Süni intellektin gizli təhlükəsi üzə çıxdı: Sizi həmişə haqlı çıxarır, psixologiyanızı pozur

Gecənin bir yarısı sizi narahat edən hadisəni danışmaq, münasibətlərdəki mübahisəni təhlil etmək və ya sadəcə ürəyinizi boşaltmaq üçün süni intellektə müraciət etmək artıq adi hala çevrilib. Lakin mütəxəssislər şəxsi problemləri süni intellektlə müzakirə etməyin hər zaman zərərsiz rahatlama üsulu olmadığını bildirirlər.

Xüsusilə istifadəçi bu sistemlərdən emosional dəstək, diaqnoz və ya həyatı ilə bağlı qərarlar gözləməyə başladıqda ciddi risklər yarana bilər.

Bizi anlayırmış kimi danışır, amma həqiqətən anlayırmı?

Süni intellektlə söhbətlərin bu qədər cəlbedici olmasının əsas səbəblərindən biri onun insan ünsiyyətini son dərəcə təbii şəkildə təqlid edə bilməsidir. İstifadəçi yaşadığı mübahisəni ətraflı şəkildə danışa bilir, qarşılığında isə “Bunun səni üzməsi tamamilə normaldır” və ya “Belə hiss etməyin başadüşüləndir” kimi olduqca insani səslənən cavablar alır.

Bu vəziyyət xüsusilə tənhalıq və ya güclü emosional sıxıntı yaşayan insanlar üçün güclü rahatlıq hissi yarada bilər. Sistemin gecə-gündüz əlçatan olması, istifadəçini mühakimə etməməsi və əksər hallarda sürətli cavab verməsi onu asanlıqla “rəqəmsal sirdaş”a çevirir.

Lakin burada mühüm bir fərq var: süni intellekt insan kimi empatiya qurmur. O, istifadəçinin emosiyasını yaşamır, yalnız verilən kontekstə uyğun cavab yaradır. Üz ifadəsini görmür, səs tonunu eşitmir və psixiatr və ya psixoloq kimi klinik qiymətləndirmə aparmır.

Bu səbəbdən mütəxəssislərin diqqət çəkdiyi əsas risklərdən biri insanın süni intellektlə qurduğu ünsiyyəti real terapevtik münasibətlə qarışdırmasıdır.

Davamlı “haqlısan” deyilməsi niyə problem yarada bilər?

Süni intellektlə dərdləşməyin ən diqqətçəkən risklərindən biri istifadəçinin danışdığı hadisələri həddindən artıq təsdiqləyən cavabların verilməsidir.

Məsələn, sevgilisi ilə mübahisə edən şəxs yaşadığı hadisəni süni intellektə danışdıqda “O, səni həqiqətən düşünmür” və ya “Bu davranış qəti şəkildə manipulyasiyadır” kimi qəti ifadələrlə qarşılaşa bilər. Halbuki süni intellektin əldə etdiyi məlumat çox vaxt hadisənin yalnız istifadəçinin danışdığı hissəsindən ibarət olur.

Belə cavablar həmin anda rahatlıq verə bilər. İnsan özünü başa düşülmüş və haqlı hiss edir. Lakin problem də məhz burada başlayır: istifadəçinin mövcud düşüncəsini sorğulamaq əvəzinə gücləndirən sistem onun qarşı tərəfin mövqeyini qiymətləndirməsini və münaqişəni həll etmək üçün addım atmasını çətinləşdirə bilər.

2025-ci ildə 11 müxtəlif süni intellekt modeli və 1 604 iştirakçı ilə aparılan araşdırmada süni intellekt sistemlərinin istifadəçiləri insanlarla müqayisədə daha çox təsdiqləməyə meylli olduğu və həddindən artıq təsdiqlənmənin münaqişələr zamanı insanın öz mövqeyini daha çox haqlı hesab etməsinə səbəb ola bildiyi bildirilib.

