İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin İranın Hörmüzqan vilayətində ibtidai məktəbə həyata keçirdiyi və çoxsaylı uşağın həyatını itirdiyi hücumun iranlıların “tarixi yaddaşından heç vaxt silinməyəcəyini” bildirib.
Sherg.az xəbər verir ki, Pezeşkian ölkənin cənubunda yerləşən Hörmüzqan vilayətinin Minab şəhərindəki “Şəcərətüt-Təyyibə” Qız İbtidai Məktəbinə edilən hücumla bağlı yazılı açıqlama yayıb.
Hücumu alçaq və qeyri-insani adlandıran İran prezidenti qeyd edib ki, Minab şəhərində baş verən faciə və onlarla günahsız şagirdin həlak olması bütün iranlıları və azad insanları dərindən sarsıdıb.
O bildirib ki, bu barbar hücum hücum edən tərəflərin İran torpaqlarına qarşı törətdiyi çoxsaylı cinayətlərin qara səhifələrindən biri olmaqla yanaşı, xalqın tarixi yaddaşında silinməz iz buraxacaq.
Pezeşkian həmçinin hücum zamanı həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa, həlak olanların ailələrinə isə səbir diləyib.