Son xəbərlər

TRIPP regionda güc balansını dəyişir: Rusiya və İranı nə gözləyir? - Emre Dinerdən ŞƏRH

  • "Rusiyanın regionda nəqliyyat əlaqələrinin qaydalarını müəyyənləşdirmək imkanları məhdudlaşacaq"
  • "İrəvan artıq Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsini öz iqtisadi gələcəyinin bir hissəsi kimi görür"

Ermənistanın TRIPP layihəsi çərçivəsində Sünik vilayətində hazırlıq işlərinə başlaması Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xəritəsinin dəyişməsi istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Bu proses yalnız Azərbaycanla Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısının qurulması baxımından deyil, Türkiyə, Gürcüstan, İran və Rusiyanın regional maraqları kontekstində də mühüm geosiyasi və iqtisadi əhəmiyyət daşıyır. Layihənin reallaşması Orta Dəhlizin imkanlarını genişləndirməklə yanaşı, regionda tranzit marşrutları və güc balansına da təsir göstərə bilər. Bəs TRIPP-in icrasına başlanılması hansı ölkələrə iqtisadi və siyasi dividendlər qazandıracaq, hansı dövlətlərin mövcud mövqelərinə təsir edəcək?

Xarici siyasət üzrə mütəxəssis, jurnalist Emre Diner Sherg.az-a Ermənistandan yeni Konstitusiya ilə bağlı verilən açıqlamaların və ölkədə TRIPP layihəsi üzrə sahə işlərinə başlanıldığı barədə məlumatları dəyərləndirib:

"Bütün bunlar həm region ölkələri, həm də qlobal miqyasda mühüm hadisələrdir. Baş nazir Nikol Paşinyan noyabrın 23-də TRIPP layihəsi ilə bağlı Sünik vilayətində hazırlıq işlərinə başlanıldığını açıqlayıb. Vilayət qubernatorunun verdiyi məlumata görə, Mehri ətrafında bir neçə ərazidə torpaq hazırlığı işləri aparılır. Əsas tikinti işləri isə növbəti mərhələdə başlayacaq.

Bu addımın siyasi əhəmiyyəti ondan ibarətdir ki, İrəvan artıq Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsini öz iqtisadi gələcəyinin bir hissəsi kimi görür. Bununla bağlı siyasi məsuliyyəti üzərinə götürür.

Bakı üçün ən konkret qazanc Azərbaycanın qərb bölgələrindən yola çıxan yükün Ermənistan ərazisindən keçməklə əvvəlcədən müəyyən edilmiş müddətdə Naxçıvana çatdırılmasının mümkün olmasıdır. İrəvan üçün isə layihənin uğuru eyni marşrutun Ermənistan istehsalçısına hansı bazarlara çıxış imkanı yaradacağından asılıdır".

Analitik qeyd edib ki, iki ölkənin maraqlarının uzlaşa biləcəyi məqam da məhz budur:

"ABŞ-Ermənistan çərçivə sazişi sərhəd və gömrük səlahiyyətlərini Ermənistanın özündə saxlayır.

Buna görə də qarşıdakı dövrdə ən həssas danışıqlar Bakının maneəsiz keçid gözləntiləri ilə İrəvanın suverenlik səlahiyyətlərinin gündəlik tətbiqdə uzlaşdırılması ətrafında aparılacaq.

Məsələn, bir yük maşınının hansı sənədlə keçəcəyi, neçə saat gözləyəcəyi və nə qədər ödəniş edəcəyi siyasi razılaşmanın praktikada işləyib-işləmədiyini göstərəcək.

Türkiyə üçün Mehrinin strateji əhəmiyyəti Naxçıvandan daha geniş coğrafiyanı əhatə edir.

Türkiyə ərazisindəki bağlantılar da tamamlanarsa, Anadoludan yola çıxan yüklər üçün Azərbaycana, oradan isə Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya uzanan əlavə marşrut yarana bilər. Bunun ilk iqtisadi təsirlərini İğdır və Qarsda daşımaçılıq, anbar təsərrüfatı və sərhəd ticarəti sahələrində görə bilərik.

Gürcüstan üçün isə eyni inkişaf yeni rəqabət deməkdir.

Daşıyıcıların Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Naxçıvan marşrutu arasında seçim edə bilməsi tranzit tariflərini və çatdırılma müddətlərini daha da əhəmiyyətli edəcək. Regionda ticarətin həcmi artarsa, hər iki marşrut əlavə yük qazana bilər".

Mütəxəssis İran və Rusiyanın narahatlıqlarını da dilə gətirib: 

"Tehran üçün əsas prioritet Ermənistanla birbaşa quru əlaqəsinin təhlükəsizliyinin təmin olunmasıdır. Ermənistanın sərhəd üzərindəki səlahiyyətlərini qoruması bu baxımdan əhəmiyyətlidir.

Bununla yanaşı, ABŞ-nin İran sərhədinə yaxın yerləşən infrastruktur layihəsində uzunmüddətli tərəfdaş kimi iştirak etməsi Tehranın diqqətlə izləyəcəyi bir inkişafdır.

Moskva baxımından isə əsas dəyişiklik Bakı və İrəvanın Rusiyanın əsas iştirakçı olmadığı bir mexanizm çərçivəsində Vaşinqtonla birlikdə işləyə bilməsidir. Əgər bu əməkdaşlıq nəticə verərsə, Rusiyanın regionda nəqliyyat əlaqələrinin qaydalarını müəyyənləşdirmək imkanları məhdudlaşacaq".