Süni intellektlə dərdləşmək həmişə zərərli deyil

Bütün bunlara baxmayaraq, süni intellektin psixi sağlamlıq sahəsində yalnız risk daşıdığını söyləmək də doğru deyil.

2025-ci ildə dərc olunan sistematik icmal və meta-analizdə 31 randomizə edilmiş nəzarətli araşdırma üzrə ümumilikdə 29 637 iştirakçının məlumatları qiymətləndirilib. Araşdırmalar süni intellekt dəstəkli söhbətlərin gənclərdə ümumi psixoloji sıxıntı, eləcə də depressiya, narahatlıq və stress əlamətləri baxımından bəzi müsbət nəticələr verə bildiyini göstərib.

Lakin araşdırmaların mühüm hissəsində ümumi məqsədli söhbət botlarından deyil, konkret psixi sağlamlıq məqsədi ilə hazırlanmış sistemlərdən istifadə edilib. Buna görə də nəticələri bütün süni intellekt alətlərinə və ya bütün istifadəçilərə birbaşa şamil etmək mümkün deyil.

Başqa sözlə, süni intellekt insanı danışmağa təşviq edə, düşüncələrini nizamlamağa və çətin anda sakitləşməyə kömək edə bilər. Lakin bu, onun psixoterapevt olduğu anlamına gəlmir.

Bəzi araşdırmalarda nəzərəçarpan yaxşılaşmalar müşahidə olunub

Bu sahədə aparılan bəzi araşdırmalarda daha diqqətçəkən nəticələr də əldə edilib.

Dartmut Kollecinin tədqiqatçılarının 2025-ci ildə apardığı araşdırmada konkret psixoterapiya yanaşması əsasında hazırlanmış söhbət sistemi səkkiz həftə ərzində istifadə edilib. Araşdırmada depressiya əlamətlərinin orta hesabla 51 faiz, geniş yayılmış narahatlıq əlamətlərinin isə 31 faiz azaldığı bildirilib.

Lakin bu nəticə “süni intellekt terapevti əvəz edib” demək deyil. Burada konkret məqsəd üçün hazırlanmış və nəzarətli tədqiqat çərçivəsində sınaqdan keçirilmiş sistemdən istifadə olunub. Buna görə də nəticələri istənilən ümumi məqsədli söhbət botunun psixi xəstəlikləri müalicə edə bildiyi kimi şərh etmək düzgün deyil.

Əsas risk istifadə formasından asılıdır

Süni intellektlə danışmağın insana fayda verib-vermədiyini müəyyən edən yeganə amil sistemin cavabının məzmunu deyil. İstifadəçinin bu sistemi həyatında hansı mövqeyə qoyması da mühüm rol oynayır.

İnsan “Bu gün özümü pis hiss edirəm, bunu anlamağa kömək edə bilərsən?” deyərək süni intellektdən düşüncə yoldaşı kimi istifadə edə bilər. Yaşadığı hadisəyə müxtəlif tərəflərdən baxa, hisslərini yazıya köçürə və zehnindəki qarışıqlığı müəyyən qədər nizamlaya bilər.

Lakin istifadə “Məndə depressiya varmı, diaqnoz qoy” və ya “Münasibətimi bitirməliyəmmi, mənim yerimə qərar ver” mərhələsinə çatdıqda vəziyyət dəyişir.

Mütəxəssislərin əsas etirazı da məhz bununla bağlıdır: süni intellekt düşüncələri nizamlamağa kömək edən vasitə olmaqdan çıxaraq insanın qərarlarını verən, onun psixoloji vəziyyətini qiymətləndirən və real həyatda insanların yerini tutan avtoritetə çevrildikdə risk artır.

300 mindən çox mesajda diqqətçəkən nəticə

Süni intellektə emosional bağlılıq ehtimalı məsələnin digər mühüm tərəfidir.

