasiyadan yararlanaraq sektorlarını dəyişib və hərbi sənayeyə keçiblər.

Sherg.az xəbər verir ki, bu transformasiyanın Ukraynadakı ən diqqətçəkən nümunələrindən biri isə hazırda Ukrayna ordusunun silah ehtiyacını qarşılayan ən mühüm silah istehsalçılarından birinə çevrilən, müharibədən əvvəl veranda və açıq hava mebelləri istehsal edən qadın memar İrina Terekhdir.

“Müdir olmağın ən yaxşı tərəflərindən biri geyim qaydalarını özünüzün müəyyən etməsi ola bilər. Tammiqyaslı işğal başlayanda Ukraynada yaşayan bir çox insan fərdi olaraq necə faydalı ola biləcəyini düşünməli oldu. Hansı bilik və təcrübənin necə faydaya çevriləcəyini əvvəlcədən təxmin edə bilməzsiniz”. - deyir İrina Terekh.

Ukraynanın şimalındakı İrpin şəhərində memarlıq təhsili alan Terekh dizayn və idarəetmə sahəsində ixtisaslaşıb. 34 yaşlı qadın peşə fəaliyyətində daha əvvəl beton şirkətinin yaradılmasına rəhbərlik edib. Bununla yanaşı, müharibədən əvvəl veranda və açıq hava mebelləri istehsal edən şirkəti də olub.

Lakin bu vəziyyət Rusiyanın Ukraynaya müdaxiləyə başlamasından sonra Terekhı əvvəllər çox təcrübəsinin olmadığı və özünün də proqnozlaşdıra bilmədiyi bir sahəyə - hərbi sənaye və dron istehsalına yönəldib.

İrpin Rusiyanın 2022-ci ildə başlatdığı hücumlardan qısa müddət sonra işğal edilib və şəhərin böyük hissəsi döyüşlər zamanı dağıdılıb. İrpin Rusiya ordusu tərəfindən işğal edilən günlərdə Terekh Ukrayna ordusuna necə dəstək ola biləcəyini düşünməyə başlayıb.

Gənc qadın həmin günlərdə düşündüklərini belə ifadə edib:

“Düşmənimiz qarşısında nə qədər müdafiəsiz olduğumuzu anladım. Bu müharibəni qazanmaq üçün ortaya qoya biləcəyim hər hansı bacarığım varsa, bunu etməliyəm”.

Terekh Rusiya ordusunun İrpini ələ keçirməsindən sonra həyatının mühüm hissəsinin keçdiyi bu şəhəri tərk etmək məcburiyyətində qalıb.

Müharibə başladıqdan qısa müddət sonra Ukrayna ordusu Rusiyanı dron sistemləri ilə hədəfə almağa başlayıb. Rusiya isə bu hücumlara cavab olaraq ilk mərhələdə İrandan tədarük etdiyi “Şahid-136” kamikadze dron sistemlərindən istifadə edib.

Rusiya qısa müddət ərzində bu sistemi daha da təkmilləşdirərək öz imkanları hesabına istehsal etməyə başlayıb və “Geran-2” adlı yeni kamikadze dron sistemini hazırlayıb.

Bu zaman yeni dron sistemləri istehsal etməyi planlaşdıran tək tərəf Rusiya deyildi. Ukrayna tərəfdə də bunu etmək istəyənlər arasında Terekh və onun tərəfdaşları var idi.

İrina Terekh sadə dron sistemlərinin müharibədə ön plana çıxması ilə Ukrayna ordusuna faydalı olmaq üçün nə edə biləcəyinə qısa müddətdə qərar verib və bu ideyanı həyata keçirmək üçün müharibədən əvvəl birlikdə işlədiyi iş adamı Denis Ştilerman və film prodüseri Yeqor Skaliha ilə tərəfdaşlıq yaradıb.

“Fire Point” adlı müdafiə şirkətində daha əvvəl hərbi mühəndislik sahəsində təcrübəsi olan yeganə şəxs Denis Ştilerman olub. Bu sahə Terekh və Skaliha üçün yeni idi.

