Pakistanın paytaxtı İslamabadda ABŞ və İran arasında keçirilən sülh danışıqları 21 saat davam etsə də, nəticəsiz başa çatıb. Danışıqlar Hörmüz boğazında təhlükəsizlik və iqtisadi məsələlər baxımından dünyada böyük maraq doğurub. Prosesi vasitəçi kimi aparan Pakistanın isə bir adı xüsusilə diqqət çəkib: Baş Qərargah rəisi Asim Münir. Bəs onu ön plana çıxaran nədir?
Asim Münirin yüksəlişi və 2022-ci dönüş nöqtəsi
Milliyet.com.tr-nin hazırladığı materiala görə, ABŞ, İsrail və İran arasındakı gərginliyin 41-ci günündə Pakistanın vasitəçiliyi ilə atəşkəs əldə olunmuşdu. Bu prosesdə Asim Münir aktiv rol alıb. “Wall Street Journal”ın məlumatına görə, Münir ABŞ Prezidenti Donald Tramp və onun yaxın çevrəsi ilə münasibətlərindən istifadə edərək diplomatik proseslərdə təsir qazanıb.
Siyasi ekspertlərə görə, Münir ABŞ-Pakistan münasibətlərinin yenidən formalaşmasında və Yaxın Şərq ölkələri ilə əlaqələrin güclənməsində mühüm rol oynayıb. O, Mısır və Türkiyə ilə də koordinasiyanı təmin edib, həmçinin Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edib.
Bir zamanlar zəifləyən ABŞ-Pakistan münasibətləri 11 sentyabr hadisələri və Əl-Qaidə lideri Usamə bin Ladenin Pakistanda öldürülməsi kimi hadisələrlə ciddi gərginlik yaşamışdı. Lakin son illərdə bu münasibətlər yenidən yaxşılaşıb.
ABŞ ordusunun keçmiş Mərkəzi Komandanlıq rəhbəri də Pakistanın ABŞ ilə “çox güclü tərəfdaşlıq” qurduğunu bildirib.
“Trampın ən sevdiyi marşal” ifadəsi
Məlumatlara görə, Asim Münirin ABŞ ilə yaxın əlaqələri 2025-ci ildə Pakistan-Hindistan gərginliyindən sonra daha da güclənib. ABŞ-ın vasitəçiliyi ilə atəşkəs əldə olunub və Tramp onu çıxışlarında “ən sevdiyim marşal” kimi təqdim etməyə başlayıb.
2022-ci ildə dönüş
Münirin karyerasında əsas dönüş nöqtəsi 2022-ci ildə baş verib. O, əvvəllər siyasi baxımdan zəif mövqedə sayılırdı və hətta 2018-ci ildə kəşfiyyat rəhbərliyindən uzaqlaşdırılmışdı. Lakin 2022-ci ilin aprelində İmran Xanın baş nazirliyinin güvənsizlik səsverməsi ilə sona çatmasından sonra siyasi balans dəyişdi və Münir altı ay sonra Pakistan Baş Qərargah rəisi təyin olundu.
Bundan sonra o, regional diplomatiyada daha aktiv rol almağa başladı və ABŞ–İran danışıqlarında vasitəçi kimi ön plana çıxdı.
Danışıqların son raundu isə nəticəsiz qalıb və tərəflər razılığa gələ bilməyib. Hazırkı prosesin necə davam edəcəyi isə hələlik qeyri-müəyyəndir.