İranda dekabrın 28-dən etibarən milli valyutanın dollara qarşı rekord dərəcədə ucuzlaşması ilə başlayan etiraz aksiyaları artıq 11 gündür ki, davam edir. İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi bildirir ki, etirazlar zamanı 36 nəfər həyatını itirib. Ölkə üzrə 285 nöqtədə baş verən aksiyalarda onlarla insan yaralanıb, 2 076 nəfər isə saxlanılıb. Lakin İran hakimiyyəti ölən və ya yaralananlarla bağlı rəsmi açıqlama verməkdən hələ ki, boyun qaçırır. Təhlükəsizlik qüvvələri ilə aksiya iştirakçıları arasında silahlı qarşıdurma o həddə çatıb ki, baş leytenant Əhsən Ağacani aldığı güllə yarasından həlak olub, daha üç polis isə yaralanıb. Hökümət isə, etirazçıları sakitləşdirmək üçün hər birinə 7 dollar məbləğində 7 dollar məbləğində yardım təklif edib. Sözçü Fatemeh Mohacerani bu dəstəyin ailələrin alıcılıq qabiliyyətini qorumağa və inflyasiyanı yüngülləşdirməyə yönəldiyini bildirib. Lakin etirazçılar bildirirlər ki, minimum yaşayış üçün tələb olunan 200 dollarla müqayisədə 7 dollar heç bir əhəmiyyət kəsb etmir. Hadisələrin gərginliyi pik həddə çatarkən, İran şahı Məhəmməd Rza Pəhləvinin ABŞ-də sürgündə yaşayan oğlu Rza Pəhləvi də diqqətçəkən açıqlamalar verib. O, Tehran hakimiyyətinin legitimliyini itirdiyini iddia edərək, xalqı “zülmkar rejimdən xilas olmaq” çağırışına səsləyib. Bu sözlər, həm İran daxilindəki gərginliyi artırır, həm də beynəlxalq arenada diqqəti yenidən Tehran üzərinə yönəldir, ölkənin taleyi ilə bağlı narahatlıqları ön plana çıxarır. Onu da qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu mövqelərinin üst-üstə düşdüyünü bildirərək, İranın nüvə proqramını yenidən aktivləşdirəcəyi təqdirdə, İsrailin növbəti hücuma başlayacağını bəyan ediblər. Lakin “Kan” dövlət teleradio şirkətinin yaydığı son məlumata əsasən, Netanyahu ilə Rusiya Prezidenti Vladimir Putin arasında 2025-ci il noyabrın 15-də aparılan telefon danışığı zamanı, Baş nazir Putindən İsrailin İrana qarşı hərbi hücum niyyətinin olmadığını, Tehran rəhbərliyinə çatdırmasını xahiş edib. Göründüyü kimi, son dövrlərdə Baş nazirin açıqlamalarında ziddiyyətli yanaşmalar və fikir uyğunsuzluğu müşahidə edilir. Hadisələrin ən gərgin mərhələsində etiraz aksiyalarının və diplomatik manevrlərin hansı istiqamətdə inkişaf edəcəyi hələ də qeyri-müəyyən olaraq qalır. 
Mövzuya aydınlıq gətirmək üçün politoloq Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında bildirib ki, İran hakimiyyəti baş verən etirazları nə qədər xarici ölkələrin kəşfiyyat orqanlarının fəaliyyəti ilə əlaqələndirməyə çalışsa da, reallıq tamamilə fərqlidir. Onun sözlərinə görə, ölkədəki ağır sosial-iqtisadi vəziyyət, əhalinin rifah səviyyəsinin kəskin şəkildə aşağı düşməsi kütləvi etiraz dalğasının əsas səbəbləridir:
“Son hadisələr İranın siyasi dairələrində ciddi fikir ayrılıqlarının və parçalanmaya meyilli proseslərin mövcudluğunu açıq şəkildə ortaya qoyur. İran Prezidenti Məsud Pezeşkianın etirazların səbəblərini ölkə daxilində axtarmağı tövsiyə etməsi də bunu təsdiqləyir. Sözügedən mövqe isə Pezeşkianla, rejimin sərt qanadını təmsil edən qüvvələr arasında ciddi fikir ayrılıqlarının mövcudluğundan xəbər verir. Eyni zamanda mövcud vəziyyətdə İran dövlətinin maliyyə imkanları etiraz aksiyalarına çıxan əhalinin tələblərinə müsbət cavab vermək üçün yetərli deyil. Bu səbəbdən rəsmi Tehranın prosesləri dialoq və qarşılıqlı anlaşma yolu ilə nizamlamaqda çətinlik çəkəcəyi ehtimalı yüksəkdir”.
