Tehranın Türkiyə ilə bağlı etirafı təsadüfi deyil - Politoloq

  • Yusif Bağırzadə: “İranın bu bəyanatı Ankaraya verilmiş siyasi mesajdır”

İran xarici işlər naziri Abbas Əraqçı 40 günlük müharibə dövrünə dair diqqətçəkən iddia səsləndirib. Onun sözlərinə görə, Türkiyə Şimali İraqdan kürd silahlı qruplarının İrana daxil olmasının qarşısını alaraq, ölkənin bölünməsinə imkan verməyib. Əraqçı bu prosesdə ABŞ Prezidenti Donald Trampın da adını çəkərək hadisələrin təfərrüatını açıqlayıb:

“Müharibənin dördüncü günündə Donald Tramp Şimali İraqda İrana qarşı çıxan kürd silahlı qruplaşmaların liderləri ilə əlaqə saxlayaraq, onların İrana qurudan girməsini dəstəklədi. Bundan xəbər tutduqdan sonra İraq Kürdüstan Regionunun rəsmiləri, İraq Baş naziri və Türkiyənin xarici işlər naziri ilə əlaqə saxlayıb və Tehranın narahatlıqlarını çatdırıb".

İran xarici işlər nazirinin sözlərinə görə, Türkiyə hökuməti bu hərəkətin qarşısını almaqda təsirli rol oynayıb və ABŞ ilə məsləhətləşmələrlə yanaşı, bu plana qarşı sərt mövqe nümayiş etdirib.

Politoloq Yusif Bağırzadə Sherg.az-a açıqlamasında İranın xarici işlər nazirinin Türkiyənin “40 günlük müharibə” zamanı Şimali İraqdan İran ərazisinə daxil ola biləcək kürd silahlı qruplarının qarşısının alınmasında mühüm rol oynadığını açıq şəkildə vurğulamasının diqqətçəkən açıqlama olduğunu deyib. Onun sözlərinə görə, bu barədə iddialar və məlumatlar daha əvvəl də mövcud idi:

"Lakin Tehran indiyədək bu məsələyə rəsmi səviyyədə münasibət bildirməmişdi. Buna görə də belə bir bəyanatın məhz indiki geosiyasi şəraitdə səsləndirilməsi təsadüfi görünmür və müəyyən siyasi mesajlar ehtiva etdiyi qənaətini yaradır.

 Düşünürəm ki, İran tərəfinin indi bu mövzuya qayıtması Tehranın regional siyasətində Türkiyə ilə münasibətlərə verdiyi önəmin göstəricisi ola bilər.

Məlum faktdır ki, İran və Türkiyə tarixən həm rəqabət aparan, həm də əməkdaşlıq edən iki regional güc olub. Onların arasında Suriya, İraq, Cənubi Qafqaz, enerji marşrutları və regional nüfuz məsələləri üzrə fikir ayrılıqları mövcuddur. Lakin hər iki ölkənin ortaq maraqlarından biri kürd silahlı qruplarının fəaliyyətinin nəzarətdən çıxmasının qarşısını almaqdır. Həm Tehran, həm də Ankara öz ərazilərində separatçı meylləri milli təhlükəsizlik məsələsi kimi qiymətləndirir. Buna görə də kürd silahlı qrupları ilə bağlı təhlükəsizlik əməkdaşlığı iki ölkə arasında mühüm təmas nöqtələrindən biridir".

Politoloq qeyd edib ki, Abbas Əraqçinin açıqlamasının məhz indi səslənməsinin bir neçə səbəbi ola bilər:

"Birincisi, İran regional təzyiqlərin artdığı bir dövrdə qonşuları ilə əməkdaşlıq mesajları verməyə çalışır. ABŞ-la münasibətlərdə gərginliyin davam etdiyi, Körfəz ölkələrinin hədəf alındırğı, Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının formalaşdığı bir vaxtda Tehran Ankara ilə münasibətlərdə müsbət elementləri ön plana çıxarmaqda maraqlı ola bilər.

İkincisi, bu açıqlama Türkiyəyə siyasi mesaj xarakteri də daşıya bilər. İran göstərmək istəyir ki, Ankara ilə münasibətlər təkcə rəqabət üzərində qurulmayıb, müəyyən təhlükəsizlik məsələlərində tərəflər arasında ortaq maraqlar mövcuddur. Bu, xüsusilə regionda yeni ittifaqların və balansların formalaşdığı bir dövrdə mühüm əhəmiyyət daşıyır". 

Prosesdə Türkiyənin roluna gəldikdə isə Y. Bağırzadə bildirib ki, Ankara uzun illərdir ki, Şimali İraq və Suriya ərazilərində fəaliyyət göstərən PKK və ona bağlı strukturları əsas təhlükəsizlik təhdidlərindən biri hesab edir: "Türkiyənin sərhədyanı təhlükəsizlik siyasəti çərçivəsində bu qrupların fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş hərbi və diplomatik addımlar atması məlumdur. Bu baxımdan, İranın narahat olduğu bəzi təhlükəsizlik məsələlərində Ankara ilə maraqların üst-üstə düşməsi tamamilə təbiidir. Başqa sözlə desək rəsmi Ankarann bu istiqamətdə fəaliyyəti ilk öncə öz təhlükəsizlik narahatlıqları ilə bağlıdır. 

Bununla yanaşı, İranın bu açıqlaması mühüm bir reallığı da göstərir ki, regiondakı təhlükəsizlik problemləri getdikcə daha çox qarşılıqlı asılı xarakter alır. Tehran və Ankara kimi rəqib regional aktorlar belə müəyyən təhlükələr qarşısında əməkdaşlıq imkanları axtarmağa məcbur qalırlar.

Odur ki, Əraqçinin Türkiyənin rolunu xüsusi vurğulaması həm diplomatik jest, həm də regional mesaj kimi qiymətləndirilə bilər".