“AIREX 2026 daşınmaz əmlak bazarına investorların marağını artıracaq” - AQP rəsmisi

Bakıda keçiriləcək AIREX 2026 beynəlxalq daşınmaz əmlak və tikinti sərgisi Azərbaycanın tikinti, şəhərsalma, qiymətləndirmə və daşınmaz əmlak sektorlarının beynəlxalq əməkdaşlığının genişləndirilməsi baxımından mühüm platformadır. 

Bu fikirləri “Şərq”ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Ayan Qəmbərova bildirib.

Onun sözlərinə görə, AIREX 2026-nın əhəmiyyəti yalnız sərgi iştirakçılarının bir araya gəlməsi ilə məhdudlaşmır:

“Sərgi yerli bazar iştirakçılarını beynəlxalq investorlar, aparıcı developer şirkətləri və sahə ekspertləri ilə bir araya gətirməklə investisiya imkanlarının təşviqinə, peşəkar təcrübə mübadiləsinə və müasir bazar yanaşmalarının tətbiqinə töhfə verəcək. Ölkəmizdə elan edilmiş “Şəhərsalma və Memarlıq İli” kontekstində bu cür beynəlxalq tədbirlərin keçirilməsi müstəsna əhəmiyyət daşıyır. Müasir şəhərsalma həllərinin, dayanıqlı tikinti prinsiplərinin və rəqəmsal texnologiyaların müzakirəsi Azərbaycanın urbanizasiya proseslərinin, infrastruktur inkişafının və daşınmaz əmlak bazarının beynəlxalq təcrübə ilə uzlaşdırılması üçün əlavə imkanlar yaradır.

Belə beynəlxalq platformalar daşınmaz əmlak bazarının inkişafı, investisiya mühitinin gücləndirilməsi və peşəkar xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından əhəmiyyətlidir. Xarici investorların yerli bazara marağının artması əmlak haqqında etibarlı məlumatlara, şəffaf qiymətləndirmə mexanizmlərinə və beynəlxalq standartlara uyğun peşəkar xidmətlərə tələbatı da artırır. Bu baxımdan qiymətləndirmə fəaliyyəti investisiya qərarlarının əsaslandırılmasında, maliyyə risklərinin müəyyənləşdirilməsində və bazar iştirakçıları arasında etimadın formalaşmasında mühüm rol oynayır”.

AQP rəsmisi qeyd edir ki, sərginin diqqət yetirilməli əsas istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma proseslərinin iqtisadi potensialının beynəlxalq auditoriyaya təqdim edilməsidir: “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında reallaşdırılan infrastruktur layihələri, yeni yaşayış məntəqələrinin salınması və şəhərsalma planlarının icrası tikinti, daşınmaz əmlak, xidmət və digər əlaqəli sahələr üçün yeni iqtisadi imkanlar formalaşdırır. Bu ərazilərdə investisiya imkanlarının reallaşdırılması üçün yalnız infrastrukturun yaradılması deyil, mülkiyyətin hüquqi statusunun, iqtisadi dəyərinin və investisiya risklərinin də düzgün müəyyənləşdirilməsi vacibdir. 

Peşəkar qiymətləndirmə bu prosesdə mühüm alətlərdən biridir. O, əmlakın dəyərinin əsaslandırılmasına, investisiya qərarlarının daha etibarlı məlumatlar əsasında qəbul edilməsinə və layihələrin iqtisadi səmərəliliyinin təhlilinə imkan yaradır. Beynəlxalq investorlar üçün şəffaf məlumat mühiti və etibarlı qiymətləndirmə mexanizmləri xüsusi əhəmiyyət daşıyır”.

Sədr müavini vurğulayıb ki, müxtəlif ölkələrdən investorların, developer şirkətlərinin və beynəlxalq ekspertlərin iştirakı yerli bazarın qlobal təcrübəyə çıxışını genişləndirməklə yanaşı, Azərbaycan şirkətləri üçün yeni tərəfdaşlıqların qurulmasına da şərait yaradacaq: “Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Avropa ölkələrinin daşınmaz əmlak bazarlarında tətbiq olunan idarəetmə modelləri, maliyyələşdirmə mexanizmləri və texnoloji həllərlə tanışlıq yerli şirkətlərin rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edə bilər. Daşınmaz əmlak bazarının davamlı inkişafı üçün beynəlxalq əməkdaşlıqla yanaşı, qiymətləndirmə standartlarının təkmilləşdirilməsi, məlumatların əlçatanlığının artırılması və peşəkar fəaliyyətin şəffaflığının gücləndirilməsi də vacibdir. 

Əmlakın dəyərinin obyektiv müəyyənləşdirilməsi alqı-satqı, kreditləşmə, investisiya və maliyyə hesabatlılığı proseslərində daha əsaslandırılmış qərarların qəbuluna kömək edir. Bu baxımdan beynəlxalq qiymətləndirmə təcrübəsinin öyrənilməsi və müvafiq standartların tətbiqi bazarın institusional inkişafını dəstəkləyən amillərdəndir”.

Müsahibimiz “Sea Breeze” və “Bakı Ağ Şəhər” kimi iri şəhərsalma layihələrinin, eləcə də müasir yaşayış və kommersiya məkanlarının inkişafının paytaxtın regional investisiya və daşınmaz əmlak mərkəzi kimi potensialının gücləndirilməsi baxımından əhəmiyyətindən də danışıb: “Bu layihələrin iqtisadi nəticələrinin qiymətləndirilməsi, infrastrukturun dəyərinin müəyyənləşdirilməsi və bazar dinamikasının təhlili şəhərsalma qərarlarının səmərəliliyi üçün mühüm əhəmiyyət kəsb edir. 

Rəqəmsal kadastr sistemləri, coğrafi informasiya texnologiyaları, süni intellekt əsaslı analitik həllər, enerji səmərəliliyi və yaşıl tikinti prinsipləri də daşınmaz əmlak sektorunun gələcək inkişafında mühüm yer tutur. Bu texnologiyaların tətbiqi əmlak məlumatlarının idarə edilməsini təkmilləşdirə, qiymətləndirmə proseslərinin səmərəliliyini artıra və ekoloji dayanıqlılıq meyarlarının nəzərə alınmasına kömək edəcək. Əsas məqsəd daşınmaz əmlak bazarının yalnız həcminin genişlənməsi deyil, onun daha şəffaf, dayanıqlı və beynəlxalq investorlar üçün etibarlı sistem kimi inkişaf etməsidir. 

AIREX 2026 kimi platformalar bu istiqamətdə təcrübə mübadiləsi, yeni tərəfdaşlıqların qurulması və müasir yanaşmaların müzakirəsi üçün əlverişli imkan yaradır. Qiymətləndirmə sahəsinin inkişafı isə əmlakın iqtisadi dəyərinin düzgün müəyyənləşdirilməsi, investisiya risklərinin daha dəqiq təhlili və bazarda etimadın möhkəmləndirilməsi baxımından bu prosesin ayrılmaz hissəsidir”, - deyə Ayan Qəmbərova fikrini yekunlaşdırıb.