Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı

  • "Bu qərarın arxasında hər hansı mənfi niyyət dayanmır. Simonyanın rəhbər vəzifələrdən tamamilə kənarlaşdırılması, Paşinyana heç nə verməyəcəkdi"

Ermənistanda köhnə hökümətlə (VII çağırış) yenisi aradında dəyişməyən tək faktor xaosdur. Bu dəfə gərginlik Baş nazir Nikol Paşinyanla Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında baş verib. Qriqoriyanın birdən-birə vəzifədən azad edilməsi hökümət dairələrində birməmanlı qarşılanmayıb. Ermənistan mətbuatı yazır ki, Paşinyan Qriqoryana baş məsləhətçi vəzifəsində işləməyi təklif edib.

Qriqoryan isə bu təklifi rədd edib. Maraqlısı odur ki, Qriqoriyanın yerinə parlamentin yeni tərkibi formalaşdırılarkən spiker vəzifəsindən kənarlaşdırılan Alen Simonyan gətirilib. Hakim komanda daxilində Simonyanın yeni vəzifəyə təyin olunması ilə bağlı əvvəlcədən heç bir məlumat olmayıb. Onlara sabiq parlament sədrinin uzun müddət hökumət arenasını tərk edəcəyi və siyasətdən uzaqlaşacağı barədə zəmanət verilib. Ermənistan mətbuatında, bir müddət Simonyanın prezident seçiləcəyi ilə bağlı fikirlər də dolaşırdı. Həmin iddialara vaxtilə Simonyan özü də cavab vermişdi. Deputatlıqdan da imtina edən Simonyan, prezident postuna keçməyi də düşünmədiyini açıqlamışdı.

Bəs hansı səbəblər Simonyanı yenidən vəzifəyə gətirmək üçün əsas yaratdı? 

Mövzu ilə bağlı Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı Sherg.az-a bildirib ki, A.Simonyana yeni vəzifə vermək Paşinyanın öz hakimiyyətini gücləndirmək cəhdidir:

“Qriqoriyanın Böyük Britaniyaya səfir təyin olunnması ilə bağlı Ermənistan mətbuatında fikirlər dolaşır. Simonyanın Təhlükəsizlik Şurasının katibi vəzifəsinə gətirilməsinə gəlincə, bu, gözlənilən addımlardan idi. Simonyan hakimiyyət daxilində bəzi russiyasayağı qüvvələrə yaxın olduğuna görə onu siyasətdən kənarlaşdırmaq istəyirdilər. Amma onu tamamilə söküb atmaq olmazdı. Çünki Simonyan Paşinyan komandasının əsas fiqurlarından biridir. Təhlükəsizlik Şurasının katibi postu Ermənistanda çox mühüm vəzifədir. Gələcəkdə Azərbaycanla sülh danışıqları prosesində də vacib rol oynayacaq. Simonyanın bu posta gətirilməsi bizim tərəfimizdən də müsbət qarşılanmalıdır. Çünki Simonyanın son bəyanatları Azərbaycana qarşı radikal düşüncədən uzaq və sülhə yönəlik mövqe ehtiva edirdi. Məhz buna görə də o, Ermənistanda tez-tez tənqid olunurdu. Müxalif blok olan Güclü Ermənistan və Hayastan fraksiyalarının Rusiyaya münasibəti hamıya bəllidir. Simonyan da onlarla bəzi məsələlərdə müzakirələr aparıb”. 

Professorun sözlərinə görə, elə məsələlər var ki, Simonyan onları dilə gətirməsə də, əməlləri ilə gizlədə bilmirdi:

“Məsələn Simonyan Rusiyanın TRIPP layihəsində (Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu) iştirakı ilə bağlı dəstəkləyici mövqe tutmuşdu. Rusiya kommunikasiya layihələrindən kənarda qalmamaq üçün var gücü ilə çalışır. Çünki Zəngəzur dəhlizi sanksiyalar altında olan Rusiya üçün vacib nəfəslik rolunu oynayır. Bu marşrut ruslara İrana və Türkiyəyə birbaşa çıxış baxımından mühüm iqtisadi fürsətdir. Lakin dəhlizin Qərbin vasitəçiliyi ilə açılması Moskvanı regionda kənarlaşdırılmaq riski ilə üz-üzə qoyur. Simonyanın parlament sədri vəzifəsindən uzaqlaşmasının səbəblərindən biri də bu idi. Nəticə etibarilə, Simonyanın Təhlükəsizlik Şurasının katibi kimi qayıtması Paşinyan hakimiyyətini gücləndirməyə hesablanmış addımdır. Bu qərarın arxasında hər hansı mənfi niyyət dayanmır. Simonyanın rəhbər vəzifələrdən tamamilə kənarlaşdırılması, Paşinyana heç nə verməyəcəkdi. Əslində onlar seçki ərəfəsində müxalifətə qarşı birgə mübarizə aparmışdılar. Onun birdən-birə siyasətdən uzaqlaşdırılması müəyyən problemlərə səbəb ola bilərdi. Buna görə də Simonyanın əvvəlki vəzifəsinə bərabər bir posta gətirilməsi, Paşinyan siyasətinin davamlılığı üçün önəmlidir".