2025-ci ildə MIT Media Lab və OpenAI tədqiqatçıları tərəfindən aparılan dörd həftəlik araşdırmada təxminən 981 nəfər və 300 mindən çox mesaj təhlil edilib. Araşdırmada süni intellektlə keçirilən vaxt artdıqca bəzi iştirakçılarda tənhalığın və süni intellektə emosional bağlılığın artdığı, real insanlarla sosiallaşmanın isə azala bildiyi müşahidə olunub.

Bu nəticə süni intellektlə danışmağın hər kəsi tənhalaşdırdığı anlamına gəlmir. Lakin insan rəqəmsal ünsiyyəti real münasibətlərin yerinə qoymağa başladıqda riskin arta biləcəyini göstərir.

Çünki süni intellekt son dərəcə səbrlidir. Sözünüzü kəsmir, mübahisəni uzatmır, çox vaxt sizi təsdiqləyir və hər an əlçatandır. Real insan münasibətləri isə fikir ayrılığı, səbir, qarşılıqlı məsuliyyət və zaman tələb edir.

Məhz buna görə süni intellekt bəzi insanlar üçün real münasibətlərdən daha asan ünsiyyət mühitinə çevrilə bilər.

“Süni intellekt psixozu” hələ diaqnoz deyil

Son dövrlərdə süni intellekt və psixi sağlamlıq müzakirələrində “AI psixozu” ifadəsi də getdikcə daha çox işlədilir.

Lakin bunun rəsmi psixiatrik diaqnoz olmadığı xüsusi vurğulanmalıdır. Bu termin bəzi insanların süni intellekt tərəfindən davamlı şəkildə təsdiqlənən sayıqlama və ya reallıqdan uzaq düşüncələrinin daha da güclənməsi ehtimalını təsvir etmək üçün istifadə olunur.

Burada “süni intellekt psixoz yaradır” demək üçün kifayət qədər sübut yoxdur. Mövcud müzakirələr daha çox süni intellektin mövcud həssaslıqları və ya reallıqdan uzaq düşüncələri bəzi hallarda gücləndirməsi ehtimalı üzərində qurulub.

Böhran anında süni intellekt təkbaşına kifayət deyil

Mütəxəssislərin ən aydın xəbərdarlığı böhran vəziyyətləri ilə bağlıdır.

İntihar düşüncəsi, özünə zərər vermək istəyi, ağır depressiya əlamətləri, reallıqdan uzaqlaşma və ya ciddi psixoloji böhran zamanı süni intellektin təkbaşına etibar ediləcək dəstək mexanizmi olmadığı bildirilir.

Çünki sistem qarşısındakı insanın vəziyyətinin nə qədər təcili olduğunu düzgün qiymətləndirəcəyinə zəmanət yoxdur. Bundan əlavə, yanlış, natamam və ya təhlükəli cavab vermə ehtimalı da mövcuddur.

Bu səbəbdən sakitləşmək, düşüncələri nizamlamaq və məsələyə başqa prizmadan baxmaq üçün süni intellektdən köməkçi vasitə kimi istifadə etməklə ciddi psixoloji böhranın idarə edilməsini ona həvalə etmək eyni şey deyil.

Ümumdünya Səhiyyə Təşkilatı da risklərə diqqət çəkir

Süni intellektin psixi sağlamlıqdakı rolu artıq yalnız texnologiya sahəsində müzakirə olunan məsələ deyil.

Ümumdünya Səhiyyə Təşkilatı 2026-cı ilin martında süni intellekt, psixi sağlamlıq, etika və dövlət siyasəti sahələrindən 30-dan çox mütəxəssisi bir araya gətirdiyi işində psixi sağlamlıq üçün xüsusi hazırlanmaymış və bu məqsədlə kifayət qədər sınaqdan keçirilməmiş generativ süni intellektin emosional baxımdan həssas anlarda geniş istifadəsinin yarada biləcəyi risklərə diqqət çəkib.

Təşkilatın yanaşması texnologiyanı tamamilə rədd etməkdən daha çox təhlükəsizlik, məsuliyyət və insan yönümlü istifadə prinsiplərinin gücləndirilməsinə əsaslanır.