Pakistanın Lahor şəhərində TikTok videosu çəkmək üçün qəfəsindən çıxarılan pələng 19 yaşlı ferma işçisinə hücum edərək onu öldürüb.
Sherg.az xəbər verir ki, hadisə Kahna bölgəsindəki özəl fermada baş verib.
Məlumata görə, sosial şəbəkə fenomeni Norman Hassanın istəyilə çoxaldılması üçün fermada saxlanılan dişi pələng qəfəsdən çıxarılıb. Video çəkilişi zamanı nəzarətdən çıxan heyvan 19 yaşlı Talhaya hücum edib. Ağır yaralanan gənc xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faciəni gizlətməyə çalışıblar
Hadisədən sonra şübhəlilərin faciəni gizlətməyə cəhd göstərdikləri məlum olub. Polis bildirib ki, onlar gəncin pələng deyil, it hücumu nəticəsində yaralandığını iddia ediblər. Lakin araşdırma və meyit müayinəsi onun pələngin hücumu nəticəsində öldüyünü təsdiqləyib.
Hadisə ilə əlaqədar ferma sahibi Fəyyaz və videonun çəkilməsini istəyən sosial şəbəkə fenomeni Norman Həsən saxlanılıblar.
Lahor polisi sosial şəbəkələrdə izlənmə və populyarlıq naminə insan həyatının təhlükəyə atılmasını sərt şəkildə pisləyib. Bildirilib ki, pələng Vəhşi Təbiət Departamentinə təhvil verilib, fermada belə bir heyvanın saxlanılması üçün qanuni icazənin və zəruri təhlükəsizlik tədbirlərinin olub-olmaması araşdırılır.