- Bu mesajın tarixi düşmənçilikdən imtina və qonşularla dinc yanaşı yaşamaq siyasətinə çevrilib-çevrilməyəcəyini bundan sonrakı addımlar göstərəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin əsas prioritetinin Azərbaycan və Türkiyə ilə sülhə nail olmaq olduğunu bildirib və ermənilərin türklərə qarşı düşmən münasibətinin formalaşmasında xarici qüvvələri günahlandırıb.
Paşinyan noyabrın 18-də parlamentdə deputatların suallarını cavablandırarkən bu fikirləri səsləndirib.
O bildirib ki, 1870-ci illərdən etibarən ermənilərin şüuruna təsir göstərməyə və onları idarə etməyə çalışan qüvvələr “türk, türk, türk” şüarını ön plana çəkərək cəmiyyətdə düşmənçilik formalaşdırıblar:
“Xarici qüvvələr bizi türklərə düşmən etdi. Və bütün bunlar bununla bitdi. Bütün düşüncə sistemimiz alt-üst oldu”.
Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulmasına görə hökumətinə ünvanlanan tənqidlərin onları tutduqları yoldan döndərməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, əsas məsələ uzaq ölkələrlə deyil, Ermənistanın ən yaxın qonşuları ilə davamlı sülh yaratmasıdır.
Baş nazir müxalifətin Azərbaycanla sülh sazişini “Əliyevin sülhü” adlandırmasını da qəbul etməyib. O, sənədin ikitərəfli xarakter daşıdığını və yalnız münaqişə yaşamış iki ölkənin liderləri tərəfindən imzalana biləcəyini bildirib.
“Əliyevlə bir sənəd imzalamalıyam. Artıq bir sənəd imzalamışam. Sülhü dönməz etmək üçün daha bir sənəd imzalamalıyam”, - deyə Paşinyan qeyd edib.
Paşinyanın parlamentdə səsləndirdiyi bu fikirlər Ermənistanın uzun illər formalaşdırılmış siyasi düşüncəsində dəyişiklik cəhdinin növbəti nümunəsi kimi diqqət çəkir. Baş nazirin 1870-ci illərdən etibarən xarici qüvvələrin erməniləri türklərə qarşı yönəltdiyini deməsi, əslində, Ermənistan cəmiyyətində düşmənçilik üzərində qurulmuş yanaşmanın yenidən nəzərdən keçirilməsinə çağırışdır.
Paşinyanın açıqlamasında diqqət çəkən əsas məqam odur ki, o, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını sadəcə diplomatik seçim deyil, Ermənistanın gələcək inkişafı üçün zəruri istiqamət kimi təqdim edir. Bu yanaşma regionda yaranmış yeni reallıqların İrəvan tərəfindən qəbul edilməsinin göstəricisi kimi qiymətləndirilə bilər. Çünki Ermənistanın iqtisadi, nəqliyyat və təhlükəsizlik baxımından perspektivləri onun qonşularla münasibətlərindən birbaşa asılıdır.
Baş nazirin xarici qüvvələrə ünvanladığı ittiham isə ayrıca siyasi məna daşıyır. Paşinyan bununla Ermənistanın tarixi düşmənçilik mühitinin formalaşmasında xarici təsirlərin rolunu qabardır. Bu, eyni zamanda, erməni cəmiyyətində uzun illər möhkəmlənmiş stereotiplərin dəyişdirilməsinin vacibliyinə dair mesajdır. Bununla belə, belə bir siyasi ritorikanın cəmiyyətdə real dönüşə çevrilməsi üçün yalnız bəyanatlar kifayət deyil. İctimai düşüncədə dəyişiklik konkret addımlar və ardıcıl siyasətlə müşayiət olunmalıdır.
Azərbaycanla sülh sazişinin “Əliyevin sülhü” adlandırılmasına etiraz etməsi də Paşinyanın daxili auditoriyaya ünvanladığı mesajlardan biridir. O, sülhün birtərəfli güzəşt deyil, iki dövlətin üzərinə götürdüyü qarşılıqlı öhdəlik olduğunu göstərməyə çalışır. Bu mövqe Ermənistan daxilində sülh prosesinə qarşı çıxan qüvvələrin arqumentlərinə cavab kimi də dəyərləndirilməlidir.
Lakin əsas məsələ Paşinyanın açıqlamalarının real siyasi qərarlara və praktiki addımlara çevrilməsidir. Azərbaycan-Ermənistan münasibətlərində etimadın formalaşması üçün sülh sazişinin imzalanması ilə yanaşı, öhdəliklərin icrası, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması istiqamətində də konkret nəticələr əldə olunmalıdır. Türkiyə ilə münasibətlərin normallaşması da bu prosesin regional miqyasını genişləndirə bilər.
Beləliklə, Paşinyanın “xarici qüvvələr bizi türklərə düşmən etdi” etirafı Ermənistanın siyasi diskursunda diqqətçəkən mesajdır. Ancaq bu mesajın tarixi düşmənçilikdən imtina və qonşularla dinc yanaşı yaşamaq siyasətinə çevrilib-çevrilməyəcəyini bundan sonrakı addımlar göstərəcək.