E.Xalidbəyli hökumətin əhaliyə təklif etdiyi 7 dollar məbləğində yardım məsələsinə də toxunaraq bildirib ki, bu məbləğlə xalqın tələb etdiyi 200 dollar arasında ciddi uçurum mövcuddur. Onun sözlərinə görə, İran hökumətinin əsas problemlərindən biri uzun illər ərzində vaxtında siyasi, hüquqi və iqtisadi islahatlar aparmamasıdır:
“Eyni zamanda, İranın qonşu və Qərb dövlətləri ilə gərgin münasibətləri, ölkəyə qarşı sanksiyaların pik həddə çatması və faktiki blokada şəraiti mövcud böhranın dərinləşməsində mühüm rol oynayır. Rəsmi Tehran vəziyyətdən çıxış yolu axtarırsa, ilk növbədə ölkə daxilində bütün sahələr üzrə islahatlara başlamalıdır. Paralel olaraq, İrana qarşı sanksiyaların aradan qaldırılması istiqamətində addımlar atılmalıdır ki, bu da İranın xarici siyasətində ciddi dəyişiklikləri tələb edən uzunmüddətli prosesdir. Lakin reallıq onu göstərir ki, İran hakimiyyəti nə daxili islahatlara, nə də xarici siyasətdə dəyişikliklərə maraq göstərir. Xüsusilə rejimin radikal qanadı etirazları daha sərt və zorakı üsullarla yatırmağa üstünlük verir”.
Politoloq ABŞ prezidenti Donald Trampın İranla bağlı açıqlamalarına da münasibət bildirib. Onun fikrincə, Tramp xarakter etibarilə populist siyasətçidir və baş verən bütün hadisələri öz siyasi imicini gücləndirmək üçün istifadə etməyə çalışır:
“İran əhalisinin zorakılıqla üzləşməsi fonunda ABŞ-nin İrana qarşı hərbi müdaxilə edəcəyi inandırıcı deyil. ABŞ yalnız öz milli maraqları tələb edərsə, belə bir addım ata bilər. Nə Trampın, nə də İsrailin İran xalqının düşdüyü vəziyyətlə real marağı yoxdur. İsrailin Baş naziri Benyamin Netanyahunun Rusiya prezidenti vasitəsilə İrana zərbələrin endirilməyəcəyi ilə bağlı mesajlar göndərməsi də bunu sübut edir. Əksinə, İran daxilində hökumətlə xalq arasında qarşıdurmanın dərinləşməsi ABŞ-nin maraqlarına daha çox cavab verir. Tramp dəfələrlə bu gün söylədiyi fikrin ertəsi gün əksinə addımlar atıb. Məhz bu səbəbdən İran xalqının Trampa ümid bəsləməsi real görünmür”.
Politoloq, ABŞ-nin İranla bağlı siyasətində, devrilmiş şah Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvidən potensial təsir vasitəsi kimi istifadə olduğunu bildirir:
“ABŞ Rza Pəhləviyə potensial alət kimi yanaşır. Vaşinqton tərəfindən dolayısı ilə mesajlar verilir ki, İranda hakimiyyət dəyişikliyi baş verərsə, Rza Pəhləvi alternativ fiqur kimi önə çıxarıla bilər. Rza Pəhləvi isə bu vədlərə inanaraq, etirazların toqquşmalara çevriləcəyi və nəticədə hakimiyyət dəyişikliyi olacağı ümidinə qapılıb. İran cəmiyyətində şah rejiminin tərəfdarları mövcud olsa da, ümumilikdə İran xalqının molla rejimindən xilas olub ABŞ-nin dəstəklədiyi, Amerikapərəst şah idarəçiliyinə razı olacağı inandırıcı görünmür”.
Bununla belə, E.Xalidbəyli ABŞ və Qərb kəşfiyyat strukturlarının İranda gedən prosesləri hansı istiqamətdə yönləndirəcəyini dəqiq proqnozlaşdırmağın mümkün olmadığını vurğulayıb. Onun sözlərinə görə, müəyyən mərhələdə Pəhləvi sülaləsinin nümayəndəsindən müvəqqəti vasitə kimi istifadə edilə, daha sonra isə ölkədə fərqli siyasi qüvvələrin önə çıxarılması ssenarisi reallaşa bilər.
Aybəniz Səfərova