Rəsulzadənin Ankaradakı məzarı iki dövlət - bir millət şüarının simvoludur - Ali Satan

XX əsrin əvvəllərində Azərbaycan xalqının azadlıq və dövlətçilik ideyalarının formalaşmasında mühüm rol oynamış şəxsiyyətlərdən biri Məhəmməd Əmin Rəsulzadə olub. O, siyasi fəaliyyəti, publisistikası və təşkilatçılıq bacarığı ilə milli istiqlal düşüncəsinin yayılmasına böyük töhfə verib. Rəsulzadənin həyat yolu yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının azadlıq və müstəqillik ideallarının təcəssümü kimi tarixdə xüsusi yer tutur. Onun fəaliyyəti və irsi bu gün də Azərbaycan xalqının milli yaddaşında yaşayır.

Tarixçi, Türkiyə Cümhuriyyəti Tarixi üzrə mütəxəssis Ali Satan Sherg.az-a Rəsulzadənin Ankaradakı məzarının Türkiyə-Azərbaycan qardaşlığının böyük nişanəsi olduğunu deyib:

"M.Rəsulzadə həyatı Azərbaycanın hürriyyət və istiqlal mübarizəsi ilə keçirib, rus təzyiqi altında təşkilatçılıq fəaliyyəti göstərib, “Qardaş Köməyi”ndə canla-başla çalışıb. O, qəzet və jurnallar nəşr edərək Azərbaycanı maarifləndirmiş şəxsiyyət kimi Müstəqil Azərbaycan Dövlətinin qurucu prezidenti olub".

Tarixçi Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” sözünun bütün Türk dünyasında bu gün də səsləndirildiyini vurğulayıb:

"Bakının işğalından sonra da mübarizəsini əvvəl Moskvada, daha sonra Avropa və Türkiyədə davam etdirən Rəsulzadə ən çətin zamanlarda belə əzmini, səylərini və fədakarlığını itirməyib. O, azad Azərbaycan üçün ümid olmağa davam edib.

6 mart 1955-ci ildə Ankarada vəfat edib və burada Asri məzarlığında torpağa tapşırılıb. Onun məzarı "iki dövlət- bir millət" şüarının və Türkiyə-Azərbaycan əbədi qardaşlığının simvoludur".