- Xalqımın canı qədər sevdiyi üçrəngli, ulduzlu, ayparalı bayrağımızın taleyi xalqın taleyi kimi keşməkeşli olub
Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq - öz yurduma öz hakimliyim! Əvəzolunmaz şairimiz, xalqımızın sevimlisi Bəxtiyar Vahabzadə bu məşhur “Bayraq” şeirini 1990-cı illərin əvvəllərində - Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi və üçrəngli bayrağın yenidən ucaldıldığı dövrdə qələmə almışdı. 1990-cı illərin əvvəlləri ölkəmizin, xalqımızın həyatında ən ağır dövr idi.
Bir yandan Qarabağda (o zaman hələ Dağlıq Qarabağ Muxtar Vilayəti adlanırdı) baş qaldırmış separatizm, Ermənistan ərazi iddiaları, bir yandan da 20 yanvar gecəsi xalqımızın rus tankları altında əzilməsi, lakin bütün bunlara baxmayaraq millətin istiqlal arzularının yenidən alovlanması Müstəqilliyimizin bərpasına aparan yola işıq salırdı. Heç şübhəsiz ki xalq şairinin bu misraları 70 il xalqın başı üzərindən asılı qalmış sovet bayrağının Azadlıq meydanına gətirilən üçrəngli, aylı-ulduzlu milli bayrağımızla əvəzlənməsindən doğan qürurun əksi idi. Sonrakı illərdə xalqımız çox əzablar çəkdi, 30 il yurdundan didərgin düşdü. Lakin Vətən müharibəsində qazanılmış qələbə ilə əzizimiz, göz bəbəyimiz bayrağımız layiq olduğu yerdə ucaldı. İndi bayrağımız bütün ölkəyə hakimdir! Dünya dövlətlərinin bayraqları sırasında qürurla dalğalanır.
Bu günlərdə xalqımız, bütün ölkə 2 əziz bayramı birgə qeyd edir: Zəfər Günü və Dövlət Bayrağı Günü!
Sosioloq Mətanət Məmmədova Sherg.az-a açıqlamasında batrağımızın millətin qüdrət, şərəf rəmzi olduğunu dedi:
- Bu xalq dövlətinə, millətinə məxsus olan bayrağını asanlıqla yüksəklərə ucaltmayıb. Bu yolda zaman-zaman qanlar axıdılıb, igidlər, ərənlər düşmən gülləsinə tuş gəlib, Vətən yolunda şəhid olublar. Elə qırmızı rəngi şəhid qanından alan bayrağımız zirvələrdə dalğalanarkən şəhid adını da özü ilə birlikdə zirvələrə qaldırıb. Vətənimizin adını, qüdrətini, qeyrətini də həmçinin. Xalqımın canı qədər sevdiyi üçrəngli, ulduzlu, ayparalı bayrağımızın taleyi xalqın taleyi kimi keşməkeşli olub. 1918-ci ildə azadlıq uğrunda mücadilənin son nəticəsi olaraq qaldırılan üçrəngli bayrağımız Azərbaycan Xalq Cümhuriyyətində cəmi 23 ay dalğalandı, Vətənimizin göylərini üç rənglə – göy, qırmızı, yaşılla cəmi 23 ay bəzədi. Gözü torpaqlarımızda, iştahası sərvətlərimizdə olanlar bu müstəqil respublikanın tərəqqisinə imkan vermədilər. Əsrlərlə həyata keçirilmiş planlar yenidən təkrarlandı. Çoxəsrlik tarixi, ənənələri olan Azərbaycan yenidən bu planların qurbanı oldu. Həmin planların müəllifləri 14 müttəfiqdən biri kimi Azərbaycanı da öz müstəmləkəsinə çevirməklə, 70 illik əsarətə məhkum etdilər. Müstəqilliyimizi əlimizdən aldılar, üçrəngli bayrağımızı da dalğalanmağa qoymadılar. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Sovet Sosialist Respublikası adlandırıldı, bayrağımız isə üçrəngli deyil, imperiyanın müəyyənləşdirdiyi bayraq oldu. Nə az, nə çox, düz 70 il dalğalandı başımız üzərində. Lakin ürəyimizdə yüksəklərə qalxa bilmədi. Çünki istəmədiyimiz, özümüzünkü olmayan bir bayraq idi. Qanlar bahasına ucaldılmış bayrağın yerinə sancılmış bayraq idi. Sərvətləri talanan, hüquqları tapdalanan, tarixi mənimsənilən bir məmləkətin ələm bayrağı idi. Lakin əsarətin sonu çatdı.
M.Məmmədova qeyd etdi ki, üçrəngli bayrağımızın ilk dəfə Naxçıvanda, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə rəsmi səviyyədə qaldırılması xüsusilə qürurvericidir:
- Müstəqil dövlətimizin üçrəngli bayrağı əbədiyyən Naxçıvanda Ulu Öndərimizin təşəbbüsü, qayğısı ilə qaldırıldı. Ulu Öndərin layiqli davamçısı – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam imzaladı. 2009-cu il noyabr ayının 17-də isə Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi barədə imzaladığı sərəncama əsasən hər il noyabrın 9-nu respublikamızda Dövlət Bayrağı Günü kimi təntənəli şəkildə qeyd edirik. İndi müstəqil, ərazisi bütövləşmiş, suveren Azərbaycanın hər bir ərazisində üçrəngli bayrağımız dalğalanır. Bu dalğalanma 30 ildən sonra Qarabağda qazandığımız şanlı Zəfərdən söhbət açır. Torpaqlarımızı erməni işğalından azad edərkən şəhid olan minlərlə igid oğullarımızdan danışır. Namusumuzun, şərəfimizin xilasından, Müzəffər Ali Baş Komandanın böyük məharətlə sərkərdəlik etdiyi milli ordumuzun hünərindən, rəşadətindən bəhs edir.