Türkiyə Səfirliyində Zəfər Günü münasibətilə tədbir keçirilib

Türkiyə Səfirliyində Türkiyənin Zəfər Günü münasibətilə tədbir keçirilib.

APA xəbər verir ki, tədbir Azərbaycanın və Türkiyənin hökumət nümayəndələri, deputatlar və digər qonaqlar, həmçinin media mənsubları iştirak edib.

Tədbir Azərbaycanın və Türkiyənin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb.

Ardından Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tərəfindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə müraciət mətnini səsləndirib.

Çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Zəfər Gününün Azərbaycanın işğaldan azad olunmuş ərazilərə dönüşün həyata keçirildiyi vaxtda qeyd olunmasını xüsusilə qeyd edib.

Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Qərargah rəisi general-polkovnik Kərim Vəliyev isə ölkələrimiz arasındakı hərbi əlaqələrin inkişaf perspektivindən söz açıb.

"Əminəm ki, iki qardaş ölkənin orduları arasında əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcək.

Müdafiə Nazirliyinin rəhbərliyi adından və şəxsən öz adımdan Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətini Zəfər Bayramı münasibətilə təbrik edir, dövlətçilik və azadlıq uğrunda canlarını fəda etmiş şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla anır, Azərbaycan və Türkiyəyə yeni qələbələr və uğurlar arzulayıram!" – o deyib.

Tədbir bədii hissə ilə davam edib.