Türk Ocaqlarından çağırış: Qardaşlığımıza xələl gətirən bəyanatlardan çəkinin!

Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərini pozmağa yönəlmiş cəhdlərə qarşı diqqətli və ayıq-sayıq olmaq lazımdır.

Sherg.az xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən Türk Ocaqları təşkilatı bununla bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, son dövrlərdə bəzi bədniyyətli dairələrin təhrikləri ilə iki ölkə arasındakı münasibətləri pozmağa yönəlmiş cəhdlər müşahidə olunur. Vurğulanıb ki, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr yalnız qarşılıqlı maraqlara əsaslanan münasibətlərdən ibarət deyil, həm də minilliklərə söykənən ortaq tarix və mədəniyyətə dayanır.

Təşkilatın bəyanatında bildirilib ki, “İki dövlət, bir millət” şüarı altında birləşən Türkiyə və Azərbaycan bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə riayət etməklə, möhkəm təməllər üzərində qurulmuş əməkdaşlığı daha yüksək səviyyəyə daşıyacaq.

Türk Ocaqları hər iki ölkənin rəsmilərini, vətəndaş cəmiyyəti təşkilatlarını və media qurumlarını qardaşlıq münasibətlərinə xələl gətirə biləcək bəyanat və əməllərdən çəkinməyə, Türk dünyasının güclənməsi istiqamətində səyləri artırmağa çağırıb.

Bəyanatda Türkiyə-Azərbaycan qardaşlığından narahat olan dairələrin mümkün təxribatlarına qarşı ayıq-sayıq olmağın vacibliyi də vurğulanıb.

Qeyd edək ki, Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeiri iki ölkə arasındakı ortaq milli kimliyi, qardaşlığı və birliyi ifadə edən əsərlərdən biridir.

Bir ananın iki oğlu, Bir amalın iki qolu.

O da ulu, bu da ulu -Azərbaycan-Türkiyə.

Dinimiz bir, dilimiz bir, Ayımız bir, ilimiz bir,

Eşqimiz bir, yolumuz bir - Azərbaycan-Türkiyə.

Bir millətik, iki dövlət, Eyni arzu, eyni niyyət.

Hər ikisi cümhuriyyət - Azərbaycan-Türkiyə.

Birdir bizim hər halımız, Sevincimiz, məlalımız.

Bayraqlarda hilalımız - Azərbaycan-Türkiyə.