- Azərbaycan bölgənin sülh və əməkdaşlıq bölgəsinə çevrilməsi üçün zəruri addımları atıb və bundan sonra da atmaq niyyətindədir
Avropanın mürəkkəb geosiyasi çağırışlarla üzləşdiyi, təhlükəsizlik, enerji təminatı və nəqliyyat bağlantılarının qitənin strateji gündəliyində ön plana çıxdığı bir vaxtda noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilmiş “Avropa Siyasi Birliyi”nin 9-cu Sammiti xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin sammitdə iştirak etmək məqsədilə Dublinə səfəri və tədbir çərçivəsində keçirilən dəyirmi masada iştirakı Azərbaycanın Avropa siyasi məkanında fəal iştirakının, eləcə də qitənin gələcəyinə dair mühüm müzakirələrdə öz mövqeyini təqdim etmək imkanlarının növbəti təzahürü oldu. “Avropa – güclü, təhlükəsiz və əlaqəli” mövzusuna həsr olunan sammit Avropa dövlət və hökumət başçılarını bir araya gətirərək təhlükəsizlik, iqtisadi rəqabətqabiliyyətliliyi, enerji təminatı, innovasiyalar və nəqliyyat bağlantıları kimi aktual məsələlərin müzakirəsi üçün mühüm siyasi platforma rolunu oynadı. Azərbaycanın Dublin Sammitində iştirakı, Prezident İlham Əliyevin dəyirmi masa müzakirələrində səsləndirdiyi fikirlər və 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin növbəti Zirvə Görüşünə Bakının ev sahibliyi edəcəyi ilə bağlı qərar ölkəmizin Avropa siyasi məkanında artan rolunu daha aydın nümayiş etdirir. Bu, Azərbaycanın Avropa ölkələri ilə münasibətlərinin yalnız enerji və iqtisadi əməkdaşlıq çərçivəsində deyil, həm də geniş siyasi dialoq, regional təhlükəsizlik və çoxtərəfli diplomatiya müstəvisində inkişaf etdiyini göstərir. Dublindən Bakıya uzanan bu diplomatik xətt ölkəmizin müxtəlif geosiyasi məkanlar arasında dialoq qurmaq, ortaq maraqları uzlaşdırmaq və beynəlxalq əməkdaşlığa töhfə vermək imkanlarının genişləndiyini təsdiqləyir.
Politoloq Abutalıb Səmədov Sherg.az-a deyib ki, Azərbaycan Avropa Siyasi Birliyinin ilk sammitindən başlayaraq aktiv şəkildə bu tədbirlərdə iştirak edib və dövlət maraqlarına cavab verən mühüm qərarların qəbul olunmasına nail olub:
“Təbiidir ki, iştirakın səviyyəsi, dövlət başçısının həmin sammitlərin gedişində keçirdiyi görüşlər, göstərdiyi prinsipial mövqe Azərbaycanın bir dövlət olaraq nüfuzunun durmadan artmasına səbəb olub. Növbəti sammitin ölkəmizdə keçirilməsi bir daha onu nümayiş etdirir ki, Azərbaycan Avropa üçün, Avropa məkanı üçün mühüm əhəmiyyətə malik olan dövlətdir. Bu sammitdə, şübhəsiz ki, dünyanın ən nüfuzlu liderlərinin iştirakı və Avropa məkanı üçün mühüm qərarların qəbul olunması Azərbaycanın artan nüfuzunu bir daha bütün dünyaya nümayiş etdirəcək. Həmin sammitin gedişində keçirilən görüşlər və verilən qərarlar isə Azərbaycanın siyasi, diplomatik imkanlarını xeyli artıracaq. Bugünkü Azərbaycan 90-cı illərin əvvəllərindəki Azərbaycan deyil. Azərbaycanın bütün dünyada çox böyük nüfuzu var və bunun əsas səbəbi təkcə Avropanın enerji təminatında Azərbaycanın oynadığı rolla bağlı deyil. Bu, Azərbaycanın yeritdiyi müstəqil xarici siyasət xətti və diplomatiyada prinsipial mövqe tutması ilə əlaqədardır. Dünya dövlətləri Azərbaycan hakimiyyətinin bu davranışını yüksək qiymətləndirirlər”.
Analitik qeyd edib ki, Azərbaycan Avropanın bir sıra ölkələrinin neft və qazla təmin olunmasında mühüm rol oynayır:
“Xüsusilə Rusiya qazından imtina dövründə Avropanın qazla təminatında həlledici rol oynayan ölkələrdən biri Azərbaycan oldu. Bu sahədə Azərbaycanın rolu gündən-günə artmaqdadır. Eyni zamanda, Azərbaycan çox mühüm tranzit ölkəsidir. Bir tərəfdən, Çinlə Avropa arasında əlaqə yaradan Orta Dəhliz Azərbaycandan keçir və Orta Dəhlizin əhəmiyyəti gündən-günə artmaqdadır. Eyni zamanda, Orta Dəhliz Mərkəzi Asiya ölkələri ilə Avropa arasında da mühüm beynəlxalq nəqliyyat dəhlizidir. Avropa ölkələri bu dəhlizin imkanlarının artırılmasında, buradan daşınan yüklərin həcminin yüksəldilməsində maraqlıdırlar. Şübhəsiz ki, tranzit ölkəsi olaraq Azərbaycanın çəkisi bundan sonra da artacaq və regional sülhə xidmət etmək üçün Azərbaycan əlindən gələni edib. Azərbaycan bölgənin sülh və əməkdaşlıq bölgəsinə çevrilməsi üçün zəruri addımları atıb və bundan sonra da atmaq niyyətindədir. Bütün bu addımlar, səylər Azərbaycanın dünyada çəkisini artırır və bundan sonra da, şübhəsiz ki, artırmaqda davam edəcək”.