Yeni yaradılan şirkət başlanğıcda gündə cəmi 20 dron istehsal etməyi hədəfləyirdi. 2024-cü ilə gəldikdə isə şirkətin istehsal etdiyi F-1 tipli dronlar müntəzəm olaraq Rusiya aerodromlarına, sursat anbarlarına və neft emalı zavodlarına qarşı hücumlarda istifadə olunurdu.

Kiyevin hücumlarda dronlardan istifadəsini artırması nəticəsində Terekh və tərəfdaşlarının yaratdığı şirkətin istehsal gücü də tədricən artmağa başlayıb. Tələbatın yüksəlməsi səbəbindən “Fire Point” şirkətinin gündəlik dron istehsal gücü 300-400 ədədə çatıb.

Fəaliyyətə başlayanda yalnız dron istehsal edən şirkət qısa müddət ərzində məhsul çeşidini də genişləndirib və qanadlı raket istehsalına başlayıb.

“Fire Point” tərəfindən istehsal edilən sistemlər ötən ay Ukraynanın həyata keçirdiyi hücum zamanı təxminən 1 600 kilometr uzaqlıqdakı hədəfi vurub.

Terekh Ukraynanın Rusiyaya qarşı həyata keçirdiyi hücumların ən azı 60 faizində təsisçisi olduğu şirkətə məxsus silah sistemlərindən istifadə edildiyini iddia edib.

Ekspertlərin fikrincə, Terekh və tərəfdaşlarının yaratdığı şirkət Ukraynada baş verən transformasiyanın mühüm göstəricilərindən biridir. Bu tip şirkətlər Ukraynanın hərbi yardım alan ölkədən öz hərbi sənayesini formalaşdıran ölkəyə çevrilməsi baxımından mühüm inkişaf kimi qiymətləndirilir.

Ölkədə “Fire Point”a bənzər çoxsaylı şirkət fəaliyyət göstərir.

Rabitə və naviqasiya texnologiyaları ilə amerikalı investorların diqqətini çəkən “Sine Engineering” şirkətinin təsisçisi müharibədən əvvəl iş masaları istehsal edən şirkət idarə edirdi.

Pilotsuz uçuş aparatları üçün avtonom yönləndirmə sistemləri istehsal edən “Fourth Law” şirkətinin təsisçisi Yaroslav Ajnük isə bundan əvvəl amerikalı biznes sürətləndirmə proqramı “Y Combinator” tərəfindən dəstəklənən ev heyvanları texnologiyası startapı “Petcube”u qurmuşdu.

Ukraynada hərbi sistemlər istehsal edən şirkətlər üçün mövcud sistemin yaxşı işlədiyini düşünən Terekh bu mexanizmi belə izah edib:

“Bu üsul Ukraynada işləyir, çünki bürokratiya ilə çox az təmasınız olur və ordu ilə birbaşa əlaqəmiz var. Bunun sayəsində sürətli reaksiya verən şirkətlərimiz mövcuddur və problemlərə dərhal həll tapmaq mümkündür”.

Ukraynada tətbiq olunan bu sistem səmərəli hesab edildiyi üçün bir sıra Qərb ölkələri tərəfindən də izlənilir.

Bu çərçivədə yaxın gələcəkdə ABŞ və Ukrayna hökumətlərinin Ukraynanın ABŞ-a hərbi texnologiya ixracını artırmasına və Amerika şirkətləri ilə birgə müəssisələr yaratmasına imkan verəcək yeni müdafiə sazişi imzalaması gözlənilir.

Terekh “Fire Point”in əsas prioritetinin Ukraynanın müdafiəsi olaraq qalacağını bildirsə də, gələcəkdə daha yeni və genişmiqyaslı Qərb təhlükəsizlik arxitekturasında rol oynamaq ideyasına müsbət yanaşdıqlarını deyib.

O bildirib:

“Ukraynanın yalnız ‘dünyanın taxıl anbarı’ olmaqdan çıxmasını təmin etməliyik. Artıq təklif edə biləcəyimiz daha dəyərli bir şey var və müdafiə sənayesi bunun üçün çox böyük hərəkətverici qüvvədir”.