Mədəaltı vəzi xərçəngi səbəbsiz arıqlama, sarılıq və qarın ağrısı kimi əlamətlərlə özünü göstərə bilər. Mütəxəssislər bu şikayətləri olan şəxslərin vaxtında müayinədən keçməsinin vacibliyini vurğulayırlar.
Sherg.az xəbər verir ki, bu barədə qastroenterologiya üzrə mütəxəssis, professor Beytullah Yıldırım “İhlas” Xəbər Agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, xəstəlik bəzi hallarda uzun müddət əlamətsiz inkişaf edir və yalnız metastaz mərhələsində aşkarlanır. Buna görə də səbəbsiz arıqlama, qarın ağrısı və sarılıq müşahidə edilən şəxslər radioloji müayinələrdən keçməlidirlər.
Professor qeyd edib ki, diaqnostika zamanı kompüter tomoqrafiyası və MRT mühüm əhəmiyyət daşıyır. Endoskopik ultrasəs müayinəsi vasitəsilə isə şübhəli törəmələr qiymətləndirilə, zərurət yarandıqda biopsiya götürülə bilər.
Yıldırım əlavə edib ki, düzgün müalicə planının hazırlanması üçün şişin mərhələsinin və cərrahi müdaxiləyə uyğunluğunun müəyyənləşdirilməsi vacibdir.