Türkiyənin İzmir vilayətinin Əliağa rayonunda yerləşən dəmir-polad zavodunda güclü partlayış baş verib. Partlayışdan sonra müəssisədə yanğın başlayıb.
Sherg.az xəbər verir ki, hadisə Əliağa rayonunda Yeni Foça yolu üzərində yerləşən dəmir-polad zavodunda qeydə alınıb.
Partlayışdan sonra əraziyə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Hazırda yanğının söndürülməsi və xilasetmə işləri davam etdirilir.
Valilikdən rəsmi açıqlama
İzmir Valiliyindən verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər həyatını itirib, 3-ü ağır olmaqla 14 nəfər yaralanıb.
Bundan başqa, 10 nəfərin dağıntılar altında qaldığı bildirilir. Onların xilas edilməsi istiqamətində işlər fasiləsiz davam etdirilir.
“Partlayış çox güclü idi”
Hadisə zamanı zavodun yaxınlığında olduğunu bildirən Nuri Ali Ülkər Anadolu Agentliyinə açıqlamasında güclü partlayış səsi eşitdiyini deyib.
Onun sözlərinə görə, partlayışdan sonra ərazini toz və tüstü buludu bürüyüb, daha sonra yanğınsöndürənlər və təcili yardım avtomobilləri hadisə yerinə gəlib.
“Yer titrədi. Partlayış çox güclü idi”, – deyə şahid bildirib.
Daxili işlər naziri açıqlama verdi
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi də hadisə ilə bağlı açıqlama yayıb.
Nazir bildirib ki, partlayışdan dərhal sonra ərazidə axtarış-xilasetmə, yanğının söndürülməsi və digər müdaxilə tədbirlərinə başlanılıb.
O, yaralıların xəstəxanalara çatdırıldığını və onların sağlamlıq vəziyyətinin yaxından izlənildiyini qeyd edib.
Hadisənin başvermə səbəbi araşdırılır.
