Avropa Jurnalistlər Federasiyası Ermənistanın baş naziri Nikol Paşinyanın jurnalistlərə münasibətdə istifadə etdiyi ritorikanı pisləyib və hökumət başçısını media nümayəndələrini nüfuzdan salmaq və qorxutmaq cəhdlərinə son qoymağa çağırıb.
Sherg.az xəbər verir ki, Avropa Jurnalistlər Federasiyası (EFJ) Ermənistan Jurnalistlər İttifaqının Paşinyana ünvanladığı çağırışı dəstəkləyib. Federasiya baş naziri jurnalistlərlə ünsiyyətdə hörmətli ton saxlamağa, təmkin nümayiş etdirməyə və onların peşə fəaliyyətinə, hətta mövqeləri onun baxışları ilə üst-üstə düşmədiyi halda belə, hörmətlə yanaşmağa çağırıb.
Federasiya Ermənistan Jurnalistlər İttifaqının Paşinyan və onun siyasi komandasının uzun müddətdir fikirlərini qeyd-şərtsiz bölüşməyən, hökumət başçısına narahatlıq yaradan suallar ünvanlayan media qurumlarını və jurnalistləri hədəfə aldığı barədə bəyanatına da diqqət çəkib.
EFJ bəyanatında Ermənistan hakimiyyətini jurnalistlərə qarşı düşmən ritorikasına dərhal son qoymağa, onların peşə fəaliyyətini həyata keçirməsinə mane olan, nüfuzdan salmağa və qorxutmağa yönələn istənilən cəhdləri dayandırmağa çağırıb.
Federasiyanın prezidenti Maya Sever bildirib ki, jurnalistin təhqir olunması sadəcə bir şəxsə qarşı hücum deyil, həm də ifadə azadlığına və demokratik cəmiyyətin dəyərlərinə zərbədir.
O vurğulayıb ki, hökumət başçısı kimi baş nazirin xüsusi məsuliyyəti var və o, jurnalistlərə, eləcə də onların peşə fəaliyyətinə hörmətlə yanaşmağa borcludur.
Qeyd edək ki, bundan əvvəl Ermənistan Jurnalistlər İttifaqı Nikol Paşinyanı media nümayəndələrinə qarşı “müharibə elan etməkdə” ittiham etmişdi. Təşkilat baş nazirin jurnalist Ripsime Cebecyana ünvanladığı ifadələri və istifadə etdiyi ritorikanı pisləmişdi. Noyabrın 19-da hökumətdə keçirilən brifinq zamanı Paşinyan jurnalisti “iyrənc” adlandırmışdı.