Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında 2026-2031-ci illər üçün yeni proqramı təqdim edərkən bildirib ki, hökumətin proqramında Qarabağ hərəkatının məntiqi yer almır.
Sherg.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, Ermənistanın orta və yaşlı nəslinin demək olar ki, bütün siyasi xadimləri, eləcə də gənc nəslin bir çox nümayəndəsi Qarabağ hərəkatının ideologiyası ilə bağlı olub.
O bildirib ki, hökumət son illərdə uzun müddət “qapalı qalan səhifələri yenidən oxumaq” qərarına gəlib. Bu yanaşmanın yenidən nəzərdən keçirilməsi nəticəsində “sülh gündəliyi” və “real Ermənistan” konsepsiyası formalaşıb.
Paşinyan qeyd edib ki, yeni mərhələdə hökumət böhran idarəçiliyindən adi idarəetməyə keçəcək, insan hüquqlarının möhkəmləndirilməsinə, iqtisadi diplomatiyaya, süni intellektin yayılması və səhiyyə məsələlərinə daha çox diqqət ayıracaq.
Yeni proqramda Xarici İşlər Nazirliyinin adının Xarici İşlər və Xarici Ticarət Nazirliyi olaraq dəyişdirilməsi də nəzərdə tutulur.
Proqramın yekun hissəsində dövlət ideologiyasında baş verən dərin dəyişikliklər nəzərə alınaraq, Ermənistanın Üçüncü Respublikadan Dördüncü Respublikaya keçidinin elan edilə biləcəyi bildirilir.
Hökumətdə təsdiqləndikdən sonra 2026–2031-ci illəri əhatə edən proqram təsdiq üçün parlamentə təqdim olunacaq.