Putin erməniləri it kimi qapısına bağlamaq istəyir - Zorikyan

“Niyə Birinci Qarabağ müharibəsindəki “qələbəmiz” rəsmiləşdirilmədi? Çünki biz həmin vaxt verilən vədlərə və qurulan tələlərə aldanmışdıq”.

Teleqraf xəbər verir ki, bunu erməni bəstəkar Eduard Zorikyan deyib.

Sənətçi baş verənlərə görə Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sərkisyanı ittiham edib.

Zorikyanın sözlərinə görə, Robert Köçəryanın hakimiyyəti dövründə ölkəni talan edən oliqarxiya formalaşıb, nəticədə onun ailəsi də əziyyət çəkib: “Ailəmin bütün əmlakı talan edilib əlindən alındı”.

O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistanı qəfəsdə saxlamaq istədiyini gizlətmir: “Əgər Nikol Paşinyan Kremlin kuklası olsaydı, oliqarxı (Samvel Karapetyanı) bura göndərməzdilər, əvvəlkiləri yenidən ortaya atmazdılar. Biz indi müstəqillik yolundayıq, buna görə də “Vətəndaş Müqaviləsi” Partiyasının uduzması üçün hər şeyi edirlər. Putin bizi aparıb qapısına bağlamaq istəyir ki, onun sərvətini qoruyaq, amma biz it deyilik”.